Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 242-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 7 may tarixli 96 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 470 (Cild I) ilə təsdiq edilmiş “Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması Qaydası”nın 1.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“1.3. Gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə Gömrük Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə bilər.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 24 ” “ fevral ” 2026-cı il
№ 51

