Xarici mediada yayılan məlumata görə, Qazaxıstanın Astana şəhərində keçirilən Beynəlxalq Nəqliyyat və Logistika Forumunda Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişaf etdirilməsi müzakirə olunub. Tədbirdə nəqliyyat sistemlərinin inteqrasiyası, multimodal daşımalar sahəsində yeni texnologiyaların və innovasiyaların tətbiqi, yükdaşımaların səmərəliliyinin artırılması və təchizat şəraitinin yaxşılaşdırılması məsələləri nəzərdən keçirilib.
Forum çərçivəsində Mərkəzi Asiyanın ən böyük nəqliyyat, logistika xidmətləri və texnologiyaları sərgisi də reallaşıb. Sərgidə Qazaxıstanla yanaşı, Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Rusiya, Belarus, Monteneqro, Latviya, Çin və Cənubi Koreyadan 90-dan çox şirkətin xidmət, avadanlıq və texnologiyaları nümayiş etdirilib.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
XQ