Bu gün işəgötürənlər gənc mütəxəssisləri belə qarşılayırlar
Universiteti bitirib əmək bazarına üz tutan hər gənc eyni sualı eşidir: “İş təcrübən varmı?” Bu, məzunların həyatında eyni ssenarilərlə təkrarlanan sınaqdır. İmtahan stresi, ümidlər və qayğılarla dolu illəri geridə qoyan gənc diplomunu əlinə alar-almaz paradoks yaşayır. Ona iş tapmaq üçün təcrübə, təcrübə qazanmaq üçün isə iş lazım olur.
İşəgötürənlərin böyük əksəriyyəti artıq nəzəri biliklərlə kifayətlənmirlər. Onlar real situasiyalarda özünü sınamış, kollektivlə işləmə bacarığına, təşəbbüskarlığa və texnoloji adaptasiyaya malik gənclər axtarırlar. Bu da o deməkdir ki, universitet partasından birbaşa əmək bazarına keçid asan deyil. Akademik sistem çox vaxt real bazarın tələblərindən uzaq qalır, bilikli tələbə belə iş həyatına atılmaqda çətinlik çəkir.
Dünyanın bir çox ölkələrində bu problemi aradan qaldırmaq üçün bakalavr təhsilinin müddəti azaldılıb. Bir neçə gün öncə qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Konqres və Mədəniyyət Mərkəzində 2025-2026-cı tədris ilinin açılışı münasibətilə keçirilən mərasimdəki çıxışında bildirib ki, Avropa ölkələrində olduğu kimi, tələbələrin üç il ərzində məzun ola bilməsi üçün struktur islahatlar keçiriləcək. Bu da öz növbəsində tələbələrin daha tez əmək bazarına daxil olmasına, vaxt və resurslara qənaət edilməsinə şərait yaradacaq.
Ötən il Azərbaycan Texniki Universitetinin kompüter mühəndisliyi ixtisasını bitirən Toğrul Hüseynov məzun olduqdan sonra işə qəbul prosesində çətinliklərlə üzləşib:
– İş üçün müraciət etdiyim yerlərdə azı 2 illik təcrübə tələb olunurdu. Amma mən tələbə olanda dərslərimlə məşğul idim, eyni zamanda müxtəlif layihələrdə iştirak edirdim, bu, işəgötürənlərin tələb etdikləri kriteriyalara cavab vermirdi.
Əgər təhsil müddəti 4 il olmasaydı, biz qısa zamanda həm nəzəri bilikləri öyrənərdik, həm də işləmək üçün vaxtımız qalardı.
Məzunların arzusu bilik və bacarıqlarını göstərmək imkanı qazanmaqdır. Bəs onlara şans verilmirsə?.. “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın sədri Sahib Məmmədov bu sualın cavabında bildirdi ki, problemin kökündə təhsil sistemindəki boşluqlar dayanır:
– Tələbələrin təhsili əsasən nəzəri hissədən ibarətdir və bəzən əlavə, lüzumsuz fənlər o qədər çox olur ki, praktikaya yetərincə vaxt ayrılmır. Düzdür, son dövrlərdə bəzi universitetlər tələbələri müəssisələrə təcrübəyə göndərirlər, amma bunun bir çox hallarda formal xarakter daşıdığı məlumdur. Nəticədə nəzəri biliklərlə əmək bazarına çıxan gənclər praktik bacarıqları olmadığı üçün ya işə qəbul edilmir, ya da müəyyən müddət pulsuz işləyərək təcrübə toplamalı olur. Buna görə də təhsilin praktik hissəsinin gücləndirilməsi vacibdir. Əgər işəgötürən əmin olsa ki, tələbə ali məktəbi bitirib və kifayət qədər praktik təcrübəyə malikdir, belə problemlər ortaya çıxmaz. Yəni yalnız nəzəri biliklərə əsaslanan yanaşma əmək bazarında problemi artırır.
Məsələn, texniki kolleclərdə ixtisaslı fəhlələr köhnə avadanlıqlar üzərində təcrübə keçirlər, hətta bu avadanlıqların bəzisi 70-ci illərdən qalıb. Belə şəraitdə təcrübə keçmiş tələbə müasir texnologiyaları işlədə bilmir və nəticədə əmək bazarında ixtisaslı işçi çatışmazlığı yaranır. Bu səbəbdən xarici ölkələrdən də ixtisaslı işçilər dəvət olunur. Məsələn, müasir işıqlandırma sistemlərinin qurulması və ya montaj işləri üçün yerli ixtisaslı işçi tapmaq çətindir. Təhsilindən asılı olmayaraq, işə qəbul olunanda bacarığını nümayiş etdirmək vacibdir. Bu isə ya imtahan, ya da digər sınaq vasitələri ilə müəyyən edilir.
Təhsil eksperti Elşən Qafarov təhsil səviyyəsinin yüksəldilməsi üçün beynəlxalq standartlara uyğunlaşmağın vacibliyindən danışdı:
– Ölkəmizdə məktəbəqədər ümumi təhsil, peşə təhsili, orta ixtisas və ali təhsil pillələri var. Amma beynəlxalq sistemdə orta ixtisas ayrıca pillə deyil, ali təhsilin bir hissəsi sayılır. Ona görə də bizim orta ixtisas kollecləri hələ də ayrı-ayrı müəssisələr kimi fəaliyyət göstərir. Bu da sistemin beynəlxalq standartlara uyğunlaşmasına imkan vermir.
Birinci növbədə orta ixtisas müəssisələri ləğv olunmalı və ali təhsil səviyyəsinə birləşdirilməlidir. Ali təhsil dörd səviyyədən ibarət olmalıdır: birinci və ikinci kurslar orta ixtisas səviyyəsini, üçüncü və dördüncü kurslar isə bakalavriatı əhatə etməlidir. Digər vacib məsələ peşə standartlarının olmamasıdır. Hər bir ixtisas üzrə ali təhsil müddətində hazırlanacaq kadrların hansı bacarıqlara sahib olduğunu müəyyənləşdirən standartlar yoxdur. Belə olan halda nə ali, nə də peşə təhsilində real irəliləyiş əldə etmək mümkün deyil.
Peşə standartları və qiymətləndirmə sistemi təhsil səviyyəsinə uyğun tətbiq edilməlidir. Bu o deməkdir ki, tələbənin bilik və bacarıqları əvvəlcədən müəyyənləşdirilməli və qiymətləndirilməlidir. Beləliklə, hər bir tələbə təhsil aldığı səviyyəyə uyğun hazırlıqdan keçmiş olur. Yalnız bunlar həll olunandan sonra bakalavriat təhsilinin müddətinin azaldılması və digər islahatlar effektiv nəticə verə bilər. Hazırda isə təhsil müəssisələri daha çox beynəlxalq reytinqlərdə iştirakla qiymətləndirilir, amma xüsusi kadrlar hazırlamaq kimi əsas vəzifələr yetərincə yerinə yetirilmir.
Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinin 5-ci kurs tələbəsi Aytac Kərimova tibb sahəsində təhsil müddətinin qısaldılmasını istəmir:
– Məncə, tibb sahəsində təhsil müddətini qısaltmaq mümkün deyil. Hər il, hətta hər semestr tələbənin peşəkar hazırlığı üçün vacib mərhələdir. Əgər təhsil müddəti azaldılsa, tələbələr lazım olan klinik bacarıqları tam mənimsəyə bilməyəcəklər. Bu isə həm onların peşəkar inkişafına mane olar, həm də xəstələrin sağlamlığını risk altına qoyar. Biz tədris zamanı yalnız nəzəri biliklər öyrənmirik, hər gün praktiki iş görürük, xəstələri müşahidə edirik və müalicə prosesinə cəlb olunuruq. Uzunmüddətli təhsil sistemi gələcək karyeramız üçün əvəzsizdir və hər bir mərhələnin öz əhəmiyyəti var.
