7 ayda qeyri-neft ixracı 18 faiz çoxalıb

post-img

Respublikamızda xarici ticarət dövriyyəsi və ixrac əməliyyatlarının getdikcə genişləndirilməsi ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdən biridir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.

Xarici ticarət əlaqələrinin genişlənmə­sini ifadə edən rəqəmlərə diqqət yetirən­də bu, aydın görünür. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına əsasən, 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri–neft sektoru üzrə ixrac isə ötən ilin müvafiq dövrü ilə müqayisə­də 17,8 faiz artaraq 2 milyard dollar təşkil edib.

Mərkəzin məlumatında, həmçinin bil­dirilir ki, cari ilin yanvar–iyul ayları ərzin­də yeyinti məhsulları üzrə ixrac 520 mil­yon ABŞ dollarına bərabər olub. Hesabat dövründə elektrik enerjisi ixracı 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 4,4 dəfə, şəkər ixracı 53,1 faiz, meyvə–tərəvəz ix­racı isə 46,6 faiz artıb.

Bu ilin yanvar-iyul ayları ərzində aq­rar və aqrar–sənaye məhsulları üzrə bir­gə ixracın statistik dəyəri 10,6 faiz arta­raq 540,2 milyon ABŞ dolları təşkil edib. Qeyri–neft–qaz ixracının tərkib hissəsin­də əhəmiyyətli yer tutan aqrar–sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3 faiz artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.

Azərbaycanın xarici ticarət-iqtisa­di əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ər­zaq mallarının çəkisinin artması ilə bağ­lıdır. Məlumat üçün bildirək ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı reallaşdırılan tədbirlər nəticəsində bu səhədə rəqabətqabiliy­yətli məhsulların istehsalı xeyli artıb. Ar­tıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə artır. 

Bu ilin iyul ayının qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artaraq 233,2 milyon ABŞ dolları təşkil edib. Cari ilin iyul ayı ərzində yeyin­ti məhsulları üzrə ixrac 60,1 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə isə 1,5 faiz artaraq 173,2 milyon ABŞ dollarına bərabər olub.

Bu ilin ötən 6 ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahı­sında elektrik enerjisi (314,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (120,7 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (68,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Respublikamızda dövlət səviyyə­sində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının reallaşdırılması və inhisar­çılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqi­nin düzgün müəyyənləşdirilməsi, göm­rük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əl­verişli investisiya mühitinin yaradılması və s. xarici ticarət əlaqələrin həcminin və coğrafiyasının daha da genişlənməsinə müsbət təsir göstərib. Bunun nəticəsidir ki, cari ilin ilk 6 ayı ərzində Rusiya Fe­derasiyasına 552,3 milyon ABŞ dolları, Türkiyəyə 512,5 milyon ABŞ dolları, Gür­cüstana 180,3 milyon ABŞ dolları, İsveç­rə Konfederasiyasına 68,6 milyon ABŞ dolları, Qazaxıstana isə 58 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

V.BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat