Prezident İlham Əliyev son illərdə sosial-iqtisadi çağırışları nəzərə alaraq ölkədə islahatları daha da sürətləndirib. Bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanıb. Genişmiqyaslı yeniliklər respublikada yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb.
Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın nüfuzlu təşkilatlarının, aparıcı iqtisadi-maliyyə institutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin diqqətindən də kənarda qalmır və yüksək qiymətləndirilir.
Beynəlxalq reytinq agentliklərinin proqnozları təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olur və bütün bunlar dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.
Fikrimizin təsdiqi üçün diqqəti Birləşmiş Millətlər Təşkilatının (BMT) rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal sorğusuna əsasən, Azərbaycanın mühüm irəliləyiş əldə edərək regionda lider mövqedə qərarlaşdığı faktına yönəltmək istərdik.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən BMT-nin sorğusunun nəticəsinə əsasən, bildirilib ki, respublikamız Qazaxıstan (76,34 faiz), Belarus (72,04 faiz), Ukrayna (60,22 faiz), Özbəkistan (84,95 faiz), Moldova (62,37 faiz), Ermənistan (75,27 faiz) və digər dövlətləri qabaqlayaraq, region ölkələri arasında lider olub. Bundan əlavə, Azərbaycan bir sıra Avropa ölkələrini, o cümlədən Finlandiya (87,10 faiz), Fransa (79,57 faiz), İtaliya (84,95 faiz), Latviya (75,27 faiz), Litva (81,72 faiz), Portuqaliya (84,95 faiz) və Norveçi (84,95 faiz) də üstələyib.
Son illərdə Azərbaycanın “şəffaflıq” və “kənd təsərrüfatı sektorunda ticarətin asanlaşdırılması” ilə bağlı istiqamətlərdə həyata keçirdiyi layihələr müsbət nəticələrlə müşahidə olunub. “Kağızsız ticarət” və “İnstitusional mexanizmlər və əməkdaşlıq” kateqoriyalarında da nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə edilib. Bu kateqoriyalar üzrə respublikamızın indeksi müvafiq olaraq 85,2 faizdən 88,9 faizə və 77,8 faizdən 88,9 faizə yüksəlib.
Azərbaycanın sözügedən sorğudakı nəticələri ötən il dərc edilən “Azərbaycanın transsərhəd kağızsız ticarətə hazırlığının qiymətləndirilməsi” adlı ölkə hesabatına əsaslanır. Bu hesabat Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın (ESCAP) ekspertlərinin birbaşa nəzarəti ilə BMT-nin ESCAP (ESCAP-ın Şimali və Mərkəzi Asiya üzrə Subregional şöbəsi) məsləhətçilər qrupu tərəfindən hazırlanıb.
Hesabat dünyanın 160-dan çox ölkəsini və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişi (TFA) ilə bağlı 60 tədbiri, eləcə də kağızsız və ya elektron ticarət sahəsində Asiya-Sakit Okean regionunda Transsərhəd Kağızsız Ticarət Prosedurlarının Asanlaşdırılması üzrə Çərçivə Sazişi kimi qabaqcıl regional, həmçinin qlobal təşəbbüsləri əhatə edir.
Qeyd edək ki, sorğu ilə bağlı məlumatların iştirakçı qurumlarla əlaqələndirilməsi və konsolidasiyası Dövlət Gömrük Komitəsi (DGK) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, eləcə də aidiyyəti dövlət qurumlarının və özəl sektorun dəstəyi ilə həyata keçirilib.
BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasında (ESCAP) Azərbaycan üzrə milli əlaqələndiriciləri Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov və İİTKM-in icraçı direktoru Vüsal Qasımlıdır. Onlar milli səviyyədə koordinasiya, informasiya mübadiləsi və birgə planlaşdırmanı həyata keçirirlər.
ESCAP-ın Azərbaycan üzrə məsləhətçilər qrupu bildirir ki, Azərbaycan rəqəmsallaşma və effektiv idarəetmə metodları vasitəsilə ticarət prosedurlarının genişləndirilməsi və asanlaşdırılması kimi müasir çağırışlara sadiqliyini nümayiş etdirir: “Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar dünya miqyasında davamlı və səmərəli ticarət təcrübələri üçün motivasiya mənbəyi rolunu oynayır və hesabatda vurğulanan tövsiyələr nəzərə alınarsa, şübhəsiz ki, növbəti qlobal sorğuda ən yüksək nəticələrə nail olunacaq”.
Qeyd edək ki, aparılan islahatlar nəticəsində Azərbaycan son 8 ildə mühüm nailiyyətlər əldə edib. Belə ki, ölkənin ticarət prosedurlarının asanlaşdırılması üzrə ümumi balı 47,31 faizdən 87,10 faizə yüksəlib ki, bu da əvvəlki ildəki 84,95 faizlik göstərici ilə müqayisədə 2,15 faizlik artım deməkdir.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Azərbaycanın rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə regionda lider mövqedə qərarlaşması respublikamızda ötən illər ərzində bu sahədə geniş islahatlar həyata keçirilməsi, “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması ilə bağlı olub. Şübhəsiz ki, bütün bunlar ölkəmizin xarici ticarət əməliyyatlarının genişləndirilməsinə müsbət təsir göstərib. Azərbaycan, həmçinin 2021-ci il fevralın 20-də qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən biri olub və bu sahədə reallaşdırılan digər islahatlar qlobal müstəvidə respublikamızın mövqeyinin yaxşılaşdırılmasında mühüm rol oynayıb.
BMT-nin hesabatında Azərbaycanın rəqəmsal və davamlı ticarətin asanlaşdırılması istiqamətində gördüyü işlərin yüksək qiymətləndirilməsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən gerçəkləşdirilən innovativ layihələrin də xüsusi önəm daşıdığı vurğulanıb.
Hesabatda ölkədə cari vəziyyətin qiymətləndirilməsinin həyata keçirilməsi ilə yanaşı, transsərhəd kağızsız ticarətin yaxşılaşdırılması məqsədilə gələcək üçün tövsiyələr də təqdim olunub.
Azərbaycan ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən indiki strateji dövrdə dövlətimizin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilən bölgələrə tarixi qayıdış və əbədi məskunlaşmanın gerçəkləşdirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”