Dövlət büdcəsinin layihəsi Milli Məclis komitələrinin birgə iclasında müzakirə edilib

post-img

Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsi müzakirə edilib.

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət qu­ruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu il ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib və 2024-cü ilin dövlət büdcəsi Azərbaycanın bütün ərazisini tam ehtiva edən dövlət büdcəsi olacaq. 

Sonra maliyyə naziri Samir Şərifov dövlətimiz qarşısında yeni çağırışların dayandığını və təqdim olunan 2024-cü il üçün dövlət büdcəsi layihəsinin bu ça­ğırışlar və prioritetlər nəzərə alınmaqla hazırlandığını söyləyib. Nazir işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsinin, qüdrətli ordumuzun və ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinin, habelə Azərbaycanın gələcək sosial-iq­tisadi inkişafının mühüm vəzifələr olaraq əsas xərc istiqamətləri kimi nəzərdə tutul­duğunu deyib. 

Qeyd olunub ki, 2024-cü ilin gəlirləri 2023-cü il üçün təsdiq olunmuş gəlirlər proqnozu ilə müqayisədə 283 milyon ma­nat və ya 0,8 faiz, 2022-ci ilin icra göstə­ricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacaq. Gəlirlər bərabər olaraq qeyri-neft sektoru və neft sektoru hesabına təmin olunacaq. 2024-cü ilin dövlət büdcəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzər­də tutulub. 2024-cü il üçün dövlət və icmal büdcələrinin layihəsi ölkəmizin müdafiə­si və milli təhlükəsizliyi, Böyük qayıdışın uğurla həyata keçirilməsi, dövlətimizin hərtərəfli inkişafı və digər prioritet hədəflə­ri üçün maliyyə təminatı yaradacaq.

Müzakirələrdə Hesablama Palatası­nın sədri Vüqar Gülməmmədov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Bey­nəlxalq münasibətlər və parlamentlərara­sı əlaqələr komitəsinin sədri Səməd Se­yidov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İntizam komissiyasının sədri Eldar İbrahimov, İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva büdcə layihəsi ilə bağlı rəy və təkliflərini bildiriblər.

Maliyyə naziri Samir Şərifov deputatla­rın qaldırdıqları məsələlərə aydınlıq gəti­rib, səsləndirdikləri sualları cavablandırıb. Deputatlar “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qa­nun layihəsini birinci oxunuşda Milli Məcli­sin plenar iclasına tövsiyə ediblər.

***

Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında da 2024-cü il dövlət büdcəsi layihəsi müzakirə edilib.

Maliyyə naziri Samir Şərifov bildirib ki, 2024-cü ilin dövlət büdcəsi layihəsi regionda yaranan yeni reallıqlar nəzərə alınmaqla, güclü milli iqtisadi resursla­ra söykənərək, Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı mühüm əhəmiyyətə malik tədbirlərin maliyyələş­dirilməsi üçün zəmin yaradır. Növbəti il və sonrakı 3 il üzrə qeyd olunan çağırış­lar, daxili və xarici mühit faktorları nəzərə alınmaqla, 2024-cü ilin dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat sə­viyyəsində nəzərdə tutulur, xərcləri isə 36 milyard 763 milyon manat həcmində təklif olunur. 

Sonra 2024-cü ilin dövlət büdcəsi la­yihəsi ətrafında müzakirə aparılıb. He­sablama Palatasının sədri Vüqar Gül­məmmədov, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hü­seynova, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa büdcə layihə­sini yüksək qiymətləndirib, bir sıra qeyd və təkliflərini veriblər. Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

XQ

Son xəbərlər