Ali tibb təhsilində kadr hazırlığının müddəti ikiqat uzundur. Bir çox ixtisaslarda isə təhsil müddəti qısaldılır. Təhsil eksperti Elçin Süleymanov bu məsələdəki fərqliliyi belə izah etdi:
– Bəzi ölkələr, xüsusilə ictimai elmlər sahəsində bakalavr proqramlarının üç il müddətinə qısaldılması planlaşdırır. Bu isə tələbələrin iş həyatına bir il daha tez atılmasına imkan verir. Təbii ki, ixtisasdan ixtisasa müddət dəyişir. Məsələn, mühəndislik və kompüter elmlərində bakalavr təhsili dörd, bəzi ixtisaslarda beş və ya altı ildir. Daha sonra rezidentura mərhələsi gəlir ki, bu da on ilədək davam edə bilər.
Əgər proqram üç ildə tamamlanarsa, tələbə əlavə vaxt, resurs və xərc ödəmədən təhsilini bitirə bilər. Eyni zamanda, bəzi dərslər onlayn keçirilərsə, auditoriyalardan da səmərəli istifadə olunar. Məsələn, İngiltərədə magistr proqramları bir il, yəni üç semestr davam edir, üçüncü semestr isə praktik iş və ya təcrübəyə həsr olunur.
Əvvəllər hər semestrdə 4, ümumilikdə 15 dərs və yay semestri də daxil olmaqla, 2 ilə tamamlanırdı. İndi isə hər semestrdə 5 dərs tədris olunur və sonda yekun iş təqdim edilir. Yay semestri də proqramın tərkib hissəsidir. Beləliklə, yayı da nəzərə alaraq proqramı 3 semestrə qədər sıxlaşdırırlar. Bu dəyişiklik tələbənin yaşayış xərcləri, kirayə, təhsil haqqı, əgər xaricdə oxuyursa, aviabilet və digər məsrəflər azaldığı üçün iqtisadi baxımdan da əlverişlidir. Məsələn, MBA proqramlarında bəzən bu cür sürətlənmiş modellər tətbiq olunur və təhsil prosesi bir il ərzində, bir neçə modul üzrə həyata keçirilir. Dəqiq elmlər və tibb sahələri üçün bu yanaşma bəlkə də uyğun olmaz, lakin ictimai və sosial elmlər üçün alqışlanacaq addımdır.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri bildirdi ki, tədris müddətini qısaldarkən proqram tələb olunan bilik və bacarıqları təmin etməlidir:
– Diqqətimizi müddətə deyil, proqramın mahiyyətinə yönlətməliyik. Təhsil müddətini üç ilə endirmə o demək deyil ki, tələbə üç il ərzində bütün təhsilini auditoriyada başa vuracaq. Xaricdə tətbiq olunan “3+1” və “3+2” layihələri buna nümunədir. Bu sistemdə tələbə üç il universitet auditoriyasında təhsil alır, qalan bir və ya iki il isə istehsalatda, praktikada və əmək bazarında təcrübə qazanmaq üçün ayrılır. Məqsəd tələbənin real iş mühitinə inteqrasiyasını təmin etməkdir.
Məsələn, kompüter mühəndisliyi ixtisasında təhsil alan tələbə “3+1” modeli üzrə üç il universitetdə oxuyur, amma sonrakı ildə birbaşa iş mühitində praktiki təcrübə qazanır, layihələrdə iştirak edir və əmək bazarına daxil olur. Eyni şəkildə, “3+2” modelində tələbə universitetdə üç il oxuyur, qalan iki il isə istehsalat və praktiki təcrübə üçün ayrılır.
Beləliklə, proqram düzgün qurulduqda, tələbələr üçün həm nəzəri bilikləri, həm də praktik təcrübəni balanslı şəkildə təmin edən bir sistem yaranır. Ali təhsil müddətinin optimallaşdırılması gənclərin karyera imkanlarını artırmaqla yanaşı, ölkənin inkişafına da xidmət edir. Təhsil yalnız nəzəri bilik vermək deyil, həm də praktik bacarıqlar formalaşdırmaqdır və bu balans qorunduqda həm tələbəyə, həm də cəmiyyətə uğur gətirər.
Fidan ƏLİYEVA
XQ