Bakının sülh və sabitlik strategiyası

post-img

Azərbaycanın müdafiə doktrinası gücə deyil, humanist dəyərlərə əsaslanır

XXI əsrin ikinci onilliyinin sonu dünyada “soyuq sülh” dövrünü xatırladır. Rəqəmlər göstərir ki, iqtisadi artımın mənbəyi kimi silah sənayesi yenidən legitimləşir. Qlobal sistem “təhlükəsizlik istehsalı”nı gəlir modelinə çevirib, bu isə beynəlxalq münasibətləri sıfır nəticəli oyuna sürükləyir.

Əslində, problem təkcə hərbi büdcələrin həcmi deyil, təhlükəsizliyin konseptual təhrifidir. Güc balansına əsaslanan düşüncə insan mərkəzli təhlükəsizlik anlayışını sıxışdırır. Qlobal sistemdə dövlətlər dialoqun institusional mexanizmlərini zəiflədərək özlərini müdafiə etməyə çalışırlar.

Azərbaycanın sülh strategiyası hərbi güc balansına söykənən köhnə təhlükəsizlik anlayışının əksi kimi, beynəlxalq münasibətlərdə yeni fəlsəfi xətt formalaşdırır. Bu kurs qlobal miqyasda təhlükəsizliyin konseptual əsaslarını yenidən düşünməyi tələb edir. Azərbaycanın son illər yürütdüyü siyasət qarşılıqlı etimadın və diplomatik davranışın təhlükəsizlik müstəvisi yarada biləcəyini göstərir. Əslində, Bakı üçün sülh anlayışı müxtəlif maraqların uzlaşdırıldığı, qarşılıqlı asılılığın sülhün əsas şərtinə çevrildiyi siyasi mühitin yaradılması kimi dərk olunur.

İlham Əliyevin “ədalətli beynəlxalq nizam” ideyası bu doktrinanın intellektual təməlini təşkil edir. Burada söhbət real güc münasibətlərinin ədalətli paylanmasından, beynəlxalq qərarvermə mexanizmlərinin daha inklüziv olmasından gedir. Azərbaycanın diplomatik fəallığı – Qoşulmama Hərəkatına sədrlik, BMT tribunasından səslənən islahat çağırışları və regionda yeni dialoq modellərinin təşəbbüskarı kimi çıxış etməsi – onun təhlükəsizliyə yanaşmasının mahiyyətini açır: Bakı güc nümayiş etdirmir, gücün məntiqini dəyişməyə çalışır.

Postmünaqişə dövründə formalaşan bu yanaşma Azərbaycan diplomatiyasında yeni mərhələ açdı. Müharibədən sonra qazanılan hərbi üstünlük revanşist ritorikaya çevrilmədən sülh diplomatiyasına təkan verdi. Məhz bu amil geosiyasi praqmatizmlə normativ siyasətin sintezidir. Yəni Azərbaycan sülhü həm milli təhlükəsizliyin davamlılığı, həm də regional sabitliyin strateji infrastruktur elementi kimi görür. Burada “qələbədənsonra diplomatiya” ideyası münaqişə sonrası siyasi modelin reallığa çevrilməsi deməkdir. Bakı bu model vasitəsilə göstərdi ki, sülh yalnız psixoloji və iqtisadi qarşılıqlı etimadın bərpası ilə mümkündür.

Azərbaycanın enerji siyasəti də bu doktrinanın ayrılmaz hissəsidir. Əgər bir çox dövlətlər enerji potensialını geosiyasi təzyiq aləti kimi istifadə edirsə, Bakı onu sabitlik təminatına çevirib. Cənub Qaz Dəhlizi kimi layihələr, əslində, enerji diplomatiyasının sülh diplomatiyasına transformasiyasıdır. Azərbaycan bu yanaşma ilə sübut edir ki, resurslar sabitliyi stimullaşdırmaq üçün istifadə oluna bilər. Beləliklə, Azərbaycanın Sülh Doktrinası regional güc siyasətinin klassik modellərini təkzib edir. Bakı silahlanma yarışının iştirakçısı deyil, onun mənəvi və siyasi alternatividir. Rəsmi Bakının yanaşması postmilitarist düşüncəyə əsaslanan yeni liderlik arxitekturasıdır.

* * *

BMT-nin son hesabatında səslənən “sərhədləri deyil, insanı qoruyan təhlükəsizlik” çağırışı, əslində, Azərbaycanın beynəlxalq münasibətlərdə son illər formalaşdırdığı siyasi fəlsəfənin məğzi ilə səsləşir. Azərbaycan diplomatiyası artıq uzun müddətdir ki, təhlükəsizlik anlayışını insan rifahı, qarşılıqlı asılılıq və inklüziv inkişaf kontekstində şərh edir. Bakı modeli, mahiyyət etibarilə, BMT-nin “insan təhlükəsizliyi” ideyasının regional praktik təcəssümüdür. Azərbaycan üçün sülh ədalətli, qarşılıqlı maraqlara əsaslanan beynəlxalq sistemin qurulması prosesidir.

