“3+3”dən gözləntilər

post-img

Bu layihədə ən çox qazanan Azərbaycan olacaq 

Sülhə, əməkdaşlığa və tərəqqiyə aparan yol

“3+3” formatının Qərbi Cənubi Qafqazdan uzaqlaşdırmağın bir yolu olduğunu deyən ekspertlər də var. Eyni zamanda bu format bölgədə nü­fuz davası edən ən barışmaz rəqiblər arasında regional problemlərin birgə həlli üzrə dialoqa şərait yaradır. Bu kontekstdən yanaşanda “altılar”ın “dəyirmi masa”sı Moskva ilə Tbilisi arasında münasibətlərin normallaş­ması üçün də ilkin zəmin rolunu oyna­ya bilər. Amma, regional oyunçuların bu “düzümündə” İrəvanın Rusiya ilə münasibətlərdə eksklüzivliyi qoruyub saxlamaqdan ötrü alternativi yoxdur. Yeni regional platforma ideyasının irəli sürüldüyü dönəmdə onun Teh­rana heç bir fayda gətirməyəcəyini deyənlər az deyildi. Guya, Türkiyə­nin bu dövrəyə girməsi ilə İran oyun­dankənar vəziyyətdə qalacaqdır. Amma indi vəziyyət tamamilə ayrı cürdür. Hələlik “beşlik”dən ibarət bu regional platformanın iştirakçıları öz aralarında sülhə, birgə əməkdaşlığa və iqtisadi tərəqqiyə aparacaq yolları müzakirə edirlər. Yəni, üç il əvvəldən fərqli olaraq, bu gün “3+3” formatı Rusiyanın da, İranın da işinə yarayır. Əgər məsələyə obyektiv yanaşılsa, bu modelin Azərbaycanın 44 günlük müharibədən sonra bölgədə yaratdığı yeni reallıqdan doğan bir məsələ oldu­ğunu “altılıq”dakı bütün ölkələr qəbul etməlidirlər. Yəni, fakt göz önündədir: Azərbaycan Cənubi Qafqazdakı yeni hərbi və geosiyasi durumun müəlli­fidir. İndi atacağı addımları da buna uyğun müəyyənləşdirir. 

“Tehran-23”ün görünən və görünməyən tərəfləri

Oktyabrın 23-də Tehranda ke­çirilən “3+3” regional platformanın ikinci məşvərət toplantısınin yekun­larına dair iştirakçılar birgə bəyanat imzalayıblar. Toplantıya təşkilatçı­lığı və evsahibliyi etmiş İİR XİN-in başçısı Hüseyn Əmir Abdullahia­nın, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun, Ermənistan XİN-in başçısı Ararat Mirzoyanın, Rusiyanın baş diplomatı Sergey Lavrovun və Türkiyənin Xarici işlər naziri Hakan Fidanın imzaladıqları 9 bənddən ibarət bəyanatda iştirak­çı ölkələr arasında qarşılıqlı marağa və qonşuluq münasibətlərinə söy­kənən dostluq əlaqələrinin inkişa­fının vacibliyi nəzərə alınaraq, bu­nunla bağlı mübahisələrin dinc yolla nizamlanması, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hör­mət edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışılmaması, BMT Ni­zamnaməsinin bütün prinsipləri əsa­sında insan hüquqlarına hörmət, güc tətbiqinə və ya güclə təhdid etməyə yol verilməməsi öz əksini tapıb.

Bəyanatda, həmçinin region­da möhkəm sülhün əldə edilməsi və onun iqtisadi inkişafı məqsədilə ikitərəfli və çoxtərəfli məsləhətləş­mələrin və qarşılıqlı fəaliyyətin də­rinləşdirilməsi qeyd olunur. Yekun sənədi imzalayanlar regionun bütün ölkələri arasında münasibətlərin tən­zimlənməsinə və inkişafına yönəlik proseslərdən məmnunluğunu ifadə etmiş, bu platformanın Gürcüstanın bərabərhüquqlu iştirakı üçün açıq ol­duğunu bir daha təsdiqləyiblər. 

İlk baxışda “3+3” formatlı Tehran görüşündən iştirakçıların hamısının məmnun qaldığı təəssüratı yaranır. Fəqət İrəvanın təmsilçisi Ararat Mir­zoyanın davranışından və üzünün ifadəsindən Bakının irəli sürdüyü, Türkiyənin dəstəklədiyi bu regional layihənin ölkəsinə “uğurlu perspektiv” vəd etmədiyini sezmək elə də çətin deyildi. Buna isə təəccüblənmək ol­maz. 

Çünki Ermənistanın Fransa baş­da olmaqla Qərbdəki dəstəkçilərindən heç birinin bu platformada təmsil olun­maması onun üçün bir növ təklənmək anlamına gəlir. Müzakirələrdə Ru­siyanın əsas təşəbbüskarlardan biri kimi çıxış etməsi isə Mirzoyanı daha çox narahat edirdi. Axı qarşıda İrəva­nı Zəngəzur dəhlizinə nəzarət uğrun­da Moskva ilə çətin “döyüş” gözləyir. Üstəlik, Kremlin maraqlarına qarşı gedəcəyi təqdirdə onun Şimal–Cənub transmilli marşrutuna qoşula bilməsi barədə rəsmi Tehranın təklifi göydən asılı qala bilər. Biz hələ perspektivdə həmin dəhlizin konkret hansı ərazidən keçməsi və ona nəzarət məsələsində Hayastanın arzularının indiki “qardaşı” İranın iddiaları ilə kəllə-kəlləyə gəlməsi ehtimalını demirik. Beləliklə, İrəvan xe­yiri yenə Azərbaycandan və Türkyədən görə bilər. Xarici İşlər nazirimiz Ceyhun Bayramovun toplantıdakı çıxışında Er­mənistana fürsəti əldən qaçırmamaq barədə çağırışı məhz bu kontekstdə qəbul olunmalıdır. 

Bakının prinsipləri dəyişməzdir

Bəli, “3+3” formatını Cənubi Qafqazda etibarlı sülhün bərqərar ol­ması, bu prosesdə bölgənin böyük güclərinin maraqlarının nəzərə alın­ması baxımından ideal platforma say­maq olar. Əslində, bu, Azərbaycanı məqsədlərinə doğru daşıyacaq “loko­motiv–platforma”dır. Sadəcə olaraq, bu formatda əldə olunacaq bir sıra üstünlüklər Bakıya imkan verəcək ki, Ermənistanı sağlam istiqamətə yönəl­də bilsin. 

Bu kontekstdən yanaşanda onu da qeyd etməliyik ki, “3+3” platfor­masının əsas üstünlüklərindən biri həm Şimal–Cənub marşrutu, həm də Şərq–Qərb istiqamətində olan kom­munikasiya xətlərinin geniş müzakirə­si üçün burada iştirakçılara imkanların yaradılmasıdır. Azərbaycanın mövqe­yindən yanaşsaq, bu format ümumi strateji kanallarımızın fövqündə bu gün müəyyən taktiki üstünlükləri əldə etməyə hesablanıb. Görünən odur ki, bu platformada müzakirə ediləcək mövzuların ağırlıq yükü iqtisadi xarak­terlidir. Elə Rusiyanın baş diplomatı Sergey Lavrov da məşvərət toplantısı­nın yekunlarına həsr olunmuş mətbu­at konfransında verdiyi açıqlamasında vurğunu bunun üzərinə yönəltdi. Onun sözlərinə görə, Moskvanın “3+3”-ə təqdim etdiyi sənəddə bu platforma­da iqtisadi, enerji, ticarət, nəqliyyat, informasiya texnologiyaları, təbii sər­vətlər, humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivləri barədə təkliflər öz ək­sini tapıb. “Tehran–23”-də əldə edilən razılaşmaya əsasən, hər bir iştirakçı ölkə xüsusi nümayəndə təyin edəcək. Və həmin nümayəndə qeyd olunan istiqamətlər üzrə milli ideyaları forma­laşdıracaq.

Azərbaycan “3+3”lə bağlı milli ide­yasını artıq ortaya qoyub. Bu ideyanın əsas prinsipləri şəffaflıq, bərabərlik və ədalətdir. 

Fikrət SADIXOV, 
politoloq

Bu formatda hər hansı qey­ri-regional dövlətin iştirakı yoxdur. “3+3”-in iştitrakçıları belə bir mü­daxiləyə sədd çəkə bilərlər. Düz­dür, biz kənar güclərin bu platfor­maya müdaxilə etmək səylərini görürük. İlk növbədə, Fransanın Ermənistanla əməkdaşlığı çərçi­vəsində canfəşanlığı var. Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamənin qəbuluna da bu kontekstdə baxmalıyıq. Məhz bu baxımdan bölgə ölkələrinin bir araya gələrək məsələləri öz arala­rında müzakirəsi effektli nəticəyə gətirib çıxara bilər. Düşünürəm ki, kənardan müdaxilə ilə bağlı regio­nal oyunçuların hamısı eyni mövqe­dədir. Amma, bu, o demək deyil ki, “3+3” platformasında müzakirəyə çıxarılan məsələlərdə tərəflərin mövqeləri üst-üstə düşür. 

İranın Azərbaycanın mövqeyinə uyğun sayılmayan, yaxud Ermənis­tanın fərqli mövqeyi var. Hər halda, Bakı həm diplomatik, həm də hər­bi-siyasi səviyyədə ortaya qoyulan məsələləri ardıcıl şəkildə həll et­məyə hazırdır. Çünki bugünədək biz hədəflərimizə çatmışıq, planla­dığımız məsələləri həll etmişik. Əl­bəttə ki, postmüharibə dövrünə qa­lan problemlər də mütləq öz həllini tapmalıdır.

Müxtəlif bəhanələrə baxmaya­raq, Zəngəzur dəhlizi açılmalıdır. Bu istiqamətdə, ilk növbədə, İran tərə­findən süni maneələrin yaradılma­sına cəhdlər edilir. Amma Azərbay­can bütün hallarda öz məqsədinə çatacaq. Bu dəhlizin açılmasında Türkiyə kimi, Rusiya da maraqlıdır. Daha böyük layihələrin reallaşma­sına yaşıl işıq məhz Zəngəzurda yandırılacaq. 

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik: 

“3+3” formatının tam işə düşməsi üçün Gürcüstan da ona qoşulmalıdır. Amma, Rusiyaya görə Tbilisi bu addı­mı atmaqdan çəkinir. Bundan başqa, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Bu iki şərt aradan qalxandan sonra “3+3” platforması qarşısına qoyduğu hədəf­lərə çata bilər. Təəssüf ki, İrəvan sülh sazişinin imzalanmasını uzatdığına görə, Zəngəzur dəhlizinin açılması məsələsi də ləngiyir. Düzdür, İran üzə­rindən keçəcək dəhliz protokolu imza­lanıb. Azərbaycanın maliyələşdirəcəyi avtomobil və dəmir yolunun keçəcəyi İranla da münasibətlərdə bəzi suallar cavabsız qalır. Onlar da öz həllini tap­malıdır. 

Dəhlizlərin təhlükəsizliyi məsələ­sinə gəlincə, İran layihəsində elə bir problem yoxdur. Əsas sual Ermə­nistan ərazisindən keçəcək dəhlizin təhlükəsizliyi ciddi mübahisə möv­zusudur. Rəsmi Bakı istəyir ki, bizim avtomobillərimizə və qatarlarımıza baxış həyata keçirilməsin. Ermənis­tan bunun əleyhinədir. O biri tərəfdən Rusiyanın hərbi kontingentini zonaya yerləşdirməsi Paşinyan hakimiyyətinin maraqlarına ziddir. İrəvan təhlükəsiz­liyinə təminatı Qərbdən almaq istəyir. Amma, bu, artıq bizim problemimiz de­yil. Dediyimiz kimi, ortada sülh sazişi olmadığına görə, dəhlizin reallaşması da uzanır. Real görünəni dəhlizin İran ərazisindən keçməsidir. Bundan ötrü inşaat işlərinın aparılması bir yana, Tehran gərək Bakı ilə münasibətlə­ri gərginləşdirməsin. Digər tərəfdən, Moskva İrəvanın təhlükəsizliklə bağlı Qərblə sövdələşməyə gedəcəyindən narahatdır. 

İmran BƏDİRXANLI
XQ





Siyasət