Ərdoğan İsrail-Fələstin münaqişəsini Roma Papası ilə müzakirə edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransisklə telefon danışığı aparıb.Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin məlumatında deyilir. Xəbəri “Anadolu” verib.  

Söhbət zamanı əsasən İsrail-Fələstin münaqişəsi ətrafında vəziyyət müzakirə edilib. Regionda insan haqlarının getdikcə daha ciddi şəkildə pozulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyə lideri qeyd edib ki, İsrailin Qəzzaya qarşı heç bir kitabda əsası olmayan hücumları qırğın səviyyəsinə çatıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin baş verənlərdən xəbərsiz olması bütün bəşəriyyət üçün rüsvayçılıqdır. Baş verən humanitar faciə qarşısında bütün dövlətlər səsini ucaltmalıdır.

Ərdoğan üç monoteist dinin ziyarətgahlarının yerləşdiyi bölgədə davamlı sülhün yalnız 1967-ci il sərhədləri daxilində və paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi baxımdan inteqrasiya olunmuş Fələstin Dövlətinin yaradılmasından sonra mümkün olacağına diqqət çəkib.

Türkiyə prezidenti əlavə edib ki, Ankara Qəzza zolağına humanitar və tibbi yardımın çatdırılması üçün böyük səylər göstərir. O, bütün tərəfləri Fələstin anklavının mülki əhalisinə yardımın fasiləsiz çatdırılması üçün addımları aktiv şəkildə təşviq etməyə çağırıb.

P.ƏMİRCANOV

XQ

Dünya