Mingəçevirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Şəhər İcra Hakimiyyətinin, Mingəçevir Dövlət Universitetinin və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi: müasir Azərbaycan dövlətçiliyinin strateji təməlləri və gələcəyə baxış” mövzusunda konfrans keçirilib.
Məclisdə giriş nitqi ilə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan danışaraq qeyd edib ki, xalqımızın Ümummilli lideri öz ölkəsini zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə Ulu öndərin zəkasının işığında qədəm qoymuşdur. Ümummilli liderin ölkəmizə rəhbərliyinin hər iki dövrü tarixə yüksəliş dövrü kimi yazılmışdır. Zəfərlər yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Qeyd edilib ki, Heydər Əliyevin müstəqil Azərbaycanın inkişaf etdirilməsi ilə bağlı müəyyən etdiyi təməl prinsiplərinin uğurla gerçəkləşdirilməsi siyasi, iqtisadi, sosial-mədəni sahələrdə və xarici siyasətdə ölkəmizə davamlı uğurlar qazandırıb. Prezident İlham Əliyevin Ulu öndərin yüksəliş yolunu ardıcıl və yaradıcı şəkildə davam etdirməsi Azərbaycanı regionun lider dövlətinə çevirmişdir. Bu uğurun təməlini qoymuş dahi şəxsiyyət Heydər Əliyev hər birimizin qəlbində əbədi yaşayacaq, onun örnək ömür yolu hər zaman öyrəniləcək, xatirəsi əziz tutulacaqdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Heydər Əliyevinin regionlara göstərdiyi diqqətdən, Mingəçevirə müstəsna qayğısından bəhs edib.
Konfransda YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayevin “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır”, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun “Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri”, YAP veteranı Nurcamal Əsgərovanın “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzularında məruzələri dinlənilib.
Məclis bədii hissə ilə davam edib.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri


