Lavrovun “real delimitasiya” məntiqi

post-img

Rusiyanın baş diplomatı Ermənistana hansı mesajı göndərdi?

Tehranda Cənubi Qafqaz üzrə “3+3” formatı çərçivəsində Azərbaycanın, Türkiyənin, Rusiyanın, İranın və Ermənistanın xarici işlər nazirlərinin görüşü başa çatdı. Əlbəttə, gözləmək mümkün idi ki, Ermənistan bu formatda iştirak etməyəcək. Üzünü tamamilə Qərbə çevirmiş bu ölkənin aktiv fazada Azərbaycan və Rusiya ilə, nisbətən passiv fazada isə Türkiyə ilə gərginliyi var.

Rəsmi İrəvan görüşdə təmsil olun­du. Ancaq toplantı ilə bağlı yayılmış gö­rüntülərdən sezilən əhval-ruhiyyə onu deməyə əsas verdi ki, bu təmsilçilik heç də məmnuniyyət doğurmur. Sanki Ermə­nistanın xarici işlər naziri Ararat Mirzoyan Tehrana digər həmkarlarının nə danışdı­ğını, nə düşündüklərini öyrənmək üçün yollanmışdı...

Rusiyanın Xarici işlər naziri Seygey Lavrov nə qədər desə ki, “3+3” formatı Azərbaycanla Ermənistan arasındakı və­ziyyətin müzakirəsinin aparıldığı platfor­ma deyil, bu müstəvinin 44 günlük mü­haribənin doğurduğu reallığın bir qütbü olduğunu danmaq mümkünsüzdür. Mü­haribədən sonrakı Cənubi Qafqaz düzəni isə bir o qədər hamar deyil və bu nahar­marlığın başlıca səbəbi İrəvan və onun xaricdəki havadarlarıdır. 

Doğrudur, S.Lavrov keçirdiyi mətbu­at konfransında “3+3” formatının Azər­baycanla Ermənistan arasında pozitiv tendensiyaların yaranmasına kömək baxımından əhəmiyyətindən söz açmağı da unutmadı. Rusiyanın XİN rəhbərinin mövcud xüsusda üzərində dayandığı iki məqam var idi. Birincisi, o vurğuladı ki, Qarabağ münaqişəsi artıq bitib. Bunu son zamanlar ölkənin rəsmiləri, siyasi çevrələrinin təmsilçiləri, ən əsası isə Pre­zident Vladimir Putin dəfələrlə dilə gəti­rib. İkinci ən vacib məqam isə Rusiyanın Bakı-İrəvan normallaşmasına verəcə­yi töhfə ilə bağlıdır. Mövzuya toxunan Kremlin baş diplomı Azərbaycanla Ermə­nistan arasında sərhədlərin delimitasiya­sı məsələsindən söz açıb. 

İlk baxışdan Lavrovun söylədiklərində heç bir təəccüblü şey yoxdur. Yəni, tərəf­lər arasında münaqişə bitibsə, deməli, növbədə dayanan həlli vacib məsələ sərhədlərin dəqiqləşdirilməsi olmalıdır. Bəs, bu zaman nəyə istinad edilməlidir? Əlbəttə ki, xəritələrə. Xəritələr harada­dır? Lavrov deyir ki, onlardadır, yəni Ru­siyada. Görünür, məhz buna görə də XİN rəhbəri Bakı – İrəvan münasibətlərinin tənzimləməsi üzrə növbəti təmaslarda ölkəsinin yerini müəyyənləşdirməkdədir. 

Ancaq Lavrov reallığı görür. Görür ki, Ermənistan Rusiyanı danışıqlar pro­sesindən uzaq tutmağa çalışır və xəritə məsələsini sırf ona görə qabardır və de­yir: “Biz bundan (xəritənin Rusiyada ol­masından – red.) böyük problem düzəlt­mək istəmirik. Əgər arzu edirlərsə, qoy onlar (Azərbaycanla Ermənistan – red.) xoşbəxtliyi Brüsseldə də axtarsınlar. An­caq biz real delimitasiyaya real kömək göstərməyə həmişə hazırıq”. 

Göründüyü kimi, Rusiyanın baş diplo­matı artıq problem yaratdı. Əvvəla, Lav­rovun atmacalı danışdığı göz önündədir. Hər halda, “xoşbəxtlik” ifadəsinin siyasi terminalogiya ilə qətiyyən uzlaşmadığı aşkardır. Azərbaycan üçün sülh prose­sinin hansı müstəvidə müzakirəyə çıxa­rıldığı qətiyyən maraqlı deyil. Əsas odur ki, onu təmin edən nəticə əldə olunsun. Əslində, Ermənistan rəsmiləri də ölkələri üçün sülh məkanının hansısa əhəmiyyət daşımadığını bildiriblər. Ancaq məlumdur ki, onların söylədikləri səmimiyyətdən uzaqdır. İndiki halda isə tam uzaqdır. 

***

Yuxarıda da bildirdiyimiz kimi, Rusiya Qarabağ münaqişəsinin sona çatdığını vurğulayır və bunu söyləmək üçün əsası var – Ermənistan Qarabağ da daxil ol­maqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Yəni, Moskva məsələyə mövcud kontekstdən yanaşmanı irəli sürür. Bu yanaşma isə Ermənistanın Qərb müstə­visinə daşıdığı məntiqdən uzaqdır. 

Məlum olduğu kimi, rəsmi İrəvan ölkəmizin Qarabağ üzərindəki suveren hüquqlarını qəbul etdiyini bildirsə də, hərəkətləri ilə bölgəyə dair avantüranı daşımaq əzmini ortaya qoymaqdadır. Qarabağ ermənilərinin qayıdışı üçün təh­lükəsizlik və hüquqlar məsələsinin ortaya atıldığı, mövcud xüsusda əraziyə təmi­natçı qismində BMT sülhməramlılarının yeridilməsinin təklifi kimi oyunların oyna­nıldığı faktdır. Nəzərə alsaq ki, hazırda Kreml durumu qəti qiymətləndirir və Qa­rabağla bağlı İrəvana hansısa şans tanı­mır, Ermənistan üçün məqbul olan yalnız Qərb platformasıdır. 

Bütün bunlara görədir ki, Lavrov, belə demək mümkünsə, xəritə məntiqini əsas sayır. Bəs, görəsən Rusiya XİN rəhbə­rinin nəzərdə tutduğu xəritələr Azərbay­canda və Ermənistanda yoxdurmu? Çox güman ki, var. Ancaq indiki halda söhbət Rusiyadan gedirsə, ölkədə 1918-ci ilin xəritələri də var, Azərbaycanın və Ermə­nistanın SSRİ-nin yeni yarandığı dövr­dəki xəritələri də. Və o xəritələrə diqqət yetirəndə məlum olur ki, Ermənistan adlı heç nə yoxdur. Ola bilər, Lavrovun demək istədiyi elə bu idi. Axı, İrəvanın Cənubi Qafqazla bağlı avantürist niyyətlərindən xəbərdardır. Onun Qərbə arxalanaraq hansı oyunlar çevirdiyinin fərqindədir. 

***

Hazırda Rusiyanı narahat edən Er­mənistanın Azərbaycana qarşı antipati­yası və mövcud xüsusda həyata keçir­məyə cəhd göstərdikləri yox, İrəvanın Bakıya münasibətdə tutduğu barışmazlıq xəttinin Qərb qiyafəsinə bürünməsidir. Əslində, baş nazir Nikol Paşinyan admi­nistrasiyasının götürdüyü kurs “3+3” for­matına da ziddir. Çünki bu formatda təm­sil olunan Türkiyə və İran kimi regional güclər Rusiyaya həm hörmətlə yanaşır­lar, həm də onu bölgədə bərabərhüquqlu əməkdaşlıq tərəfi qismində qəbul edir­lər. Əl boyda Ermənistan isə məsələni düşünmür, heç düşünmək belə istəmir. Nəinki istəmir, üstəlik, Azərbaycana qarşı barışmazlıq trayektoriyasına Kremlə əks mövqe məntiqini də yükləyir. Rusiyada durumu məhz bu cür qiymətləndirənlər çoxdur. Onlar yaxşı anlayırlar ki, İrəvan Moskvanı bölgədən tamamilə sıxışdır­maq istəyənlərin tərəfindədir. 

Bəli, N.Paşinyan və komandasının üzvləri Qərblə Rusiya arasında balansı gözləmir, danışanda da Ermənistanın müstəqilliyindən, suverenliyindən, döv­lətçiliyindən dəm vururlar. Hansı döv­lətçilikdən danışırlar? Lavrovun xəritə məntiqinin arxasında bu suala cavab gizlənməkdədir. Rusiyanın XİN rəhbəri gerçək xəritələrdə olmayan Ermənistanın necə yarandığını, sonradan ona hansı ərazilərin peşkəş edildiyini bilir və görü­nür, “real delimitasiya” fikrini məhz ona görə gündəmə gətirir.

***

O da məlumdur ki, Ermənistan deli­mitasiya dedikdə SSRİ Baş Qərərgahının 1975-ci il xəritəsi üzərində dayanır. Sual olunur: Birincisi, nəyə görə məhz 1975-ci ilin xəritəsi? İkincisi, nə üçün SSRİ Baş Qərargahının xəritəsi? Heç şübhəsiz, burada da bir manipulyativ məqam var. Məhz sözgedən xəritədə Ermənistan in­diki kimi göstərilib. O zaman başqa sual da meydana çıxır: Nə üçün İrəvan otuz ildən artıq bir müddətdə həmin xəritəni nəzərə almamış, Azərbaycanın torpaqla­rını işğalda saxlamışdı? Digər tərəfdən, hazırda istər Ermənistan, istərsə də Qərb Alma-Ata Bəyannaməsini əsas tutur. Görəsən, nə üçün illər ərzində bu Bəyan­namənin keçmiş SSRİ respublikalarının bir-birinin müstəilliklərini tanıdığı məntiqi üzərinə köklənilmirdi? Paşinyan deyə bilməz ki, əvvəl baş verənlərin ona dəxli yoxdur. Var, özü də çox yaxşı var. Bəs, yaxşı indi Alma-Ata Bəyannaməsinə isti­nad nə üçündür? İlk baxışdan düşünülə bilər ki, bu sənədin sərhəd məntiqində 1975-ci ilin xəritəsi ilə uyğunluq mövcud­dur. 

Ancaq maraqlı məqam var. O da bun­dan ibarətdir ki, Alma-Ata Bəyannamə­sinə əsasən Azərbaycanın müstəqilliyini tanıdığını bəyan edən Ermənistan Qa­rabağdakı separatçı rejimin həmin sənə­din imzalanmasınadək artıq yarandığını nəzərə alır. Çox güman, “qanun geriyə işləmir” prinsipinə söykənir və buna görə Alma-Ata Bəyannaməsini Qarabağ er­mənilərinin hüquq və təhlükəsizliyinin müdafiəsi baxımından maneçilik kimi görmür. Ən əsası isə məsələni Azərbay­canla danışıqlar predmetinə çevirməkdə israrlı görünür. Yəni, reallığı qəbul etmir.

Reallıq isə budur ki, artıq Azərbaycan­la Ermənistan arasında ölkəmizə məxsus anklavların qaytarılmasından başqa mü­zakirə olunmalı yalnız bir məsələ var ki, o da Lavrovun bildirdiyi kimi, sərhədlərin konkretləşdirilməsidir. Yəni sülh danışığı məhz mövcud xüsusda getməlidir. Er­mənistan məsələnin bu cür qoyuluşunu qəbul etməyincə, Azərbaycana və Azər­baycan üzərindən Rusiyaya, bəzən isə əksinə Rusiya üzərindən Azərbaycana zidd mövqe nümayiş etdirdikcə, vəziy­yət gərginlik məcrasından çıxmayacaq. Lavrov isə dolayısıyla bildirir ki, Cənubi Qafqazda durumu ağırlaşdıraraq Rusiya­nı bu platformadan uzaq tutmaq istəkləri reallığın sərt sifəti ilə üzləşəcək. XİN rəh­bəri diplomatikliyini qoruyaraq, məsələni “real delimitasiya” adlandırır. İndi nəticə çıxarmaq növbəsi İrəvandadır. 

 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət