Türk birliyinin iqtisadi qüdrəti yüksəlir

post-img

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətindən danışarkən Azərbaycanın bu qurumun bütün fəaliyyəti dövründə fəal olduğunu vurğulayıb. Dövlət başçısı, eyni zamanda  geniş coğrafiyaya, zəngin təbii sərvətlərə, o cümlədən enerji ehtiyatlarına, bəzi ölkələrin, hətta güclü hərbi imkanlara malik olmaları isə yaxın gələcəkdə TDT-yə üzv dövlətlər arasında siyasi-iqtisadi əməkdaşlığın daha da möhkəmlənəcəyi əminliyi yaratdığını bildirib. 

Azərbaycan lideri çıxışlarında ortaq köklərə, dilə, dinə, ortaq maraqlara əsaslanan TDT-nin hər zaman möhkəmlənməyə zəruri ehtiyacı olduğunu xatırladaraq bu istiqamətdə ölkəmiz tərəfindən bir çox tədbirlər görüldüyünü qeyd edib, hazırda da bu istiqamətdə daha önəmli addımlar atıldığını diqqətə çatdırıb. Ölkə rəhbəri bu əminliyinin təsadüfi olmadığını vurğulayaraq deyib: “Bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və bu birliyi həm tarix, həm də mədəniyyət, adət-ənənələr diktə edir...”.

Təşkilatda təmsil olunan ölkələr arasında ötən müddətdə həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. İndiyədək vaxtaşırı iqtisadi münasibətlər çərçivəsində bu birliyə üzv dövlətlərin müvafiq qurumlarının yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum gerçəkləşdirilib. Həmin tədbirlərdə quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar müsbət nəticələrlə diqqət çəkib. 

Bütün bunlar statistik göstəricilərdə də öz ifadəsini tapıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  “Türk iqtisadi icmalı”nın 2023-cü ilin ilk sayına əsasən, 2021-ci il üzrə türk dövlətlərində ÜDM 1 trilyon 383 milyard dollar, ticarət dövriyyəsi isə 8 milyard 56 milyon dollar təşkil edib. Cari ilin ilk rübündə Özbəkistan iqtisadiyyatı 5,5 faiz, Qazaxıstan iqtisadiyyatı 4,9 faiz, Qırğızıstan iqtisadiyyatı 4,6 faiz, Türkiyə iqtisadiyyatı 4 faiz, Azərbaycan iqtisadiyyatı isə 0,4 faiz böyüyüb. 

2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin artımı baxımından isə ən yaxşı göstərici 100,6 faizlə Türkiyədə qeydə alınıb. Qardaş ölkənin dövlət büdcəsinin gəlirləri 147 milyard 122 milyard 2 milyon ABŞ dolları olub. Türkiyə bu ilin yanvar-mart aylarında da dövlət büdcəsinin gəlirlərinin artımında  fərqlənib, 75,1 faiz təşkil edən 53 milyard 812 milyon  dollar məbləğındə  gəlirlə liderlik mövqeyini saxlayıb.   

Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 4 milyard 758 milyon dollar) və Azərbaycan (ticarət balansı 4 milyard 209 milyon dollar) malik olub. Bu dövr ərzində TDT-nin üzv ölkələrinin hər birində əsas kapitala yönələn vəsaitlərdə də artım müşahidə edilib.   

“Türk iqtisadi icmalı”nın sözügedən sayında ilk dəfə olaraq türk dünyasından keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri də göstərilib. Həmin dəhlizlərin arteriyalar üzrə şaxələndirilməsi isə Avrasiya regionunda nəqliyyat daşımalarında türk dünyasının mövcud potensialını göstərib. 

Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi prosesində aparıcı rola malik ölkələrdəndir. Rəsmi Bakı türk dövlətlərinin inteqrasiyası üçün fəal siyasi təşəbbüslərlə çıxış edir, iqtisadi maraqların uzlaşdırılması məqsədilə koordinasiyanın formalaşmasını gerçəkləşdirir. Bu, respublikamızın türk dövlətləri ilə iqtisadi münasibətlərində özünü aydın nəzərə çarpdırır. Məsələn, 2022-ci ildə Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4,4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlməsi, Türkmənistanla dövriyyədə 5,1 dəfə artım qeydə alınması bunun bariz nümunəsidir.  

Yeri gəlmişkən,  ölkəmizin Türkmənistanla qarşılıqlı ticarətinin həcmi 2021-ci ildəki 105 milyon 23 min dollardan 2022-ci ildə 535 milyon 397 min dollara çatıb. Özbəkistanla ticarətdəki 64 faizlik artım birgə dövriyyəni 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. 

Bu dövrdə Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstanla da ticarət dövriyyəmizdə artım qeydə alınıb. Azərbaycanla bu ölkə   arasındakı dövriyyə ötən il 17 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə ticarət dövriyyəmiz ötən il 6 milyard dollara yaxınlaşıb: 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi 2022-ci ildə 5 milyard 842 milyon dollaradək yüksəlib.

Ayhan SATICI,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri 

Sözügedən quruma üzv ölkələrin ticarət əməkdaşlığında Türk Dövlətləri Təşkilatı (TDT) hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə təsdiq olunan “Türk Dövlətləri Təşkilatı hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” və “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” sazişlər  xüsusi önəm daşıyır. Ümumiyyətlə, bu sənədlər türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı istiqamətində irəliyə atılan əhəmiyyətli addımlardan biridir. Bunun sayəsində TDT hökumətləri arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatların elektron şəkildə mübadiləsi nəzərdə tutulur.   

Adları çəkilən sazişlərin təsdiqlənməsi ilə gömrük dəhlizinin reallaşdırılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta Dəhlizin də fəaliyyətinə müsbət təsir göstərib. Regionda baş verən yeni geosiyasi və geoiqtisadi reallıqlar çərçivəsində, 2020-2021-ci illərdə Orta Dəhliz üzrə yük daşımaları 350 min tondan 530 min tona qədər artıb. Gömrük dəhlizinin yaradılması isə TDT ölkələri arasında sürətli yük daşımalarını, o cümlədən bu sahədə əldə olunan göstəricilərin daha da yüksəlməsini şərtləndirib.  

TDT hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımalarının icra edilməsi regionda nəqliyyat əməliyyatlarını asanlaşdırmaq üçün mühüm addımdır. Bu, həm də TDT ölkələri arasında yük daşımaları prosedurlarının asanlaşdırılması ilə yanaşı, Orta Dəhliz boyunca əməkdaşlığın inkişafına, nəqliyyat, sərhəd və gömrük prosedurlarının rəqəmsallaşdırılmasına əlverişli şərait yaradır. Belə bir şərait isə TDT ölkələri arasında, həmçinin marşrut boyunca tranzit potensialının artmasını və bu prosesdə iştirak edən ölkələrin regional və beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiyanı sürətləndirir.   

Azərbaycanın bu proseslərdə fəal şəkildə iştirak etməsini yalnız qəbul edilən qanun layihələri ilə deyil, Zəngəzur Dəhlizi boyunca sürətlə aparılan işlərlə də müşahidə etmək mümkündür. Çünki Zəngəzur Dəhlizi də Orta Dəhliz üzrə Cənubi Qafqazdan keçən marşrutun diversifikasiyasına və türk dövlətləri arasında coğrafi baxımdan bağlantısına xidmət edir.

Vaqif BAYRAMOV 
XQ

 



İqtisadiyyat