Qara torpağın üzağardan vədəsidir

post-img

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın mühüm növ kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, eləcə də ixrac potensialının artırılması məqsədilə əkin sahələri ilbəil genişlənir. Torpağa düşən hər bir dən isə cücərib boy ataraq əkin-biçin adamının üzünü ağardır. Məhsulunu piştaxtaya, dükün-bazara yollayan fermer əməyinin nəticəsindən, ölkədə məhsul bolluğuna verdiyi töhfədən məmnun qalır. Dövlətin aqrar sektorun inkişafına verdiyi dəstək də sahibkarın karına gəlir, onu torpağa möhkəm bağlayır. Bu da son nəticədə ölkədə kənd təsərrüfatının ümumi məhsulunun artmasına səbəb olur. Təkcə onu qeyd etmək kifayətdir ki, son 20 ilə yaxın bir dövr ərzində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfəyə yaxın artıb. 

Məhsul bolluğuna nail olunması isə yazlıq bitkilərin aqrotexniki qaydada apa­rılmasından çox asılıdır. Bu məqsədlə ilin əvvəlindən başlayaraq, sahələrdə kifayət qədər dənli və dənli paxlalı bitkilər, dən üçün günəbaxan, pambıq, şəkər çuğun­duru, tütün, kartof, eləcə də tərəvəz və bostan bitkiləri əkilib. Azərbaycan Res­publikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar–may aylarında ölkə üzrə cari ilin məhsulu üçün 341 min 816,1 hektar sahədə yazlıq səpin aparılıb. 

Cari ilin 5 ayında təsərrüfatlarda 29 min 333 hektar sahədə dənli və dənli pax­lalı bitkilər (qarğıdalısız) əkilib. Hesabat dövründə dənli və dənli paxlalı bitkilərdən sayılan buğda və vələmirin əkinində nis­bətən azalma baş versə də, çəltik əkinin­də əhəmiyyətli artım qeydə alınıb. Belə ki, əkin mövümündə çəltikçiliklə məşğul olan təsərrüfat sahibləri 2 min 325,9 hek­tarda sahədə şitil basdırıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 182,8 hektar və ya 8,5 faiz çoxdur. Bu isə son illər ölkədə qədim əkin növünə marağın getdikcə artması ilə izah olunmalıdır. Bundan əlavə, ilin ötən 5 ayında ölkə üzrə 4 min 534,8 hektar şəkər çuğundu­ru, 93 min 961,1 hektar pambıq, 2 min 637,8 hektar tütün, 48 min 990,3 hektar kartof, 59 min 321,6 hektar tərəvəz və 16 min 906,7 hektar bostan bitkiləri əkilib. 

Yazlıq bitkilərin bölgələr üzrə əkininə gəldikdə isə, bu sahədə ən böyük artım Lənkəran–Astara iqtisadi rayonunda qeydə alınıb. Belə ki, yanvar-may ayla­rında adıçəkilən iqtisadi rayon üzrə 32 min 331,9 hektar sahədə əkin aparılıb ki, bu da əvvəlki ilin ilk dörd ayı ilə müqa­yisədə 704,7 hektar və ya 2,2 faiz artım deməkdir. Hesabat dövründə Qazax-To­vuz və Şəki-Zaqatala iqtisadi rayonların­da da yazlıq bitkilərin əkinində artım baş verib. 

Cari ilin yanvar–may aylarında dən­li və dənli paxlalı bitkilərin əkini üzrə ən yüksək artım Qazax–Tovuz iqtisadi ra­yonunda qeydə alınıb. Belə ki, hesabat dövründə adıçəkilən iqtisadi rayon üzrə 4 min 110,9 hektar sahədə əkin aparılıb ki, bu da 2022-ci ilin eyni dövründəkindən 2 min 684,5 hektar və ya 2, 9 dəfə çoxdur. Bununla yanaşı, ilin 5 ayı ərzində Gən­cə–Daşkəsən, Şirvan–Salyan, Lənkə­ran–Astara, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında da dənli və dənli paxlalı bitkilərin əkinində artım müşahidə olunub. 

Hesabat dövründə ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayan buğda istehsalının artırılması üçün 3 min 518,6 hektar sahədə səpin aparılıb. Bu, əvvəlki ilin müvafiq dövrün­dəkindən az olsa da, sahələrdə aparılmış aqrotexnuki tədbirlər hesabına hektarın məhsuldarlığında artım hiss olunur. Cari ilin 5 ayında buğda əkini üzrə ən yüksək artım Gəncə–Daşkəsən iqtisadi rayo­nunda qeydə alınıb. Belə ki, hesabat dövründə adıçəkilən iqtisadi rayon üzrə 912,6 hektar sahədə buğda əkilib ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 21 dəfə çoxdur. Bununla yanaşı, hesabat dövründə Naxçıvan Muxtar Respulika­sında, eləcə də Qarabağ, Qazax–Tovuz və Dağlıq Şirvan iqtisadi rayonlarında da buğda əkinində artım baş verib. 

Qarğıdalı əkininə gəldikdə isə, ilin ötən dövründə ölkə üzrə bu sahədə müəyyən azalma müşahidə olunub. Bu­nunla belə, Mil–Muğan, Şərqi Zəngəzur, Gəncə-Daşkəsən, Şirvan-Salyan, Lənkə­ran-Astara və Şəki–Zaqatala iqtisadi ra­yonlarında əkin sahələri əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli artırılıb. 

2023-cü ilin yanvar-may aylarında ölkədə şəkər çuğundurunun əkinində isə ən yüksək artım Dağlıq Şirvan iqtisadi rayonunda (94,7 faiz) qeydə alınıb. Bu­nunla yanaşı, ilin 5 ayında Gəncə–Daş­kəsən, Qazax–Tovuz və Quba–Xaçmaz iqtisadi rayonlarında da şəkər çuğundu­runun əkinində artım dinamikası yüksək olub. 

Bu ilin ötən dövründə Azərbaycan­da tütün əkinində də əhəmiyyətli artım qeydə alınıb. Bu sahədə ən yüksək ar­tım isə Qazax–Tovuz iqtisadi rayonunda baş verib. Belə ki, hesabat dövründə adıçəkilən iqtisadi rayon üzrə 110 hektar sahədə tütün əkilib ki, bu da əvvəlki ilin 5 ayı ilə müqayisədə 42 hektar və ya 61,8 faiz çoxdur. Ölkə üzrə ən çox tütün isə Şəki-Zaqatala iqtisadi rayonunda (2 min 443,8 hektar) əkilib. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 397,1 hektar və ya 19,4 faiz artıqdır.

Cari ilin yanvar–may aylarında ölkə üzrə kartof, tərəvəz və bostan bitkiləri­nin əkinində azalma qeydə alınsa da, Şərqi–Zəngəzur iqtisadi rayonunda adıçəkilən kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə maraq yüksək olub. Bu da işğaldan azad olunmuş ərazilərimiz­də həyatın tədricən əvvəlki məcrasına qayıtması, minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş torpaq­ların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlıdır. Bütövlükdə isə, hesabat döv­ründə Şərqi-Zəngəzur iqtisadi rayonunda 129, 8 hektar sahədə kartof əkilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 3,5 dəfə çoxdur. Bununla yanaşı, ilin 5 ayı ərzində adıçəkilən iqtisadi rayon üzrə bostan məhsulları və tərəvəz əkinində də müvafiq olaraq 71,7 faiz və 69, 6 faiz ar­tım qeydə alınıb. Hesabat dövründə Qa­rabağ, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax–Tovuz, Quba–Xaçmaz və Mərkə­zi Aran iqtisadi rayonlarında isə tərəvəz və bostan məhsullarının əkin sahələri xeyli genişləndirilib. 

...Hazırda ölkədə bəzi mövsümi kənd təsərrüfatı məhsullarının yığımı sürətlə davam etdirilir. Artıq aran bölgələrində taxıl biçini tədricən sona yaxınlaşır. Yaxın vaxtlarda isə dağ təsərrüfatlarında biçinə start veriləcək. Yeri gəlmişkən, mövsüm ərzində havaların nisbətən yağmurlu keçməsi sahələrdə bol məhsulun yetiş­məsinə səbəb olub. Bunun nəticəsidir ki, indi dükan-bazarlarda kartof, tərəvəz və bostan məhsullarının bolluğu müşahidə olunur. Bundan isə həm fermerlər, həm də alıcılar razıdırlar. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat