Dünyanın ən iri neft-qaz ixracı mərkəzlərindən sayılan Səngəçal terminalının əsas qurğuları yaxın illərdən etibarən elektrik enerjisi hesabına fəaliyyət göstərəcək. Bununla bağlı layihə 2025-ci il iyunun ilk günlərində keçirilən Bakı Enerji Həftəsi çərçivəsində həyata vəsiqə alıb. Ümumilikdə isə, ötən il investorlar Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi ilə bağlı 3 əsas müqavilə imzalayıblar.
Hazırda həmin müqavilələr üzrə iş həcminə daxil olan fəaliyyətlər, o cümlədən mühəndis-layihələndirmə, təchizat, quraşdırma və tikinti işləri təhlükəsiz şəkildə və qrafikə uyğun olaraq davam edir. “bp-Azərbaycan” şirkətinin məlumatına əsasən, 2026-cı ilin birinci rübü ərzində Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi çərçivəsində həm obyektin ərazisində, həm də kənarda aparılan tikinti işləri əhəmiyyətli dərəcədə irəliləyib.
Artıq “AzərEnerji” ASC tərəfindən terminalın ərazisindən kənarda yerləşən yeni yarımstansiyasının tikintisi tamamlanıb, hava xətlərinin quraşdırılması yekunlaşıb. Bununla yanaşı, ilin ötən dövründə terminalın ərazisində də tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilib. Layihənin 2027-ci ildə işə salınması istiqamətində mühüm mərhələ sinxron kondensatorun təchizatıdır ki, bu avadanlığın ilk modulu artıq sahəyə çatdırılıb.
Hazırda əsas tikinti və quraşdırma mərhələsində olan layihə çərçivəsində istismar sınaqlarının isə 2026-cı ilin üçüncü rübündə həyata keçirilməsi nəzərdə tututlur. Ümumilikdə, layihə üzrə tikinti işlərinin iki mərhələdə – 2027-ci ilin ortalarında və 2028-ci ilin sonunadək başa çatdırılacağı nəzərdə tutulur.
Qeyd edək ki, 230 milyon dollar dəyərində olan bu layihə terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün həm terminal ərazisində, həm də kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kilovoltluq elektrik yarımstansiyası inşa edilir. STEL layihəsi Səngəçal terminalının operatoru olan bp şirkəti tərəfindən həyata keçiriləcək və idarə ediləcək.
Yeri gəlmişkən, hazırda terminalın elektrik enerjisinə olan tələbatını ödəmək üçün 7 qaz turbinindən istifadə edilir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq ki, bu da istifadə edilməyən yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan yaradacaq. Ümumilkdə isə, Səngəçal terminalının elektrikləşdirilməsi layihəsini Azərbaycanın karbon emissiyalarının azaldılmasına yönəlik təqdirəlayiq addım kimi də dəyərləndirmək olar. Belə ki, enerji sistemdən veriləcək elektrik enerjisi daha az karbon sərfiyyatlı olduğu üçün terminaldakı neft-qaz əməliyyatlarından yaranan istixana qazları elektrikləşdirilmə nəticəsində azalacaq ki, bu da Xəzər regionunda emissiyaların azaldılmasına gətirib çıxaracaq.
STEL layihəsi Cəbrayıl rayonunda 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, “Şəfəq” stansiyasında istehsal ediləcək təmiz elektrik enerjisi Cəbrayıl rayonunun ərazisində “AzərEnerji” ASC-yə təhvil veriləcək. “AzərEnerji” isə eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, “Şəfəq” və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların, təxminən, 50 faiz azaldılmasına imkan yaradacaq.
2025-cı ilin iyun ayında yekun investisiya qərarı qəbul edildikdən sonra “Şəfəq” layihəsi üzrə biri mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edən, digəri isə modul təchizatı üçün olan 2 əsas müqavilə imzalanıb. Həmin müqavilələr çərçivəsində layihə sahəsində hazırlıq tədbirləri tamamlanaraq tikinti işlərinə start verilib. Bununla yanaşı, modul təchizatı üzrə işlərə də başlanılıb və ilk panellər avqust ayında uğurla əraziyə çatdırılıb.
