Türkmənistanla əlaqələr yeni mərhələdə
Son illər Azərbaycanın keçmiş sovet müttəfiqi, indiki strateji tərəfdaşı olan Türkmənistanla iqtisadi sahədə əməkdaşlığı regionun inkişafına mühüm töhfələr verir. Hazırda oxşar iqtisadi potensiala malik olan bu iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir.
Azərbaycanın iqtisadiyyat naziri Mikayılov Cabbarovun dəniz qonşumuz olan Türkmənistana səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivləri və birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri müzakirə edilib.
Oktyabrın 4-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Qəbulda dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan–Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Nazir Mikayıl Cabbarov Türkmənistana səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Görüşdə vurğulanıb ki, Türkmənistanla qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində hər iki ölkənin rəhbərlərinin siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin önəmli rolu var. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında əməkdaşlığın güclənməsi fonunda iqtisadi-ticarət əlaqələri də genişlənir. Bildirilib ki, ölkələrimizin ortaq fəaliyyəti və iqtisadi sahədə tərəfdaşlığı regionun inkişafına töhfə verir.
Görüşdə iki ölkə arasında energetika, nəqliyyat, investisiya, ticarət, kənd təsərrüfatı, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı imkanları diqqətə çatdırılıb.
Türkmənistana səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Maksat Babayevlə görüşüb. SOCAR-ın nümayəndələrinin də iştirak etdiyi görüşdə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənməsi, potensial layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Mikayıl Cabbarov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Batır Atdayev arasında keçirilən görüşdə ikitərəfli ticarət dövriyyəsinin artırılması, komissiyanın növbəti iclasının keçirilməsi, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.
Türkmənistanın hökumət başçısının müavini Batır Amanovla görüş zamanı isə iki ölkə arasında enerji sahəsində əlaqələrin inkişaf perspektivləri, birgə layihələrin reallaşdırılması potensialı nəzərdən keçirilib. SOCAR-ın nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycan və Türkmənistan arasında energetika sahəsində imzalanan sənədlərin əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə olduğu vurğulanıb.
Yeri gəlmişkən, Azərbaycan və Türkmənistan keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar kimi uzun illər iqtisadi sahədə uğurla əməkdaşlıq ediblər. Lakin müstəqilliyin ilk illərində iki ölkə arasında iqtisadi münasibətlər xeyli zəifləyib. Yalnız 2007-ci ildə Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradıldıqdan sonra bir çox sahələrdə münasibətlər tədricən bərpa olunmağa başlayıb. Ötən müddətdə birgə hökumətlərarası komissiyanın 6 iclası keçirilib. 2022-ci il noyabrın 29-da Bakıda keçirilmiş sonuncu iclasda hökumətlərarası komissiyanın həmsədrləri tərəfindən 6-cı iclasın yekunlarına dair Protokol imzalanıb. Sənəddə iqtisadi-ticari, energetika, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, şəhərsalma və arxitektura, eləcə də digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri nəzərdə tutulur.
İki ölkə arasında mehriban qonşuluq və tarixi dostluq əlaqələrinə əsaslanan münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu baxımdan 2017-ci il avqustun 8-də Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” xüsusi önəm daşıyır. Bununla yanaşı, hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər.
Bütövlükdə isə, son illər dövlət başçılarının qarşılıqlı səfərləri, iki ölkə arasında əməkdaşlığa dair imzalanmış sənədlər bir çox sahələrdə olduğu kimi, iqtisadi münasibətlərin də genişləndirilməsinə imkan yaradıb. Bu, özünü iki ölkə arasında getdikcə artmaqda olan ticarət dövriyyəsində də aydın göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar–iyul aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 568 milyon 54,4 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən, təqribən, 4 dəfə çoxdur. Ümumi ticarət dövriyyəsinin 515 milyon 267,1 min dolları idxalın, 52 milyon 787,3 dolları isə ixracın payına düşüb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə idxal 354,1 faiz, ixrac isə 462,2 faiz artıb. Bir məqamı da qeyd edək ki, hesabat dövründə Türkmənistan Azərbaycanla ticarət dövriyyəsinə görə ilk 15 ölkədən biri olub.
Azərbaycanla Türkmənistan arasında neft-qaz sahəsində əməkdaşlıq üçün potensial imkanlar mövcuddur. Artıq bu istiqamətdə də ilkin addımlar atılıb. Bu baxımdan 2021-ci ilin yanvarında Aşqabadda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” xüsusi önəm daşıyır.
Göründüyü kimi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Bu istiqamətdə həyata keçirilən tədbirlər isə onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycanla Türkmənistan arasında iqtisadi münasibətlər yaxın illərdə daha da inkişaf edərək bu potensialı tam əhatə edəcək.
Mirbağır YAQUBZADƏ
XQ