Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışında Avropanın enerji təhlükəsizliyinin çətinliklərlə üzləşdiyi bir vaxtda Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə yeddi ölkəyə respublikamızdan “mavi yanacaq” istehlak edildiyini, həmçinin yaxın gələcəkdə bu rəqəmin 10 Avropa ölkəsinə qədər artırılacağını bildirib.
Nazir daha sonra təmiz mühit və “yaşıl inkişaf”ın yeni milli inkişaf strategiyamızın beş prioritet istiqamətindən birinə çevrildiyini, Azərbaycan könüllü olaraq 2050-ci ilə qədər istixana qazı tullantılarını 40 faizə endirməyi, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgələrində “yaşıl enerji” zonası yaratmağı öhdəsinə götürdüyünü də vurğulayıb.
Ceyhun Bayramovun sessiyada diqqətə çatdırdığı bu məsələlərlə bağlı əvvəlcə onu bildirək ki, Azərbaycan könüllü olaraq 2050-ci ilə qədər istixana qazı tullantılarını 40 faizə endirmək öhdəliyi götürüb. Yeri gəlmişkən, son illər ölkəmizdə bu istiqamətdə-atmosferə atılan istixana qazlarının azaldılması sahəsində mühüm layihələr icra olunub. Belə ki, ötən il Qlazqo şəhərində keçirilən iqlim sammitində respublikamızın 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyasının həcmini 40 faizə qədər azaldılması şərti hədəf kimi götürülüb və düşməndən təmizlənən ərazilərimizdə “təmiz 0” emissiya zonasının yaradılması ilə əlaqədar planlar bəyan edilib. Bundan başqa, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyi ilə bağlı hədəflər də müəyyənləşdirilib, ətraf mühitə atılan istixana qazlarının 2030-cu ilə qədər 35 faiz azaldılması, elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.
Azərbaycanda son illər həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həllinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Bunun nəticəsidir ki, respublikamızda təmiz ekoloji mühitin gerçəkləşdirilməsi məqsədilə mövcud təbii resursların dayanıqlı və səmərəli istifadəsi, tullantıların idarə edilməsi ilə bağlı infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsinə 360 milyon manatdan çox vəsait ayrılıb ki, bu da 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 24 faizdən artıqdır.
Azərbaycanda atmosferə atılan istixana qazlarının azaldılması və dekarbonizasiya sahəsində də böyük işlər aparılır. “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım ölkəsi”nə çevrilməsi ilə bağlı çoxsaylı tədbirlər planlaşdırılır. Sənəddə qeyd olunduğu kimi, yaxın illərdə ölkəmizdə təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacağı, ətraf mühitə sənayeləşmənin təşviqi məqsədilə tullantıların səmərəli idarə olunması sisteminin inkişafı nəzərdə tutulur. Bunun da nəticəsində tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin ölkə üzrə 20 faizə, regionlarda isə 10 faizə çatdırılacağı gözlənilir.
BMT Baş Assambleyasının 78-ci sessiyasında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinu “yaşıl enerji” zonasına çevirmək məqsədinin də prioritet istiqamət kimi diqqətdə saxlanması məsələsi də xatırladılıb. Bildirilib ki, adları çəkilən iqtisadi rayonlar hazırda sürətlə “yaşıl enerji” zonasına çevrilir. Əslində, bu regionda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək “yaşıl zona”, yaxud “yaşıl məkan” konsepsiyasının hazırlanmasına hələ Vətən müharibəsindəki şanlı qələbəmizdən az sonra başlanılıb.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya mühüm vəzifələr qoyub. Bu məsələ “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.
Prezident İlham Əliyev 2021-ci il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurun ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılmasını qərara alıb.
Sözügedən bölgənin bərpaolunan enerji istehsalı üçün potensialı böyükdür. Belə ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə, Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3 min-4 min meqavatdır. Ərazidə ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə potensialın daha dəqiq hesablanması nəzərdə tutulur.
Qarabağda eləcə də külək enerjisi istehsal etmək mümkün olacaq. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialının hesablanacağı qarşıda önəmli vəzifə kimi durur.
Elman İSKƏNDƏROV,
texnika elmləri doktoru, professor
Ceyhun Bayramovun sessiyada diqqətə çatdırdığı məsələlərdən biri də Cənub Qaz Dəhlizi (CQD) ilə bağlı olub. Bununla əlaqədar qeyd edək ki, təxminən 40 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulan, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan CQD layihəsində ölkəmizin “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə əvvəlcə Türkiyəyə, sonra isə Avropaya çatdırmaq planlaşdırılıb.
Qeyd edək ki, 2018-ci il mayın 29-da Səngəçal terminalında Azərbaycan təbii qazı CQD sisteminə vurulub və beləliklə, “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasilatına başlanılıb. 2018-ci il iyulun sonunda isə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artıb. “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib.
Ötən il CQD vasitəsilə ümumilikdə 21 milyard kubmetr, o cümlədən Avropaya 11,4 milyard kubmetr qaz ixrac edilib. Həmin dövrdə Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumuna əsasən, 2027-ci ilədək TANAP-la qaz nəqlinin indiki 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-la isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Bütün bunlar Avropanın qaz bazarında Azərbaycanın rolunun artırılması məqsədini şərtləndirib.
Bu məqamda xatırladaq ki, keçən il Aİ-nin qaz tədarükünün 3 faizini Azərbaycandan ötürülən “mavi yanacaq” təşkil edib. 2021-ci ildə isə bu göstərici 2 faiz idi. Bu il də analoji səviyyəyə çatmaq gözlənilir. Beləliklə, 2021-ci ildə 8,1 milyard kubmetr Azərbaycan qazı idxal olunmuşdusa, ötən il bu göstərici artıq 11,3 milyard kubmetr təşkil edib.
Göründüyü kimi, artım müşahidə olunur. Bununla da respublikamızla imzalanan Anlaşma Memorandumuna əsasən, 2027-ci ilədək Azərbaycan qazının tədarükünün 20 milyard kubmetrədək artırılması heç bir şübhə doğurmur.
Vaqif BAYRAMOV
XQ