İlham Əliyevin çoxqütblü dünya reallığında ədalətli təmsilçilik və yeni diplomatik arxitektura barədə irəli sürdüyü ideyalar bu modelin siyasi konturlarını müəyyənləşdirir. O, faktiki olaraq qlobal sistemdəki asimmetriyaları – qərarvermədəki qeyri-bərabərliyi, böyük güclərin hegemon davranışını və BMT Təhlükəsizlik Şurasının struktur ədalətsizliyini – açıq şəkildə gündəmə gətirərək, sülhün ədalətsizlik üzərində qurula bilməyəcəyini göstərir. Azərbaycanın mövqeyi burada konstruktiv xarakter daşıyır: o, beynəlxalq sistemi balanslı təmsilçiliyə və yeni nizamlı əməkdaşlığa yönəltmək istəyir.

Bakı bu məqsədi yumşaq güc diplomatiyasının sistemli tətbiqi ilə reallaşdırır. Qoşulmama Hərəkatındakı fəallıq, xüsusilə COVID-19 dövründə qlobal həmrəyliyə dair təşəbbüslər Azərbaycanın beynəlxalq dialoq mədəniyyətinə verdiyi töhfəni nümayiş etdirdi. “Bakı Prosesi” isə multikulturalizmin və dinlərarası anlaşmanın siyasi diskursdan real diplomatik alətə çevrilməsi baxımından unikaldır.

BMT hesabatında qeyd olunan “təhlükəsizlik xərclərini azaltmaq və dayanıqlı inkişaf xərclərini artırmaq” çağırışı da Azərbaycanın praktikasında real qarşılığını tapır. Azərbaycanın xarici siyasət fəlsəfəsində təhlükəsizliklə inkişaf bir-birindən ayrılmır – çünki Bakı üçün dayanıqlı sülh yalnız sosial və iqtisadi rifah üzərində bərqərar ola bilər. Azərbaycanın humanitar diplomatiyası bu baxımdan “inkişaf vasitəsilə təhlükəsizlik” yanaşmasının reallığa çevrilmiş formasıdır. Xarici siyasətin sosial ölçüsü – təhsil, mədəniyyət, enerji sabitliyi və humanitar əməkdaşlıq sahələrində atılan addımlar – Azərbaycanın beynəlxalq səhnədə özünü sülh istehsal edən güc kimi təqdim etməsini təmin edir.

Beləliklə, Bakı modeli qlobal silahlanma meylinin və hərbi yarışın fonunda insan mərkəzli təhlükəsizlik arxitekturasının mümkünlüyünü sübut edən nadir nümunədir. O, dünyaya göstərir ki, XXI əsrin təhlükəsizliyi etimadın dərinliyi və əməkdaşlığın davamlılığı ilə ölçülməlidir.

* * *

Müasir beynəlxalq münasibətlər sistemində güc balansı uzun illər ərzində təhlükəsizlik arxitekturasının mərkəzi elementi hesab olunurdu. Ancaq XXI əsrin ikinci onilliyindən etibarən bu yanaşma legitimliyini itirməyə başlayıb. Hərbi büdcələrin rekord səviyyədə artması nə sülhü təmin edir, nə də qarşılıqlı etimadı gücləndirir. Əksinə, təhlükəsizlik artdıqca inamsızlıq dərinləşir, çünki silahlanma artıq siyasi təzyiq aləti kimi qavranılır. Belə reallıq fonunda Azərbaycanın diplomatik modeli həm regional, həm də qlobal səviyyədə fərqli istiqamət göstərir.

Azərbaycanın siyasəti postmilitarist təfəkkürə əsaslanır. Bakı hərbi qüdrəti milli təhlükəsizliyin təminat aləti kimi qoruyur, amma onun tətbiq məntiqini dəyişir: güc yalnız qoruma funksiyası daşıyır, təhdid funksiyası yox. Beləliklə, Azərbaycan regional siyasətdə “hərbi çəkindirmə” konsepsiyasını “diplomatik çəkindirmə” modeli ilə əvəzləyir.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan revanşizm ritorikasına uymadı, əksinə, diplomatik realizm və praqmatik barış yanaşması ilə regionda yeni nizamın əsasını qoydu. Məhz bu kontekstdə Azərbaycanın təcrübəsi BMT-nin hesabatında səslənən “silahlanma sülh yaratmır” çağırışının praktik təsdiqinə çevrilir. Bakı, əslində, bu çağırışın empirik sübutunu təqdim edir: sülh yaratmaq üçün etik və institusional iradə lazımdır. Qlobal güclər balans siyasətinə qapılıb bir-birini çəkindirməyə çalışdığı halda, Azərbaycan müasir beynəlxalq münasibətlərin dəyərlər mərhələsinə keçidi təklif edir.

Azərbaycanın Sülh Doktrinası bu baxımdan qlobal ideya daşıyıcısıdır. Onun əsas prinsipi aydındır: təhlükəsizliyin ən dayanıqlı forması qarşılıqlı asılılıq və qarşılıqlı rifah üzərində qurulandır.

Beləliklə, dünya militarizmin köhnə ritmində hərəkət edərkən, Azərbaycan dəyərlər üzərində qurulan yeni təhlükəsizlik fəlsəfəsinin konturlarını çəkir. Azərbaycanın təcrübəsi göstərir ki, gücün davamlılığı dəyərlərin dərinliyində, sülhün əsası isə inamın və qarşılıqlı anlayışın gücündədir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət