Son 20 ildə ölkəyə 154 milyard dollar sərmayə cəlb edilib
Azərbaycanda qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və bu sahədə istehsal edilən məhsulların ixrac potensialının gücləndirilməsi üçün qarşıya qoyulan mühüm vəzifələrdən biri xarici investisiyaların artırılmasına nail olmaqdır. Buna görə də son illərdə respublikamızda biznes mühitinin keyfiyyətcə yaxşılaşdırılması və ölkəyə xarici sərmayədarların cəlb edilməsi diqqət mərkəzində saxlanılır.
Bu strateji istiqamətin önəmi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və bir sıra dövlət proqramlarında vurğulanır, biznes fəaliyyətinin beynəlxalq normalar əsasında formalaşması, habelə özəl sektorun inkişaf tempinin yüksəldilməsi məqsədilə yeni stimulların tətbiqi, iqtisadi islahatların davam etdirilməsinin zəruriliyi göstərilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun bir neçə gün bundan əvvəl mətbuata bildirdiyinə görə, hazırda ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması üçün müxtəlif layihələr həyata keçirilir, xarici investorların “bir pəncərə” prinsipindən yararlanmasına ciddi diqqət yetirilir, onlara müxtəlif istiqamətlərdə dəstək verilir. Birbaşa xarici investisiyaların təşviqi məqsədilə hazırlanan strategiyanın isə yaxın vaxtlarda təsdiqi gözlənilir.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, dövlət başçısı İlham Əliyev prezidentlik fəaliyyətinə başladığı ilk vaxtlardan etibarən xarici investisiyanın ölkəyə cəlbini sürətləndirmək üçün qanunvericiliyin müasirləşdirilməsi, yeni rəqəmsal həllərin tətbiqi önə çəkilib.
Azərbaycanda investisiya cəlbediciliyinin güclənməsinə təsir göstərən əsas amillərdən biri də mövcud sahədə qanunverici–institusional tədbirlərin həyata keçirilməsidir. Bu baxımdan 1995-ci il 13 yanvar tarixli “İnvestisiya fəaliyyəti haqqında” Qanun böyük əhəmiyyətə malikdir. Bu sənəd investisiyaların ölkə iqtisadiyyatına cəlbini stimullaşdırmaqla yanaşı, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. Bununla bərabər, “Xarici investisiyaların qorunması haqqında” Qanun da ölkədə sərmayədarların hüquq və mənafelərinin qorunması, yerli və xarici iş adamlarına bərabər əlverişli iş şəraitinin yaradılması ilə bağlı məsələləri tənzimləyir.
Prezident İlham Əliyevin 2006-cı il 30 mart tarixli sərəncamı ilə yaradılan Azərbaycan İnvestisiya Şirkəti də investisiya qoyuluşlarının təşviqi və qeyri–neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin icrasını uğurla davam etdirir. Qurum investisiya şirkətlərinin və portfel investorların layihələrinin müştərək maliyyələşdirilməsi, qeyri–neft sektorunda fəaliyyət göstərmək məqsədilə iri beynəlxalq təşkilatların ölkəyə cəlb olunması, yerli şirkətlərin beynəlxalq kapital bazarlarında iştirakının gerçəkləşdirilməsi, iri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması və digər istiqamətlərdə mühüm layihələr reallaşdırır.
Bu və digər tədbirlərin nəticəsində 2003-2022-ci illərdə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 310,4 milyard dollara yüksəlib, həmin göstəricinin, təxminən, yarısı–154,1 milyard dolları isə xarici investisiyalar olub.
