Azərbaycanın uğurla əməkdaşlıq etdiyi beynəlxalq maliyyə qurumları sırasında Dünya Bankı (DB) xüsusi yer tutur. Respublikamızda bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələri daim yüksək qiymətləndirilir. Bu gün ölkəmizin DB ilə əlaqələrində özəl sektorun diaqnostikası, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, bərpaolunan enerji və digər sahələrdə əlaqələrin getdikcə möhkəmlənməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə xüsusi önəm verilməsi daha qabarıq nəzərə çarpır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən iqtisadi strategiyanın, eləcə də DB ilə əməkdaşlıqda xüsusi önəm verilən layihələrin uğurlu nəticələri qurumun proqnozlarında, hesabatlarında daim yer alıb. Xüsusilə bankın hesabatlarında respublikamızın vergi və gömrük strukturlarında mühüm yeniliklərə imza atılması, reallaşdırılan islahatlarda əsas məqsədin sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılması kimi məsələlər yüksək qiymətləndirilib.
Fikrimizin təsdiqi kimi, əvvəlcə DB-nin ölkəmizin iqtisadi vəziyyəti ilə bağlı proqnozlarına diqqət yetirək: Bank tərəfindən bu ilin sonunda respublikamızda real ÜDM artımının 1,5 faiz olacağı, bu göstəricinin 2024 və 2025-ci illərdə isə müvafiq olaraq 2,4 və 2,5 faiz artacağı proqnozlaşdırılıb. Xatırladaq ki, 2023-cü ilin yanvar–avqust aylarında Azərbaycanda ÜDM 2022-ci ilin analoji dövrü ilə müqayisədə 0,8 faiz (80 milyard manatadək) yüksəlib.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan 2024-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024–2027-ci illər üçün 60 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə ölkədə ÜDM real ifadədə 1,9 faiz artaraq 119,6 milyard manat təşkil edəcək.
Qeyd edək ki, ÜDM istehsalında əvvəllər olduğu kimi, bu ilin ötən aylarında da yüksək dinamika müşahidə edilib. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, cari ilin 8 ayında ölkədə 70 milyard 372 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ÜDM istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 6 milyon 938 manata bərabər olub.
ÜDM istehsalında yüksək göstəricilərin əldə edilməsini şərtləndirən mühüm amillər sırasında iqtisadiyyatın şaxələndirilməsi mühüm rol oynayıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq, 2010-cu ildə respublikamızın qeyri-neft sektorunda 18,4 milyon manatlıq məhsul istehsal edildiyi halda, çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın indiki həssas dövründə qeyri-neft-qaz sənayesində artım neft-qaz sənayesindəki artımı üstələyib. Mövcud sahədə əlavə dəyər 2023-cü ilin ilk yarısında 6,5 faiz artıb. Ümumi olaraq isə qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə olunub.
Ardıcıl və sistemli surətdə gerçəkləşdirilən sənayenin inkişafına dair Dövlət Proqramının uğurlu icrası da qeyri-neft sektorunun şaxələndirməsini sürətləndirib. Adıçəkilən önəmli sənəd ənənəvi sənaye sahələri ilə yanaşı, ölkə iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturuna malik sənaye zonalarının inkişafına müsbət təsir göstərib. Bunun nəticəsində Azərbaycanın ixrac qabiliyyəti davamlı şəkildə güclənib, idxalı əvəz edən məhsulların istehsalının artırılması reallaşıb. Bunun nəticəsində cari ilin birinci yarısında 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 33,6 faizi ixracın payına düşüb.
İnfrastrukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdirilməsi ilə yanaşı, qeyri-neft-qaz məhsullarının istehsalına, habelə ixracına yönələn yeni sənaye və iqtisadi zonaların yaradılması istiqamətində həyata keçirilən uğurlu layihələr də ÜDM istehsalının artmasında önəmli rol oynayır.
Şübhəsiz ki, bu məsələdə qabaqcıl texnologiyalardan və idarəetmə təcrübəsindən səmərəli yararlanmaq da böyük əhəmiyyətə malikdir. Bundan başqa, ölkədə hökm sürən siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici dövlətlərdən biri kimi tanıdır.
DB ÜDM ilə yanaşı, 2026-cı ilə kimi ölkəmizin dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnozunu da yaxşılaşdırıb. Qurumun hesabatında cari ilin aprel proqnozuna nisbətən 2023-cü ildə büdcə gəlirlərinin ÜDM-in 33,1 faizindən 34,6 faizə qədər artacağını açıqlayıb. Bank 2024-cü il üzrə bu rəqəmi 33,1 faizdən 34,1 faizə kimi, 2025-ci il üzrə isə 31,6 faizdən 32,7 faizədək artırıb. DB, həmçinin dövlət büdcəsinin ÜDM-də payının 2023-cü ildə 3,4 faiz, 2024-cü ildə 3,3 faiz, 2025-ci ildə isə 3,2 faiz təşkil edəcəyini proqnozlaşdırıb.
Bank Azərbaycanda inflyasiya göstəricisinin bu il 9 faiz, 2024-cü ildə isə 5,8 faiz səviyyəsində olacağını da proqnozlaşdırır. Bankın yaz proqnozlarına nisbətən bu gözləntilərin 2023-cü ildə 0,5 faiz artdığı, 2024-cü ildə isə 0,4 faiz azalacağı bildirilir. Sənədə əsasən, 2025-ci ildə Azərbaycanda inflyasiyanın 5,2 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
Azərbaycanın sözügedən beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığında xüsusi önəm verildiyi məsələlərdən biri yuxarıda vurğuladığımız məsələlərdən biri–iqtisadiyyatın rəqəmsallaşması ilə bağlı layihələrin uğurla reallaşdırılmasıdır. Rəqəmsallaşma respublikamızın investisiya cəlbediciliyinə mühüm təsir göstərən amillərdən biri olduğu üçün investorlar tərəfindən bu sahəyə aid infrastrukturun qurulması, eləcə də elektron ticarətin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda təhlükəsiz rəqəmsal ödəniş həllərinin genişləndirilməsi, etibarlı logistik şəbəkələrin təkmilləşdirilməsi kimi güclü rəqəmsal infrastruktur yaradılmasına böyük maraq göstərilir və bu sahədə müsbət göstəricilər əldə olunur.
Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert
Azərbaycan Dünya Bankının hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex - GTMI) 2022-ci il üzrə hesabatında yüksək rəqəmsallaşma səviyyəsinə görə, ölkələrin daxil ola bildiyi birinci qrupda yer alıb.
Bankın Azərbaycandakı əməliyyatlarının yeni mərhələsi 2015-ci ildə təsdiqlənən və 2016–2020-ci illəri əhatə edən Tərəfdaşlıq Çərçivəsi Proqramı (CPF) ilə tənzimlənib. Lakin bu proqramın 2020-ci ildə səmərəliliyi nəzərə alınaraq onun uzadılması qərara alınıb. Bu zaman iki prioritet istiqamət də təsdiq edilib. Belə ki, adıçəkilən proqramda dövlət sektorunda idarəetmə və xidmətlərin göstərilməsi, ölkənin neft-qaz asılılığının azaldılması və insan kapitalına, fiziki infrastruktura, həmçinin daha güclü institutlara investisiyalar yatırmaq yolu ilə iqtisadiyyatın xarici şoklara davamlılığının artırılması kimi strateji hədəflərə cavab verən iqtisadi rəqabətqabiliyyətliliyin böyük əhəmiyyəti önə çəkilib.
“Azərbaycanda məşğulluğa dəstək” layihəsi üzrə bu beynəlxalq maliyyə qurumu tərəfindən respublikamızda özünüməşğulluq proqramının icrası ilə bağlı da mühüm göstəricilər əldə edilib. Belə ki, 2020–2025-ci illəri əhatə edən həmin layihənin icrası nəticəsində 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatının yaradılması, eləcə də məşğulluq xidmətləri və proqramlarının təkmilləşdirilməsinə dəstək verilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Bank son hesabatlarında Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılmasını da yüksək dəyərləndirib. Qurumun yaydığı məlumatlarda ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılmasında nəzərəçarpacaq irəliləyiş əldə edildiyi vurğulanıb. Qeyd edilib ki, son illərdə hökumət tərəfindən qanunvericilik və dövlət idarəçiliyinin restrukturizasiyası və müasirləşdirilməsi, vergi və gömrük praktikasında islahatların aparılması, əmək və sosial müdafiənin təşviqi üzrə institusional tədbirlər reallaşdırılmaqla investisiya mühitinin səmərəliliyi artırılıb. Xüsusilə, vergi prosedurlarının sadələşdirilməsi, vergi yükünün azaldılması, kiçik və orta sahibkarlıq üzrə vergi dərəcələrinin aşağı salınması (4 faizdən 2 faizə), qeyri-neft özəl sektoru üçün vergi güzəştlərinin tətbiqi ilə xarici investisiya mühiti yaxşılaşdırılıb.
Vaqif BAYRAMOV
XQ