Reallığın sülh diktəsi

post-img

İmran BƏDİRXANLI
[email protected]

Narahat dövrdə yaşayırıq. Dünyanın, demək olar ki, bütün qitələrində hərbi və siyasi qarşıdurmaların, sosial-iqtisadi kataklizmlərin artdığı indiki zamanda sülh daha çox aktuallıq kəsb edir. Hərb və sülh. Hər ikisi insan amili ilə bağlıdır və hazırda bu dilemma bəşəriyyəti ciddi şəkildə əndişələndirir. Müharibənin qalibinin heç də həmişə sülhün təminatçısı olmadığı tezisini tarix təsdiqləsə də, ölkələrin heç də hamısı yeni reallığı başa düşmək istəmir. Mütərəqqi fikirli siyasi xadimlər, nüfuzlu beynəlxalq təşkilatlar, beyin mərkəzləri vəziyyətdən çıxış yolu tapmaq üçün cəhdlər edir, kütləvi qırğınların qarşısını almaq yönündə səy göstərirlər.

Amma sülh gəlişigözəl sözlərlə hasil olan nəticə deyil, onu əməldə, konkret addımlarla sübuta yetirmək, hamının qəbul etdiyi reallığa çevirmək lazımdır. Bundan ötrü praqmatik yanaşma və siyasi iradə ön plana çıxır. Beş il bundan əvvəl müharibədən qalib ayrılmış Azərbaycan məhz sülh gündəmini irəli sürməklə yeni nümunə, presedent yaratdı. Məsələyə bu kontekstdən yanaşaraq nümunəni şərtləndirən 3 yöndə nəzər yetirək.

Birinci yön

İkinci Qarabağ müharibəsinin məntiqi sonluğu, sadəcə, Azərbaycanın hərbi qalibiyyəti deyil, həm də regionda siyasi və hüquqi nizamın tamamilə yenidən formalaşmasının başlanğıcı oldu. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə təkcə işğala son qoymadı, həm də 30 il dondurulmuş münaqişənin beynəlxalq hüquqa əsaslanan həll variantını təkbaşına reallaşdırdı. Bu prosesin ən üstün cəhəti Azərbaycanın ardıcıl prinsipial mövqeyi və sülhün haqq və ədalət üzərində qurulması oldu. Qalibin hərbin deyil, sülhün dili ilə danışması modelini də ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev nümayiş etdirdi – desək, yəqin yanılmarıq. İlkin mərhələdə bu gerçəyi təkcə uduzan tərəfin – Ermənistanın deyil, Avropanın, dünyanın qəbul edə bilməməsi təəccüblü deyildi. Çünki ən azı, son yüz ildə dünya hərb tarixində buna bənzər diplomatiyaya rast gəlinməmişdi.

Ən ədalətli hakim sayılan zaman öz missiyasını yerinə yetirdi və bu gün Ermənistanla Azərbaycan arasında suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama və gücdən istifadə etməmə kimi prinsiplər sülh sazişinin hüquqi çərçivəsini təşkil edir. Postmünaqişə dövründə tərəflər arasında münasibətlərin yeni mərhələyə keçməsini təmin edən sülh sazişinin mətninə ümumi nəzər salsaq, görərik ki, burada öz əksini tapmış müddəalar mövcud reallığa və qarşılıqlı anlaşmaya söykənir. İrəvan Bakının 5 il bundan əvvəl – müharibə bitəndən dərhal sonra irəli sürdüyü sülh gündəliyinin optimallıq dərəcəsini, gec də olsa, anladı və qəbul etdi. Sülhün qalibdən daha çox özlərinə fayda gətirəcəyini Ermənistan cəmiyytinin şüuruna yeriməyə başlamasını proqres, təqdirəlayiq hal kimi dəyərləndirə bilərik.

İkinci yön

Tarix hadisələrin zənciri və həmin hadisələrə yön verən şəxsiyyətlərin xidmətləri müqabilində salnaməyə dönür. Bəzi hallarda cəmiyyət tarixə öz möhrünü vuran lider şəxsiyyətin gördüyü işin miqyasını və əhəmiyyətini üstündən xeyli müddət keçəndən sonra anlayır. Tarix yaradan şəxsiyyətlər, siyasət formalaşdıran liderlər bu cəhətlərinə görə də xarakterizə oluna bilərlər. Konkret misallara müraciət edək. MDB Dövlət Başçılarının Düşənbə Sammitində Azərbaycan liderinin səsləndirdiyi “sülh reallıqdır” fikri dünyada ədalətli nizama əsaslanan siyasi mövqeyin dəyişməzliyinə vurulan işarə, ölkəmizin dostlarına və bədxahlarına ünvanlanan ismarış idi. Yəni İlham Əliyev növbəti dəfə qətiyyətlə bəyan etdi ki Bakı üçün vacib olan söz deyil, əməl və nəticədir. Əgər Ermənistan qonşuluq, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması istiqamətində konkret addımlar atsa, bu, regionda sülhün və sabitliyin bərqərar olmasına gətirib çıxarar. Əks təqdirdə, sülh ritorikası İrəvanın ifasında daxili və beynəlxalq auditoriyaya hesablanmış formal mesaj olaraq qalacaq. Oktyabrın 1-2-də Kopenhagendə “Avropa Siyasi Birliyi”nin sammiti, oktyabrın 6-7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü və oktyabrın 9-10-da Düşənbədə MDB sammiti. Dövlətimizin başçısının Qərbdən Şərqə doğru uzanan bu diplomatik marşrutunun əsas devizi sülh idi. Həmin tribunalarda sülhü yüksək səslə bəyan edən məhz İlham Əliyev oldu. Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitinın bizim üçün əlamətdar məqamı dünyaya təqdim edilən yeni sülh modeli qismində Azərbaycan təcrübəsinin örnək kimi göstərilməsi idi. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin tədbirə qatılmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi dəvət göndərmələri təsadüfi deyildi. Azərbaycan liderinin artıq beynəlxalq miqyasda etiraf olunan “sülh yaradan güc” imici onun Şarm əl-Şeyx Sammitində iştirakını zərurətə çevirmişdi. Bəli, İlham Əliyev bu tədbirdə yeni sülh modelini yaratmış lider kimi iştirak etdi. Donald Trampın Azərbaycan liderini sammit iştirakçılarına “sülh quruculuğunun memarı” kimi təqdim etməsi dövlətimizin başçısının təşəbbüslərinin beynəlxalq səviyyədə legitimləşməsinin göstəricisidir. Prezident İlham Əliyev artıq Cənubi Qafqazın lideri olmaqla yanaşı, həm də beynəlxalq səviyyədə hüququn, ədalətin və sülhün təminatçısı kimi qəbul olunur. Bütün bunlar özündə Azərbaycanın statusunu, ölkəmizin beynəlxalq siyasətdə oynadığı rolun və İlham Əliyevin siyasi iradəsinin təsdiqini əks etdirir. Məhz şəxsiyyət amilinə görə bu gün Azərbaycan diplomatiyası özünün Qızıl dövrünü yaşamaqdadır.

Üçüncü yön

İndi bu dili hamı başa düşməyə başlayıb. Söhbət reallığın gətirdiyi sülhdən və sülhün özünün reallığa çevrilməsinin sübutu kimi Bakının dünyaya təqdim etdiyi yeni paradiqmadan gedir. “Sülh reallıqdır” ifadəsi yalnız siyasi ritorika deyil, həm də Bakının Cənubi Qafqazda formalaşdırdığı yeni güc balansının ortaya çıxardığı siyasi tablo, aksiomdur. Bu siyasi-riyazi aksiomun memarının Azərbaycan olduğu artıq bütün dünyaya məlumdur. Prezident İlham Əliyevin fərqli coğrafiyalarda və çeşidli platformalarda nümayiş etdirdiyi virtuoz diplomatiya sayəsində Azərbaycanın qazandığı uğurlara bütün dünya şahidlik edir, qonşuluq və əməkdaşlıq münasibətləri qurmağı təklif etdiyimiz Ermənistan isə qibtə ilə baxır. Həm də anlayır ki, o, bu reallığa uyğunlaşmağa, revanşist, militarist düşüncəni bir kənara qoyub, sülh leksikonuna keçməyə məcburdur. Əgər İrəvan bu şansı düzgün dəyərləndirsə, Cənubi Qafqazda uzunmüddətli sabitlik və qarşılıqlı etimad mühiti yarana bilər. Əks təqdirdə, tarixin təkrarı qaçılmaz, bundan uduzan isə Ermənistan olacaq. Bu zaman sülhü reallığa güclə, ədalətlə və diplomatik uzaqgörənliklə çevirən Azərbaycanın mövqeyi daha da güclənəcək.

Hazırda regionda bütün sahələr üzrə istiqamətverici güc mərkəzi, diplomatik balans və strateji nizam qurucusu Azərbaycandır. Ölkəmiz üçün sülh reallığını şərtləndirən əsas amillərdən biri Zəfərimizdir. Məhz liderin iradəsi ilə reallaşan bu zəfər XXI əsrdə dövlətlərarası münasibətlərdə beynəlxalq hüquqa və ədalətə əsaslanan yanaşmanın, inklüziv sülh modelinin təməli kimi tarixə düşdü.

 



Siyasət