“STAR” emal gücünü 13 milyon tona çatdıracaq

post-img

SOCAR-ın bu müəssisəsi Türkiyədə neft məhsullarının 25 faizini istehsal edir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki investisiya müəssisəsi olan “STAR” Neft Emalı Zavodunun (NEZ) illik istehsal gücünü 2024-cü ildə 13 milyon tona çatdırmağı planlaşdırır.

Bununla bağlı SOCAR-ın Türkiyədə­ki neft emalı və neft-kimyası bölməsinin rəhbəri, “Petkim Petrokimya Holdinq”in baş direktoru vəzifəsini icra edən Kənan Mirzəyev bildirib ki, yarandığı gündən “STAR” NEZ müəssisəsinin dizaynında optimallaşdırma imkanlarından istifadə et­məklə aşağı investisiya ilə əhəmiyyətli güc artımına nail olunub. Bununla da zavodun gücü 10 milyon tondan 12 milyon tona çat­dırılıb. Nəticədə həm “Petkim”in, həm də “STAR” NEZ-in mövcud bazar şərtlərinə və gözlənilən qlobal tendensiyalara uyğun perspektiv potensialı gücləndirilib. 

Bildirilib ki, adları çəkilən müəssisələ­rin perspektiv potensialı qlobal iqtisadi və siyasi dinamikadan asılı olaraq dəyişə bilər. Lakin buna baxmayaraq bu şirkətlər öz uğurlu göstəricilərini qoruyub saxlayır və böyüməyə davam edir. Bu fikrin təsdiqi olaraq bildirək ki, Türkiyənin emal olunan neft məhsulları istehsalının, təxminən, 25 faizini təşkil edən və 19,5 faiz daxili bazar payında sahiblik statusu daşıyan “STAR”ın 2022-ci il fəaliyyəti bu gün ren­tabelli göstəricilərlə xatırlanır. Bu dina­mika cari ildə də davam edir. Xüsusilə, “Brent” və regiondakı digər neft markaları arasındakı qiymət fərqi müəssisəyə xam­mal baxımından müsbət təsir göstərir və bu, perspektivdə müsbət nəticələr əldə etmək əminliyi yaradır. 

Lakin o da vurğulanır ki, hazırda dün­ya bazarlarında tələbin durğunluğu və əksər neft-kimya məhsullarına təklifin həddən artıq çox olması cari ilin birinci yarısında “Petkim”in fəaliyyətinin zəif­ləməsinə səbəb olub. Hazırda isə qiymət­lərin yüksəlməsinin nafta və “Petkim”in digər məhsullarının bahalaşmasına sə­bəb olduğu üçün şirkətin kapital gəlirləri optimallaşdırma strategiysı baxımından daha müsbət nəticələrin əldə edilməsini şərtləndirib. 

“SOCAR Türkiye” 2024-cü ildə “STAR” NEZ-in fəaliyyətini təmir işləri aparmaq üçün dayandırmağı planlaşdı­rır. Eyni zamanda, müəssisədə bundan sonra texniki qulluq məqsədilə mü­vəqqəti fasilə yaradılmasının dövriliyini dörd ildən beş ilədək artırmaq nəzərdə tutulur. Belə qərarın isə zavoda 40 mil­yon dollaradək qənaət etməyə imkan verəcəyi proqnozlaşdırılır. 

Qeyd edək ki, Türkiyədə özəl sektor tərəfindən yatırılan ən böyük investisiya layihəsi olan “STAR” NEZ qardaş ölkə­nin qərbində, İzmir şəhərinin yaxınlığın­da yerləşən Əliağa liman bölgəsində 2018-ci il oktyabrın 19-da istifadəyə ve­rilib və “Azeri Light”, “Kərkük” və digər neft növlərinin emalı üçün nəzərdə tutu­lub. Başqa sözlə, zavodun qurulmasında əsas məqsəd “Petkim” neft-kimya komp­leksinin nafta ehtiyacının aradan qaldırıl­ması və Türkiyənin idxaldan asılı olduğu digər məhsulların istehsalını gerçəkləş­dirmək olub.

2014-cü ilin iyun ayında NEZ-in səhmdarları, aralarında kommersiya bankları və kredit agentliklərinin də ol­duğu 23 maliyyə qurumu ilə layihənin maliyyələşdirilməsinə dair kredit sazişlə­ri imzalanıb. Bu, Türkiyənin real sektoru tarixinin ən böyük və ən uzunmüddətli maliyyələşdirmə sazişi kimi qeydə alınıb. İnvestisiya dəyəri 6,3 milyard dollar olan layihənin 3,3 milyard dollarlıq hissəsi kreditlər, qalan hissəsi isə kapital qoyu­luşu və daxili mənbələr hesabına maliy­yələşdirilib. Layihə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən “İlin ən uğurlu layihə maliyyələşməsi”, “Ən uğurlu ixrac maliy­yələşməsi” kimi bir sıra mükafatlara layiq görülüb.

Türkyənin ilk Strateji İnvestisiyala­rın Təşviqi Sənədinə sahib olan “STAR” NEZ-in mühəndislik, satınalma və inşaat işlərini “Tecnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium həyata keçirib. İnşaat işlə­rinin pik mərhələsində layihənin icrası­na 14 ölkədən 19 min 500 nəfər işçi, o cümlədən, təqribən 3 min mühəndis cəlb olunub. 2018-ci il avqustun 3-də “STAR” NEZ-ə “Abşeron” tankeri ilə 80 min ton “Azeri Light” markalı ilk xam neft göndə­rilib. 

“SOCAR Türkiye” qardaş ölkədə kommersiya fəaliyyətinə 2008-ci ildə “Petkim”in səhmlərinin 51 faizini satın aldıqdan sonra başlayıb. Tərkibinə öz sinfində ən yaxşı şirkətlər olan “Petkim”, “TANAP”, “STAR Refinery”, “SOCAR Terminal”, “Petkim RES” (külək elektrik stansiyası), “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “SOCAR Enerji Ticaret”, “Mil­lenicom”, “SOCAR Ticaret” və “SOCAR Depolama” daxildir.

Sonda bildirək ki, “STAR” Neft Emalı Zavodu Türkiyə iqtisadiyyatının sabitləş­dirilməsində önəmli rol oynayır. Müəs­sisədə il ərzində 5 milyon ton dizel yana­cağı istehsal olunur. Bu da qardaş ölkənin xaricdən idxal etdiyi eyni növ məhsulun 40 faiz, mayeləşdirilmiş qazın isə 70 faiz aşağı düşməsinə gətirib çıxarırmaqla Türkiyə iqtisadiyyatının dinamizmini güc­ləndirir. Bütövlükdə isə bu nəhəng layihə iki qardaş ölkənin iqtisatiyyatının qarşılıq­lı inteqrasiya etməsi və inkişafı üçün ciddi fundamental əsas yaradır. 

XQ

İqtisadiyyat