Qeyd edək ki, bu gün ölkə iqtisadiyyatına sərmayə qoyuluşunda dinamik artım nəzərə çarpır. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar–sentyabr aylarında əsas kapitala 12 milyard manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz çox vəsait yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 18,1 faiz, qeyri–neft–qaz sektoruna investisiyalar isə 23,2 faiz artıb. Bu ilin ilk yarısında xaricdən cəlb olunan investisiyaların ümumi məbləği isə 3 milyard dollar, xaricə yatırılan sərmayələrin həcmi isə 0,6 milyard dollar olub. Ölkə iqtisadiyyatı qoyulan birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 75,9 faiz təşkil edib. 2023-cü ilin yanvar-avqust aylarında xarici ölkələr və beynəlxalq təşkilatların əsas kapitala yönəltdikləri vəsaitin 2 milyard 285 milyon manatı (90,4 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Yaponiya, Rusiya, İsveçrə və Norveç sərmayədarlarına məxsus olub.
Burada bir cəhəti də qeyd edək ki, son vaxtlar respublikada xarici investorlar tərəfindən bərpaolunan enerji mənbələrinə daha çox maraq göstərilir və xarici şirkətlərin kapitalının bu sahəyə cəlbi istiqamətində mühüm uğurlar əldə edilir. Fars körfəzi ölkələri, eləcə də Böyük Britaniya sərmayədarlarının “yaşıl enerji” layihələrinin icrasında fəaliyyəti bu baxımdan xüsusilə diqqət çəkir. Belə ki, həmin investorlar tərəfindən yaxın gələcəkdə respublikada günəş və külək stansiyalarının tikintisinə, sənaye, aqrar-sənaye kompleksi və İT sənayesi sahələrinə böyük məbləğdə birbaşa investisiya qoyulacağı gözlənilir.
Mütəxəssislərin fikrincə, dünyanın aparıcı şirkətlərinin Azərbaycan iqtisadiyyatının kapitallaşmasında iştirakı son dərəcə vacib məqamdır, çünki bu, maliyyə resursları ilə yanaşı, rəqabətqabiliyyətli və xaricdə tələbat olan məhsulların yerli istehsalına yeni texnologiyaların cəlbini şərtləndirir.
Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru
İnvestisiya qoyuluşunun davamlı olmasını şərtləndirən məqamlar sırasında deyərdim ki, ölkəmizdə yaradılan sabitlik, milli həmrəylik kimi amillər önəmli rol oynayır. Xarici sərmayədarların respublikamıza genişhəcmli investisiya qoymaq marağı da daha çox bundan irəli gəlir.
Azərbaycanda iqtisadi artımın getdikcə yüksəlməsi, qeyri-neft sektorunda nəzərə çarpan müsbət tendensiyalar, eləcə də biznesin davamlı olaraq şəffaflaşması da investisiya qoyuluşuna ciddi töhfə verir. Bu məsələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşması əsaslı rol oynayır. Yeri gəlmişkən, bu gün əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımlar da xüsusi diqqət çəkir.
İqtisadiyyata investisiya qoyuluşundan bəhs edərkən, bir məqama da toxunmaq istərdim. Son illər ölkədə sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına təkan vermək məqsədilə yaradılan sənaye zonalarına investorlar tərəfindən böyük maraq göstərilir. 2023-cü ildə qeydiyyata alınmış rezidentlər tərəfindən bu sahəyə, ümumilikdə, 250 milyon manatdan artıq investisiyanın yatırılması bu fikrin bariz ifadəsidir.
Xatırladım ki, indiyədək sənaye zonalarında 10 milyard manatdan çox məhsul istehsal edilib ki, bunun 3 milyard manatdan çox hissəsi ixrac olunub. İxrac “Made In Azerbaijan” brendi adı ilə 60-a yaxın ölkəyə məhsul göndərilib. Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında da indiyə qədər investisiya kapitalı 200 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektlərində 2 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulub.
Prezident İlham Əliyevin oktyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirakı zamanı burada həyata keçirilən layihələrə xarici investorlar tərəfindən böyük maraq göstərildiyi diqqət çəkib.
Azərbaycanda yaradılan ilk, Cənubi Qafqazda isə ən böyük müəssisə olan və 583,5 hektar ərazini əhatə edən Sumqayıt Kimya Sənaye Parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsullar istehsal olunur. Parkda ümumi investisiyaların həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyekti–rezident fəaliyyət göstərir.
Vaqif BAYRAMOV
XQ