Faşizmin Xatından Xocalıya uzanmış qanlı caynağı

post-img

Sovet dövründə “Böyük Vətən müharibəsi” adlanan cahan şavaşından başlayandan 1 il 1 ay əvvəl doğulmuşam. 5 yaşıma həyatın acıları və sonda qələbə sevinci ilə çatmışam. Müharibə və ondan sonrakı çətin həyat bizim nəslin uşaqığını əlimizdən alıb. Biz faşizmə nifrət anlayışı ilə böyümüş, onu bəşəri od-alova çevirənləri daim lənətləmişik.

Çox təəssüf ki, xalqımız 1945-ci ilin 9 May Qələbəsindən 43 il sonra 33 il davam etmiş erməni faşizminin də fəlakətlərini yaşamalı oldu. İndi bizim öz “9 May”ımız – “2020-ci ilin 8 Noyabrı” var. Faşistlərin isə almanına da lənət, ermənisinə də. Alman faşizmi üzərində Qələbənin 81-ci ildönümü günündə bu qəhvəyi bəlanın bir amansız səhifəsi – Xatın faciəsi barədə söz açmaqla insanlığa qarşı amansızlığın bu növünün kökünün birdəfəlik kəsilməsi arzumu ifadə edirəm.

1990-cı il mayın 16-da 50 yaşım tamam olacaqdı. Mayın 12-dən 26-dək “Azərbaycan” turist qatarı ilə, Bakıdan çıxıb, Kiyev, Minsk, Xatın, Brest, Vilnüs, Kaunas, Kalininqrad, Svetloqorsk, Riqa, Yurmala, Tallin, Leninqrad və Rostovda səfərdə oldum. 50 yaşını isə Minskdə, Xatında keçirməli oldum. Saat 11-də Minskə çatdıq. Qatarımız şəhərdən bir az aralıda, bizim üçün ayrılmış Jdanoviçi stansiyasında dayandı. Mən ilk dəfə idi ki, Belarus torpağına ayaq basırdım, onun paytaxtı Minskə gəlmişdim.

Saat ll:35-də bizi gözləyən avtobuslara əyləşib, şəhərlə tanışlığa başladıq. Müharibə nəticəsində alman-faşistləri Minskin mənzil fondunun 74 faizini dağıtmışdılar. Onların hamısı müharibədən sonra yenidən bərpa edilmiş, yeni yaşayış rayonları salınmışdı.

Şəhərlə tanışlığı başa çatdırıb, alman faşistlərinin sakinlərilə birlikdə yandırdıqları kəndə – Xatına yollananda 40 turistdən 37-si avtobusdan düşüb alış-verişə üz tutdu. İçəridə sürücü ilə bələdçi xanım, bir də məndən başqa 2 nəfər qaldı. Fikirləşdim ki, Xatını və xatınlııları diri-diri yandıran faşistlərlə avtobusdan düşüb gedənlərin nə fərqi oldu?

3 nəfər turistdən ötəri bu böyüklükdə avtobusu elə uzaq bir yol – Xatına sürməyəcəkdilər ki. Bizi düşürüb başqa avtobusla yola saldılar. Dünya faciəsinin nümunəsi sayılan Xatına yola düşdük. Bu yol birbaşa Vitebsk şəhərinə gedib çıxırdı. 59 kilometr gedəndən sonra sağa – Xatına burulacaqdıq. Bələdçinin verdiyi kədərli məlumatlara qulaq asa-asa, xəyalən 49 il əvvələ qayıtmışdım... Bu da 59-cu kilometr. Beton dirəyin üzərində, beton “hərflərlə” yazılmış Xatın sözünü oxuyub, onun yanından sağa buruluruq.

Xatına çatıb avtobusdan yerə düşdük. Ömrümdə ilk dəfə idi ki, heç bircə sakini olmayan kənd görürdüm. Kəndin yeri, həyətləri, su quyuları qalırdı, sakinləri yox idi. Bəlkə harasa köçmüşdülər, yerlərini dəyişmişdilər. Hara gedib bu kəndin 149 sakini, hanı onların 26 evi. Yox, onlar heç hara köçməyiblər. 1943-cü il martın 22-də faşistlər bu 26 evi də, bu evlərin 149 sakinini də (149-un 75-i uşaq olub) vəhşicəsinə yandırıblar. Bu da onların yandırıldıqları böyük “soba”...

Ömrümdə ilk dəfə idi ki, quduzlaşmış “insanların” dinc insanlartı diri-diri yandırdıqları sobanı görürdüm... Viran qalmış həyətlərdəki beton sütunlarda yandırılanların “siyahısı” həkk olunmuşdu. Elə ev olub ki, onun bir, eləsinin 4-5, bəzən də ondan da çox sakini olub. Uşaqların yaşları da göstərilib. Onlardan biri: Aleksandr Romanoviç Navitski və Aleksandra Navitskayanın özlərinin və 7 övladının: 15 yaşlı Lenyanın, 13 yaşlı Jenyanın, 11 yaşlı Manyanın, 9 yaşlı Anyanın, 5 yaşlı Kostyanın, 4 yaşlı Antosun və 2 yaşlı Mişanın diri-diri sobaya atılaraq yandırılmasıdır. Bu faciə qurbanlarının ən kiçikləri olan Antos məndən bir yaş böyük, Mişa isə bir yaş kiçik olub. İndi dursaydılar, Antosun 51, Mişanın isə 49 yaşı olacaqdı...

1969-cu il iyulun 5-də, alman-faşistlərinin tamamilə məhv etdikləri Belarus kəndləri əhalisinin xatirəsinə yaradılmış “Xatının harayı”, “Kəndlər qəbiristanı”, “Xatının tüstüləri”, “Xatirə meydanı”, “Yenilməz insan” və sair memarlıq-heykəltəraşlıq nümunələrindən ibarət Xatın memarlıq-heykəltəraşlıq xatirə kompleksinin açılışı oldu. O vaxtdan bəri - 21 il ərzində buranı 26 milyondan çox insan ziyarət edib. Deməli, biz də 27 milyonuncu ziyarətçilərin arasında olmuşuq.

Xatından yadigar olaraq, Minskin “Belarus” nəşriyyatı tərəfindən: belarus, rus, ingilis, fransız, alman və ispan dillərində çap olunmuş “Xatın” kitabçasını aldım. Onun əvvəlində yazmışam: “Bu kitabçanı 16 may 1990-cı ildə 50 yaşım tamam olan günü Xatında olarkən almışam”.

Dünyanın altı dillərində verilmiş Xatın faciəsi haqqında məlumatların hər biri iki səhifədə verilməklə, sonu belə bitir: “Xatında hər kəs olmalıdır. Xatını hər kəs görməlidir. Xatını hər kəs yadında saxlamalıdır!”.

Mən də Xatında oldum, onu gördüm, onu nəinki yadımda saxladım, hətta onun faciəsini yazıb, öz kitablarımda verdim.

“Kitab-albom”dakı fotoşəkillərə baxıram: iki səhifə birlikdə ağcaqayın meşəsi, “xatirə kompleksi”nin bir tərəfində açmış çobanyastığı (“romaşka”) talası, sünbülləri “adamboyu” qalxmağına az qalan, biçinçisini gözləyən taxıl zəmisi, beton sütunun “zirvəsində” qoyulmuş, neçə dəqiqədənsə bir ətürpərdici səs çıxaran “Xatın zəngi”, 47 ildir ki, içərisinə vedrə sallanmayan su quyusu, sağ əlində fotoaparat, sol əlində şlyapasını tutmuş, fikrə getmiş, görkəmindən yapona oxşayan gənc xanım, valideynlərilə birlikdə dayanıb qəmə-qüssəyə batmış 7–8 yaşlarında uşaq və sair şəkillər adama nələr demir...

Gördüyüm bu dəhşət doğuran Xatın faciəsinə oxşar faciələr, insanlığa qənim kəsilmək, bir-birinin ardınca, bizdə – Azərbaycanda da baş verdi. Onlardan birincisi - Xatın faciəsindən 47 il keçəndən sonra 1990-cı il yanvarın 19-dan 20-nә keçən gecə Bakıda, bir çoxu isə Qarabağda törədildi.

20 Yanvar faciəsindən 2 il sonra, 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə ermənilər rus qoşunlarının köməyilə Xocalı əhalisini vəhşicəsinə qırıb, yaralayıb və əsir götürdülər... Südəmər körpədən tutmuş ağsaqqala kimi, qız-gəlindən tutmuş ağbirçək anaya kimi...

Xatın faciəsini bəşəriyyətin düşməninə çevrilmiş alman faşistləri, Azərbaycandakı faciələri isə xalqımıza qənim kəsilmiş ermənilər xaç qardaşlarının təhriki və himayəsi ilə başımıza gətirdilər.

Faşizmin hər rənginə, hər növünə, ən kiçik təzahürünə belə lənət olsun!

Hacı Niftalı ŞIXLAR,
coğrafiya elmləri namizədi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü





Sosial həyat