Sumqayıt Kimya Sənaye Parkına 100 milyon manatdan çox investisiya yatırılıb

post-img

Oktyabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında açılışı olan müəssisələr tərəfindən Sənaye Parkına 100 milyon manatdan artıq investisiya yatırılıb, 600-dək iş yeri yaradılıb.

Jurnalistlər bu gün İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafi Agentliyinin (İZİA) təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yeni fəaliyyətə başlayan istehsal müəssisələrində olublar.

Sumqayıt Kimya Sənaye Parkında hazırda 6600-dən çox insan daimi işlə təmin olunub. Bundan əlavə, mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, açılışı olan 3 müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkına ümumilikdə 100 milyon manatdan artıq investisiya yatırılıb, 600-ə yaxın daimi iş yeri yaradılıb.

Bunun iqtisadi cəhətdən ölkə üçün nə kimi əhəmiyyətləri var? Bu kimi sənayə müəssiələrinin açılışı ölkəyə xarici kapitalı artırırmı?

Mövzu ilə bağlı iqtisadi ekspert Rəşad Həsənov XQ-a açıqlama verdi. “Sənayə parklarına cəlb edilən investisiyalar, o cümlədən ötən gün açılışı və təməl qoyulması həyata keçirilən müəssisələr üzrə yatırılan həm yerli, həm xarici investisiya kifayət qədər dəyərlidir. Çünki, bunlar qeyri-resurs təməlli sahələrə aiddir. Məsələn, bu yenə də neft sektorunun üfüqi-şaquli istiqamətdə diversifikasiyasına  hədəflənmiş olsa belə,  ən azından hazır məhsulun ixracı üçün potensial formalaşdırır. Yeni iş yerləri açılır və bu da öz növbəsində iqtisadiyyatın yeni texnologiyaları əsasında formalaşan sənayə müəssisələri tərəfindən  əlavə dəyər yaranma imkanını artırır. 

Nəzərə almaq lazımdır ki, əlavə dəyərin yaradılması potensialı ənənəvi sahələrlə müqayisədə daha yüksək olur və eyni zamanda, rəqabət qabiliyyətli olur. Müvafiq müəssisələrdə istehsal olunan məhsulların ixrac potensialını artırması imkanları genişdir. Görünən ondan ibarətdir  ki, cari  iqtisadi  şəraitdə Azərbaycanın  qeyri-neft iqtisadiyyatının  ixrac potensialını gücləndirmənin yeganə yolu məhz bu kimi xüsusi iqtisadi zonalarda, yəni rəqabətli rəqabətə davamlı  və müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasıdır. 

Bir sözlə, belə müəssisələrin iqtisadi töhvəsi kifayət qədər əhəmiyyətlidir”.   

Kamalə HÜSEYNOVA

İqtisadiyyat