Zəfər yürüşündə şəhidlik

post-img

İsmayıl Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc qəsəbəsində anadan olub. Orada orta məktəbin 9-cu sinfini bitirəndən sonra – 2005-ci ildə təhsilini Kimya-Biologiya Təmayüllü Liseydə davam etdirib. Elmə, biliyə nə qədər həvəsli olsa da, uşaq yaşlarından zabit dayısı Murad Atayevin nümunəsindən ilhamlanaraq hərbi xidmətə, zabit peşəsinə marağı güc gəlib və o, sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) verib. 2011-ci ildə məzun olub və “leytenant” rütbəsində hərbi xidmətə başlayıb.

Taqım komandiri olan İsmayıl Məmmədov tez-tez təlim məşqlərində olurdu, döyüş atışlı çalışmaları həm gecə, həm də gündüz yerinə yetirirdi. Tabeliyində olan əsgərlərlə dostluq edir, qayğı və ehtiyaclarını öyrənirdi. Xidmətə gəlincə isə onlardan vəzifə borclarına məsuliyyətlə yanaşmağı tələb edir, tapşırıqları dəqiq yerinə yetirib-yetirmədiklərinə əmin olmaq üçün ciddi yoxlayırdı.

Bir ildən sonra İsmayıl Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarına qoşulmaq istəyi ilə kursa yazılıb və oranı uğurla başa vurub. 2011-ci ilin yayından Xüsusi Təyinatlı Qüvvələrin Xızı rayonunda yerləşən Hərbi Hissəsində xidmət edib. Komandanlığın qərarı ilə bölmə komandiri vəzifəsinə təyin olunub.

Gürcüstanda və Türkiyədə dağçılıq və dağçılığın təkmilləşdirilməsi kurslarında uğurla iştirak edib, “EFES – 2018” beynəlxalq təlimlərinin pentatlon turnirində qalib gəlib. İsmayıl Səmədovun rəhbəri olduğu bölmə Aprel döyüşlərində Lələtəpə istiqamətində xüsusilə fərqlənib. Müdafiə nazirinin əmrlərinə əsasən, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” və “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif olunub.

Kapitan İsmayıl Səmədov 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsi zamanı XTQ-nin bölmə komandiri olaraq hərbi əməliyyatlara yollanıb. Füzuli, Cəbrayıl və Xocavəndin yaşayış məntəqələrinin azad edilməsi uğrunda gedən döyüşlərdə fərqlənib. Təcrübəli və nümunəvi zabit kimi döyüşlərdə tabeliyində olan hərbçiləri böyük ruh yüksəkliyi ilə irəliyə aparıb. “Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun: ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz!”, – deyən cəsur kapitan bu sözləri ilə hərbçilərimizə əsl vətənpərvərlik ruhu aşılayırdı.

– O məni özünün sağ əli adlandırırdı, – deyə gizir Cavad Babayev mətbuata açıqlamasında bildirib. Ən ağır döyüşlərdə belə öndə gedərək, bizi qoruyur, döyüşlər zamanı beynəlxalq təcrübədə olan taktikalardan yararlanır və uğurlu əməliyyatlar qururdu...

Oktyabr ayının 4-dən başlayaraq, Cəbrayıl, Füzuli, Hadrut istiqamətlərində şiddətli döyüşlər getdi. Cəsur komandirimizin bölüyü, yəni biz ayın 3-dən 4-nə keçən gecə Cəbrayıl istiqamətində düşmənin televiziya qülləsini qoruyan tankını və 8 nəfərlik canlı qüvvəsini məhv etdik. Oktyabrın 7-də gecə saatlarında komandirimiz İsmayıl Səmədovun əmrinə əsasən, Füzuli–Hadrut yolunu düşməndən təmizlədik. Bizim bölüyümüzün nəzarətçi qrupu ərazidə düşmən snayperlərinin olduğunu müəyyənləşdirdi. Əvvəlcə bu snayperlərdən 3-nü, sonra isə arxadan bizə atəş açan düşmənləri məhv etdik...

Oktyabrın 11-də İsmayıl Səmədova Xocavənd yaxınlığındakı Gorazıllı istiqamətindən Ermənistan işğalçılarına və separatçılara yardıma gələn silahla və canlı qüvvə ilə dolu 3 maşının məhv edilməsi tapşırığı verilir. Həmin avtomobillər onların yerləşdiyi ərazidən bir qədər aralıdan gedirdi. İsmayıl Səmədov öndəki avtomobili dəqiq atəşlə sıradan çıxarır. Digər 2 avtomobilin yolu kəsilir və hay əsgərləri dağlara tərəf qaçan zaman vurulur. Təəssüf ki, həmin əməliyyat zamanı igid zabit İsmayıl Səmədov həyatını itirir. Onu ertəsi gün doğma Zaqatala rayonunda böyük ehtiramla torpağa tapşırırlar.

İsmayıl Səmədov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra) fəxri adına layiq görülüb. “Vətən uğrunda”, Cəbrayılın, Xocavəndin və Füzulinin azad olunmasına görə medallarla təltif olunub.

Atası Məhəmməd kişi, anası Həlmət xanım, qardaşı Elvin, həyat yoldaşı Bəsti xanım, qızı Nurgül, oğlu Mehdi, bütün qohumları, qonşuları, dostları İsmayılın xatirəsini daim əziz tutur, onun misilsiz igidlik nümunələri ilə fəxr edirlər. 2021-ci ildə Zaqatala şəhəri 5 nömrəli tam orta məktəbinə Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun adı verilib.

Ə.DOSTƏLİ
XQ

Sosial həyat