Azərbaycan və Ermənistan XİN başçılarının Tehran təmasına sözardı
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramovla Ararat Mirzoyan Tehranda görüşdü. Əlbəttə, bir-biri ilə zidd mövqedə dayanan iki Cənubi Qafqaz ölkəsinin baş diplomatının bir araya gəlməsi adi məsələ sayıla bilməz. Ancaq, nədənsə, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məsələnin adiliyinə eyham vuran açıqlama verib.
Məlum olduğu kimi, nazirlərin ikili təması İranın paytaxtında “3+3” formatı ilə bağlı görüş çərçivəsində gerçəkləşib. O görüş ki, orada İran İslam Respublikası ilə yanaşı, Azərbaycanın, Türkiyənin, Rusiyanın və Ermənistanın XİN rəhbərləri bir araya gəliblər. Badalyanın açıqlaması göstərir ki, İrəvan sözügedən platformanı gərginliklərin aradan qaldırılması müstəvisi kimi görmür.
Bu məntiqin davamı kimi onu da bildirmək mümkündür ki, Qərbdə Azərbaycan və Ermənistan arasındakı konfliktli durumun hansı platformada yoluna qoyulmasının heç bir önəminin olmadığı ilə bağlı söylənilənlər mənasızdır. Önəm var. Belə olmasaydı, ABŞ-dan reaksiya gəlməzdi. Reaksiya verən isə Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Metyu Millerdir. Demək ki, “3+3” formatı Qafqaz platforması üzrə ayrıca düzən kimi qəbul olunur. Badalyanın dediyi isə göstərir ki, Ermənistan mövcud düzəni Qərb tənzimləmə xəttinə alternativ kimi görmür.
Digər yandan, çox güman ki, A.Mirzoyan Tehrana tamam başqa məqsədlə yollanmışdı. Ehtimal etmək mümkündür ki, Ermənistanın Qərbdəki dostları onu ora, bir növ, yalnız kəşfiyyat məqsədilə göndərmişdilər. Birdən-birə Azərbaycan XİN rəhbəri ilə görüş xoş qarşılanmaya bilər. Ona görə də Badalyan tələm-tələsik şəkildə Mirzoyanın, necə deyərlər, Qərbə badalaq gəlmək niyyətində olmadığını göstərmək istədi. Heç şübhəsiz, bu cür yanaşma İrəvanın öz aləmindəki sadiqliyinin nümayişidir.
Daha bir məqama nəzər salaq. Rusiya Azərbaycan və Ermənistan arasında vasitəçiliyə can atmaqdadır. Ancaq ölkənin bu mövqeyi İrəvan tərəfindən etirazla qarşılanır. Görünür, baş nazir Nikol Paşinyanın Qərbdəki dostları ona və Ermənistan rəsmilərinə Moskva ilə tənzimləmə təmaslarını qadağan ediblər. Məlumdur ki, “3+3” formatı üzrə əsas aktorlardan biri Rusiyadır. Yəni, İran və Türkiyədən fərqli olaraq Kreml məsələdə daha çox canfəşanlıq göstərməkdədir. Deməli, erməni tərəfinin fikrincə, Moskvanın təmsil olunduğu müstəvidə hansısa ciddi məqam nəzərdən keçirilə bilməz. Bunun da Qərbin diktəsi olduğunun sübuta ehtiyacı yoxdur.
Üzərində dayanmaq istədiyimiz başqa bir məqam isə budur ki, “3+3” formatı, hər bir halda, 44 günlük müharibədən sonrakı dövrün siyasi məhsuludur. Onun meydana çıxmasında başlıca rolu Azərbaycanın həmin müharibədəki qələbəsi oynayıb. Yəni, Bakı bu platformada üstünlüyə malikdir. Ermənistan isə mövcud düzəndə ölkəmizin xoş niyyətinin ifadəsi kimi təmsil olunmaqdadır. Badalyanın açıqlaması həm də bu niyyətə qeyri-adekvat yanaşmadan qaynaqlanmaqdadır. Yeri gəlmişkən, İrəvan destruktiv mövqeyini başqa platformalarda da göstərməkdədir.
O da məlumdur ki, “3+3” formatı ilkin olaraq, 2020-ci ilin sonunda Türkiyə tərəfindən təklif edilmişdi. Ankara bununla regional proseslərdə mühüm rol oynamaq məramını ortaya qoymuşdu və məsələ aktuallığını saxlamaqdadır. Ermənistan isə son dövrlər anti-Türkiyə ritorikasını gücləndirməkdədir. Deməli, Ankaranın fəal rol oynadığı platformada da Cənubi Qafqaz tənzimləməsinin gerçəkləşməsinə qarşı müqavimət var ki, heç şübhəsiz, bu da Qərbin Ermənistana göstərişidir.
Faktiki olaraq, İrəvan bu platformada yalnız gözdən pərdə almaq üçün təmsil olunur. Mövqeyini ortaya qoymur. Açıq mövqe ortaya qoyan isə Gürcüstandır. Yəni, faktiki olaraq rəsmi Tbilisinin Rusiya dirənişi “3+3”ü, “3+2” edir. Bu yanaşma anlaşılır, erməni tərəfinin “tülkülüyü” isə yox.
Bütün dediklərimizin fonunda bir ümumiləşmiş nəticə də var. Aydındır ki, “3+3” formatı regiondakı proseslərin müzakirəsi zamanı Qərbin iştirakını istisna edir. Eyni zamanda, Ermənistan Qərb platformalarının danışıqlar gündəmini fəal şəkildə təbliğ edir. Paradoks da budur: Azərbaycan bütün diplomatik uğurlarını Brüsseldə, Praqada və Qranadada (hətta getmədiyi yerlərdə - red) əldə edib, İrəvan isə Avropa İttifaqı platformasını təbliğ etməkdədir. Halbuki, onun “3+3” platforması müstəvisində səmimi ortamda çıxış etməsi yaxşı olardı. Görünür, səmimiyyət onluq deyil.
Əlbəttə, Azərbaycana Ermənistanla müzakirələr aparmaq baxımından platforma, vasitəçi fərqi yoxdur. Yetər ki, vasitəçilər tərəf tutmasınlar, ədalətli davransınlar. Ermənistan isə haqq-ədalətin deyil, avantürist ideyaların arxasınca sürünməkdədir. “3+3”də isə manipulyasiya keçmir. El misalımızda deyildiyi kimi, xain xoflu olar. Əslində, A.Badalyanın açıqlamasından duyulan da budur – xof.
Ə.RÜSTƏMOV
XQ