Ombudsmandan: Ermənistanın mina terroru hərbi cinayətdir

post-img

İşğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir. XQ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın bəyanatında qeyd edilib.

Bəyanatda bildirilib ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən mina terroru azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan mülki şəxslərin həyat və sağlamlıqlarına təsir etməklə yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır.

Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməkdən imtina etməsi bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüququn normalarına etinasız münasibətini bir daha sübut edir.

“Ombudsman olaraq, mülki şəxslərin həyatını itirməsinə səbəb olan, regionda sülh quruculuğu prosesinə xələl gətirən bu təxribatı şiddətlə pisləyir, beynəlxalq ictimaiyyəti dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməsi üçün Ermənistana təzyiq göstərməyə və bu ölkənin törətdiyi mina terroruna reaksiya verməyə çağırıram”, - deyə Səbinə Əliyeva vurğulayıb.

Siyasət