Azərbaycan sosial-iqtisadi məsələlərə dair konseptual baxışların formaşdırılmasında və dayanıqlı iqtisadi inkişaf hədəflərinə nail olunmasında beynəlxalq təşkilatlarla, xüsusilə də Dünya Bankı ilə əməkdaşlığa və məsləhətləşmələrə önəm verir.
Bu fikri iyunun 16-da Bakıda Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər” (GEP) hesabatının təqdimatı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov səsləndirib. Dünya Bankı ilə ölkəmizin məhsuldar tərəfdaşlığının və bankın dəstəyi ilə həyata keçirilən layihələrin iqtisadi inkişafa xüsusi töhfələr verdiyini vurğulayan nazir müavini GEP hesabatına dair təqdimatın Azərbaycanda ilk dəfə keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib.
O deyib ki, hesabatda inkişaf etməkdə olan iqtisadiyyatlara xüsusi diqqət yetirilməklə qlobal iqtisadi hadisələr və perspektivlər araşdırılır. Bu baxımdan hesabatın mühüm praktik əhəmiyyətə malik olduğunu diqqətə çatdıran S. Məmmədov bildirib ki, sözügedən sənəd iqtisadi idarəetmə, biznes, investorlar, maliyyə-bank sektoru üçün vacib məlumat mənbələrindən biridir.
Tədbirdə qlobal çağırışlara adekvat yanaşma, ölkə iqtisadiyyatının daha sürətlə şaxələndirilməsi və dayanıqlı iqtisadi artımın təmin olunması, azad edilmiş ərazilərimizin bərpası və reinteqrasiyası məqsədilə həyata keçirilən 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası və digər dövlət proqramları çərçivəsində görülən işlər barədə məlumat verilib. Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısına, eləcə də beynəlxalq əhəmiyyətli nəqliyyat və nəqliyyat-logistika qovşağına çevrildiyi, ölkəyə strateji investorların marağının əhəmiyyətli dərəcədə artdığı vurğulanıb.
Yeri gəlmişkən, ekspertlər hesab edirlər ki, “Qlobal İqtisadi Perspektivlər” hesabatı Azərbaycanın yuxarı-orta gəlirli ölkə kimi qlobal iqtisadiyyat barədə müzakirələrə daxil edilməsi və Dünya Bankının gələcək hesabatlarında ölkəmizin mövqeyinin nəzərə alınması baxımından əhəmiyyət daşıyır.
Təqdimat mərasimində çıxış edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl qlobal iqtisadiyyatda baş verən dəyişikliklər fonunda bank tərəfindən ildə iki dəfə dərc olunan “Qlobal İqtisadi Perspektivlər” hesabatının xüsusi əhəmiyyət daşıdığını bildirib. Ölkə meneceri deyib ki, cari ilin ikinci yarısında qlobal artım əhəmiyyətli dərəcədə ləngiyəcək, 2024-cü ildə isə zəif artım müşahidə olunacaq. Qarşıdakı dövrdə inflyasiya təzyiqinin davam edəcəyini, sərt pul-kredit siyasətinin isə, gözlənildiyi kimi, bundan sonra da iqtisadi artıma mənfi təsir göstərəcəyini vurğulayan bank nümayəndəsi bildirib ki, bunun inkişaf etməkdə olan ölkələr və bazarlar üçün mürəkkəb qlobal şərait yaradacağı gözlənilir.
Azərbaycanda aparılan iqtisadi islahatların bir çox beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı tərəfindən dəstəkləndiyini vurğulayan Sara Maykl ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından, əldə olunan nailiyyətlərdən söhbət açıb. O, Dünya Bankının Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirdiyini diqqətə çatdırıb. “Ötən il hökumət 2026-cı ilədək sosial-iqtisadi inkişaf üzrə yeni strategiya qəbul edib. Strategiya iqtisadi artımın və sosial rifahın canlanması və sürətlənməsi üçün iddialı proqramlar toplusu, investisiyalar və islahatları əks etdirir”,–deyə o əlavə edib.
Bank meneceri, həmçinin qeyd edib ki, hökumətin strategiyası ÜDM-in ortamüddətli perspektivdə hər il 3 faizdən 4 faizədək artmasını hədəfləyir, lakin qeyri-neft və qaz sektorlarında ÜDM artımı 5 faizə yaxın olmalıdır. Dünya Bankının uzunmüddətli proqnozlarına əsasən, hazırki artım modeli ilə növbəti 30 il ərzində adambaşına düşən ÜDM-in yalnız 10 faiz civarında arta biləcəyini diqqətə çatdıran ölkə meneceri deyib ki, belə ssenari ilə 2050-ci ilədək Azərbaycan gəlir səviyyəsi orta səviyyədən yüksək olan ölkə olaraq qalacaq. Onun fikrincə, yeni artım modelində dövlətin yardımı ilə dinamik özəl sektorun dəstəklənməsinə yönəlmiş daha optimist imkanlar da var.
O, həmçinin bildirib ki, Dünya Bankı tərəfindən 2050-ci ilədək Azərbaycanda adambaşına düşən gəlirin ölkənin indiki inkişaf sürəti ilə müqayisədə azı 40 faiz, hətta daha çox arta bilər. “Bu, ölkənin məqsədlərinə nail olmasına əhəmiyyətli dərəcədə kömək edə bilər. Ümid edirik ki, bu tədbir hazırda Azərbaycanın inkişaf sürətini müəyyən edən, həmçinin yaxın illərdə ölkənin artım imkanlarına təsir göstərəcək qlobal tendensiyaları anlamaq və onlar barəsində fikir mübadiləsi aparmağımız üçün unikal imkan olacaq”,– deyə o, fikrini tamamlayıb.
Tədbirdə “Qlobal İqtisadi Perspektivlər” hesabatının meneceri Franziska Ohnsorge “Qlobal iqtisadiyyatın qısa və uzunmüddətli artım perspektivləri: yavaşıyan artım və güclənən risklər” mövzusunda təqdimatla çıxış edib.
Sonda Dünya Bankının və ölkəmizin müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Qlobal və regional iqtisadi yavaşlamanın Azərbaycana təsiri” mövzusunda panel müzakirəsi aparılıb. Qeyd olunub ki, “Qlobal İqtisadi Perspektivlər” hesabatı formalaşmaqda olan bazarlara və inkişaf etməkdə olan iqtisadiyyatlara xüsusi diqqət yetirməklə qlobal iqtisadi hadisələri və perspektivləri araşdıran Dünya Bankı Qrupunun flaqman hesabatıdır və sənəd dərc edildikdən sonra dünyanın bir sıra aparıcı şəhərlərində “roudşou” formasında təqdim olunur. 2023-cü il iyun buraxılışının təqdim olunacağı şəhərlər sırasında bank tərəfindən Bakının da yer alması qərara alınıb.
Ekspertlərin fikrincə, “Qlobal İqtisadi Perspektivlər” hesabatı Azərbaycanın yuxarı-orta gəlirli ölkə kimi qlobal iqtisadiyyat barədə müzakirələrə daxil edilməsi və Dünya Bankının gələcək hesabatlarında aparılacaq təfərrüatlı təhlillər zamanı ölkəmizin mövqeyinin nəzərə alınması baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, hesabat Azərbaycan ictimaiyyətinə Dünya Bankının araşdırmaları ilə tanış olmaq üçün daha geniş fürsət yaradılması məqsədilə ölkənin elmi-tədqiqat dairələrinin, hökumət qurumlarının, beyin mərkəzlərinin, kütləvi-informasiya vasitələrinin potensialının gücləndirilməsinə xidmət edir.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


