Bakının Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi davam edir. Forum çərçivəsində şəhərin müxtəlif məkanlarında, xüsusilə də “Urban Expo” mərkəzində genişmiqyaslı sərgilər təşkil olunub. Burada qeyri-adi ölkələr öz milli pavilyonlarını və stendlərini quraraq şəhərsalma, dayanıqlı inkişaf və urban idarəetmə sahəsində əldə etdikləri təcrübələri yerli və xarici iştirakçılarla bölüşürlər.
Qlobal platformada müxtəlif regionların urban inkişaf modelləri müqayisəli şəkildə təqdim olunur və şəhərlərin gələcək inkişaf trayektoriyaları müzakirə edilir. İri planda sərgilənən mövzulardan biri Afrika ölkələrinin şəhərsalma mənzərəsidir. Sürətli urbanizasiya, infrastruktur çatışmazlığı, qeyri-rəsmi yaşayış məntəqələrinin genişlənməsi, su və kanalizasiya sistemlərinin zəifliyi, eləcə də iqlim dəyişikliklərinə həssaslıq kimi problemlər ilk baxışda diqqəti cəlb edir.
Sürətli urbanizasiya, infrastruktur ehtiyacları və dayanıqlı inkişaf çağırışları fonunda belə təcrübə mübadiləsi onların şəhər idarəetmə modellərinin təkmilləşdirilməsi üçün hansı imkanlar yaradır?
TANZANİYA
Rafael KİLOFİ,
Regional siyasət üzrə tədqiqatçı:
– Tanzaniya inkişaf etməkdə olan, demoqrafik baxımdan əhalisi gənc və sürətlə şəhərləşən ölkədir. Bu səbəbdən şəhərsalma və mənzil təminatı məsələləri milli prioritetlərimiz sırasında yer alır. Hazırda şəhərsalma, yerli idarəetmə strukturlarının gücləndirilməsi və icma əsaslı inkişaf layihələrinin koordinasiyası üzərində çalışırıq.
Ümumdünya Şəhər Forumunda iştirak etməyimizdə əsas məqsəd qlobal təcrübəni öyrənmək, fərqli idarəetmə modellərini təhlil etmək və öz ölkəmizə uyğun yanaşmaları müəyyənləşdirməkdir.
Ölkəmizdə xüsusilə əlçatan mənzil təminatı istiqamətində genişmiqyaslı dövlət proqramları icra olunur. Bu proqramlar çərçivəsində dövlət və özəl sektorun əməkdaşlığı təşviq edilir. Məqsəd yalnız yaşayış binalarının sayını artırmaq deyil, eyni zamanda, keyfiyyətli, davamlı və sosial baxımdan əlverişli şəhər mühitinin formalaşdırılmasıdır. Gənclər, aztəminatlı ailələr və sürətlə artan şəhər əhalisi bu siyasətin əsas hədəfidir.
Azərbaycana gəlməzdən əvvəl ölkəniz haqqında yalnız ümumi təsəvvürüm var idi. Coğrafi baxımdan mürəkkəb və strateji mövqedə yerləşdiyindən, regionu yaxından tanımaq imkanım olmamışdı.
Lakin Bakıya gəldikdən sonra tamamilə fərqli və çox müsbət mənzərə ilə qarşılaşdım. Şəhərin planlaşdırılması, müasir infrastruktur, yol və nəqliyyat sistemi, eləcə də yaşayış komplekslərinin keyfiyyəti mənə xoş təsir bağışladı. Bakı həm tarixi, həm də müasir elementləri özündə birləşdirən nadir şəhərlərdəndir. Eyni zamanda, forumun təşkili yüksək səviyyədə həyata keçirilib. Logistika, iştirakçıların koordinasiyası və ümumi proqramın ahəngdar icrası çox sistemli və dəqiq qurulub.
EFİOPİYA
Valaleh BEKELE,
Efiopiya nümayəndə heyətinin üzvü:
– WUF13 çərçivəsində aparılan müzakirələrin qlobal miqyasda urban inkişaf siyasətlərinə ciddi təsir potensialı var. Urbanizasiya bu gün təkcə regional deyil, bütün dünya üçün ortaq çağırışa çevrilib. Mənzil təminatı, sürətli əhali artımı, iqlim dəyişiklikləri, nəqliyyat sistemlərinin yükü və sosial bərabərsizlik kimi problemlər həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrin şəhər gündəminin əsas istiqamətlərini müəyyən edir.
Efiopiyada, xüsusilə paytaxt Əddis-Əbəbədə bu çağırışlar daha kəskin şəkildə müşahidə olunur. Son illərdə şəhərdə baş verən sürətli insan artımı, kənd yerlərindən şəhərə yönələn axın ilə birlikdə mövcud infrastruktur üzərində əhəmiyyətli təzyiq formalaşdırır. Nəticə etibarilə, mənzil təminatı, ictimai nəqliyyatın genişləndirilməsi, içməli su və kanalizasiya sistemlərinin modernləşdirilməsi, eləcə də məşğulluq imkanlarının artırılması şəhər idarəetməsinin əsas prioritetləri kimi önə çıxıb.
Eyni zamanda, plansız urbanizasiya prosesləri və qeyri-rəsmi yaşayış məntəqələrinin genişlənməsi şəhərsalma siyasətinin səmərəliliyinə əlavə çətinliklər yaradır. Bu çərçivədə əsas məqsəd şəhər inkişafını keyfiyyət və dayanıqlılıq prinsipləri əsasında qurmaqdır. Çağdaş yanaşmanın tətbiqi isə sosial bütövləşmənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ümumilikdə, belə beynəlxalq forumlar qlobal əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm platforma rolu oynayır. Çünki urbanizasiya ilə bağlı struktur problemləri heç bir ölkə təkbaşına həll edə bilməz. Bu baxımdan, Əddis-Əbəbənin həm regional, həm də qitə miqyasında mərkəzi şəhər kimi dayanıqlı və innovativ şəhər inkişafı modellərinin formalaşdırılmasında daha fəal rol oynaması əsas hədəfimizdir.
Son illərdə yol infrastrukturu, yaşayış layihələri və “yaşıl şəhər” məkanlarının genişləndirilməsi istiqamətində müəyyən irəliləyişlər əldə olunub. Lakin bu sahədə görüləcək işlər də çoxdur və beynəlxalq tərəfdaşlıq bu prosesin əsas dayaqlarından biridir.
QVİNEYA
Yusuf Dekazi KAMARA,
Qvineya nümayəndə heyətinin üzvü:
– Bakı forumunda iştirak etməkdə marağımız zəngin və fundamental təcrübəni yaxından öyrənmək, onun mütərəqqi yönlərini mənimsəməkdir. Bakıda apardığımız müşahidələr söyləməyə əsas verir ki, burada şəhər infrastrukturunun təşəkkülü və ümumi memarlıq-şəhərsalma prosesləri olduqca yüksək səviyyədə təşkil olunub. Şübhəsiz, bu mənzərə bizim üçün dəyərli nümunədir.
Biz bu mötəbər platformaya həm də uzaq Qvineyanın keçdiyi inkişaf yolunu, qazandığı təcrübəni bölüşmək üçün gəlmişik. Hazırda vətənimizdə 100 minlərlə ailənin mənzil şəraitinin yaxşılaşdırmaq üçün irihəcmli layihələr icra olunur. Bu nəhəng quruculuq işlərində yerli mütəxəssislərlə yanaşı, dünyanın aparıcı şirkətləri də fəal iştirak edir. Odur ki, bu səfəri təcrübə mübadiləsi, mədəniyyətlərin dialoqu kimi dəyərləndiririk.
Tarixi təcrübə göstərir ki, böyüyən şəhərlərin qarşısında duran ən çətin sınaq maliyyə resurslarının səmərəli idarə edilməsi və infrastruktur xərclərinin optimallaşdırılması olmuşdur. Kütləvi mənzil tikintisi sahəsində bu iqtisadi və sosial çağırışlar özünü daha qabarıq şəkildə göstərir. Qvineya son illərdə öz tarixinin mühüm və həlledici intibah mərhələsinə qədəm qoymuşdur.
Ölkəmiz əvəzsiz təbii sərvətlər beşiyi olsa da, təəssüf ki, əvvəlki dövrlərdə bu potensialdan kifayət qədər yararlanmaq mümkün olmamışdır. Lakin son illərin dövlət iradəsi və düzgün strategiyası sayəsində bu durum geridə qalmış, ölkənin siması dəyişməyə başlamışdır. Bu gün Qvineyanın dörd bir yanında yeni magistrallar salınır. Mənzil fondu sürətlə genişlənir və gələcəyin təməlini qoyan irimiqyaslı infrastruktur layihələrinə həyat verilir.
Əlbəttə, bu inkişaf yolu hələ tamamlanmayıb. Bilirik ki, qarşıda bizi görüləsi çoxlu fədakar işlər gözləyir. Bununla belə, tutduğumuz yolun doğruluğu, ümumi tendensiyanın müsbət xarakteri gələcəyə daha böyük ümidlə baxmağımıza əsas verir.
NİGERİYA
Əbdürrəhman ƏBDÜLRAZZAQ,
Nigeriya nümayəndə heyətinin üzvü:
– Ölkəmizdə urban inkişaf prosesləri son illərdə çox sürətlə gedir. Lakin bu sürət mövcud infrastrukturun inkişaf tempini üstələdiyi üçün bir sıra ciddi çağırışlar formalaşdırıb
Əsas problemlərdən biri sürətli və nizamsız şəhərləşmə prosesidir. Xüsusilə Laqos kimi meqapolislərdə əhali artımı şəhər infrastrukturuna, o cümlədən nəqliyyat, su təchizatı və kanalizasiya sistemlərinə ciddi təzyiq göstərir. Bu vəziyyət həm xidmətlərin keyfiyyətinə, həm də ümumi şəhər idarəetməsinin səmərəliliyinə təsir edir.
Digər mühüm problem mənzil çatışmazlığıdır. Artan əhali tələbatı ilə uyğunlaşmayan yaşayış fondu qeyri-rəsmi məskunlaşma ərazilərinin genişlənməsinə səbəb olur. Bu isə şəhər planlaşdırmasının kompleksləşməsinə və sosial infrastruktur üzərində əlavə yükün yaranmasına gətirib çıxarır.
Bununla yanaşı, nəqliyyat sistemlərinin yüklənməsi və tənzimlənməsindəki çətinliklər də gündəlik şəhər həyatının keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Tıxaclar, ictimai nəqliyyatın yetərsizliyi və yol infrastrukturunun genişlənmə ehtiyacları şəhər iqtisadiyyatının imkanlarını məhdudlaşdırır.
Eyni zamanda, sosial bərabərsizlik və qeyri-formal iqtisadi sektorun genişliyi də şəhər inkişafının dayanıqlılığını zəiflədir. Bu amillər şəhər idarəetməsində daha çevik və uzunmüddətli siyasətin həyata keçirilməsini zəruri edir.
Ümumilikdə, Nigeriya üçün əsas çağırış şəhər artımını daha planlı, dayanıqlı və sosial baxımdan balanslı şəkildə idarə etməkdir.
Hazırladı:
Fidan ƏLİYEVA,
Rauf İBRAHİMOV (foto)
XQ

