Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyevlə vida mərasimi keçirilib.
Mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin səhnəsində postament üzərinə qoyulub. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət qurumları və müxtəlif kollektivlər adından əklil düzülüb.
Vida mərasimində mədəniyyət naziri Adil Kərimli Ramiz Quliyevin zəngin həyat və yaradıcılıq yolundan danışıb. Nazir qeyd edib ki, onun yaratdığı irs Azərbaycan mədəniyyətində elə bir xəzinədir ki, zaman onu silə bilməz. Bu irs gələcək nəsillər üçün də örnək olacaq.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli dərin kədərini ifadə edərək deyib: "Ramiz Quliyevlə ömür boyu yaxın dost olmuşuq. Dünyanın bir çox ölkələrində çıxışlarımız olub. O, Azərbaycan musiqisini layiqincə təmsil edən, xalqın qəlbində özünə yer qazanmış nadir sənətkarlardan biri idi".
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə Ramiz Quliyevin musiqi mədəniyyətimizi həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə layiqincə təmsil etdiyini deyib. Xalq artisti Mənsum İbrahimov bildirib ki, Ramiz Quliyev Azərbaycan musiqi sənətində nadir istedada malik böyük sənətkar idi. Onun ifaçılığı, yaradıcılığı və musiqiyə yanaşması gələcək nəsillərə örnək olacaq. Xalq artisti Vamiq Məmmədəliyev Ramiz Quliyevin musiqi irsimizin yaşadılmasında çox böyük işlər gördüyünü deyib.
Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev atasının sənətinə hər zaman böyük diqqətlə yanaşan Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Ramiz Quliyevin cənazəsi Beynəlxalq Muğam Mərkəzinin binasından qaldırılaraq II Fəxri xiyabana gətirilib. Burada mərhumun ruhuna dualar oxunub. Görkəmli sənətkarın cənazəsi torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.
Ramiz Quliyevin sənət irsi və xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!
XQ