Dünən Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən XQ-yə bildirilib ki, əvvəlcə Komissiyanın bu il mayın 26-da keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi ilə bağlı məsələyə baxılıb.
Diqqətə çatdırılıb ki, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki dairələri üzrə seçicilərin sayının orta təmsilçilik normasına uyğunlaşdırılmasını təmin edir, bu məqsədlə ardıcıl və sistemli tədbirlər görür, mütəmadi olaraq seçki dairələrinin sxemi və onun qrafik təsvirini nəzərdən keçirir, qanunvericiliyin tələblərini rəhbər tutaraq lazımi addımlar atır.
Seçicilərin sayının artım dinamikasının təhlilinə əsasən hazırda seçki dairələrində orta təmsilçilik normasının Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun tənzimlənməsinə zərurət yarandığından, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq olunması üçün hüquqi əsaslar yaranıb. İclasda bununla bağlı qərar qəbul olunub.