“bp-Azərbaycan” şirkətindən verilən məlumata əsasən, bu ilin ilk rübündə “Şəfəq” günəş layihəsi üzrə tikinti işləri qrafikə uyğun davam etdirilib. Artıq fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb. Ötən müddətdə payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə də ciddi irəliləyiş əldə olunub. Artıq həmin avadanlıqların, təxminən, 30 faizi quraşdırılıb.
Aprel ayının əvvəlində stansiyanın ərazisində ilk günəş panelinin quraşdırılması ilə layihə növbəti mərhələyə qədəm qoyub. Eyni zamanda, layihə üzrə tikinti işlərində yerli resurslardan daha çox istifadə olunur. Belə ki, hazırda layihəyə, təxminən, 350 nəfər yerli işçi cəlb edilib ki, onların da 123-ü işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir. Artan işçi qüvvəsinin yerləşdirilməsi üçün isə sahədəki mövcud yaşayış blokları genişləndirilir.
“Şəfəq” layihəsi çərçivəsində ətraf mühitin qorunmasına da xüsusi diqqət göstərilir. Tikinti sahəsinin bitki örtüyündən təmizlənməsi işlərinin monitorinqi aparılır və vəhşi heyvanların sahədən təhlükəsiz şəkildə köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqələndirilərək həyata keçirilir. Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır.
Yeri gəlmişkən, Bakıdan 45 kilometr cənubda yerləşən Səngəçal terminalı 28 ildən çoxdur ki, Azərbaycanın neft sənayesinə xidmət göstərir. Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi olan bu terminal dünyanın böyük neft-qaz ixracı mərkəzlərindən biridir. Müasir sənaye şəhərciyini xatırladan Səngəçal terminalında xam neftin qəbulu üçün nəhəng çənlər, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi fəaliyyət göstərir.
Xəzər dənizində quraşdırılmış nəhəng qurğuların, ən müasir texnologiyaların imkanları və fədakar neftçilərin gərgin əməyi sayəsində hasil edilən karbohidrogenlər sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəql olunur. Eyni zamanda, bura fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib. Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, Bakı–Supsa, Bakı–Novorossiysk, Cənubi Qafqaz boru kəməri, Cənub Qaz Dəhlizi, eləcə də SOCAR-a məxsus qaz kəməri də öz başlanğıcını məhz buradan–Səngəçal terminalından götürür.
1997-ci il noyabr ayının 12-də ulu öndər Heydər Əliyevin iştirakı ilə istifadəyə verilən Səngəçal terminalı ilk vaxtlar yalnız “Çıraq” neftini ixrac etmək üçün layihələndirilib. “Azəri” və “Dərinsulu Günəşli” yataqlarının istismara verilməsi ilə başlanan böyük neft hasilatı isə terminalın genişləndirilməsinə zərurət yaradıb. Bu məqsədlə 2002-ci il fevralın 20-də Səngəçal terminalının genişləndirilməsi proqramının icrasına başlanılıb. “Azfen-Tekfen” Azərbaycan–Türkiyə alyansının podratçısı olduğu Səngəçal terminalının genişləndirilməsi proqramı isə 2007-ci ildə tamamlanıb.
Hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün, təqribən, 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik, təxminən, 100 milyon standart kubmetrdir. Ötən il terminaldan BTC vasitəsilə 209 milyon barel neft və kondensat nəql edilib. İl ərzində terminaldan, həmçinin gündəlik orta hesabla, təxminən, 74,4 milyon kubmetr “Şahdəniz” qazı ixrac olunub. Qaz buradan Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi sistemi də daxil olmaqla, əsasən, Cənubi Qafqaz Boru Kəməri və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac edilir.
Mirbağır YAQUBZADƏ
XQ

