Şərti sərhədi haylar öz arşınları ilə ölçür

post-img

Ermənistanın törətdiyi 15 iyun hərbi təxribatından sonra Qarabağda yaranmış son durumu İrəvan öz ampluasına uyğun interpretasiya etməyə başlayıb. Xüsusilə Laçın yolunda Həkəri sərhəd keçid məntəqəsində silahlı gülləboran həm Ermənistandakı radikal-revanşist qüvvələrin, həm də Qarabağdakı separatçıların əlinə Bakıya qarşı istifadə etməyə əlavə “arqumentlər” verib. Amma bu dəfə məlum qüvvələr hücum obyektləri kimi təkcə Moskvanı deyil, Vaşinqtonu da hədəfə götürüblər.

Səfirə etirazlarını çatdırdılar

Son 30 ildə belə bir halın baş veridiyi­ni xatırlamırıq. Rusiyanın Ermənistandakı səfiri XİN-ə dəvət edilir və onun diqqətinə ölkə rəhbərliyinin kəskin etirazı çatdırılır. Hayastan mediasının yaydığı məlumat­lara görə, Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin diplomatiya idarəsinə çağırılması iyunun 15-də Laçın yolunda baş vermiş silahlı insidentlə bağlı olub. İndi səfir Kopırkinin ona bildirilən etiraz fonunda hadisənin başvermə şəraitini aydınlaşdırmalı və vəziyyəti düzəltmək üçün bütün lazımi tədbirləri görməlidir. Yəni Ermənistanın istəyi budur. S.Kopır­kin açıqlamasında bəyan edib ki, Rusiya sülhməramlı kontingentinin Qarabağda alternativi yoxdur. Səfirin bu məzmunlu cavabı isə Kremlin İrəvanın addımına etirazıdır.

Xatırladaq ki, Laçın yolundakı Həkəri sərhəd-keçid məntəqəsində bayrağımızı qaldıran Azərbaycan sərhədçilərini mü­şayiət edən rus sülhməramlıları da ermə­nilər tərəfindən atəşə tutulmuşdu.

İrəvanın Moskvaya rəsmi narazılığını Ermənistan ordusunun Baş Qərargah rəi­sinin sabiq müşaviri Vladimir Poqosyan canlı efirdən belə “tamamlayıb”: “Yaxşı ki, bizimkilər dünən atəş açdılar. Təəssüf ki, kiməsə dəymədi. Gərək bu və ya digər tərəfi təmsil edənlərə güllə dəyəydi. Əgər sülhməramlı qüvvələr tərəfindən bir daha belə təxribat baş verərsə, onlara xəbər­darlıq etdim: sizə qarşı Ermənistan hərb­çiləri tərəfindən kifayət qədər ciddi addım atılacaq. Sizə heç kim imkan verməyə­cək ki, bizim ərazimizdə düşmənə bayra­ğını qaldırmağa şərait yaradasınız”.

Yəqin Moskva müharibə “qəhrəma­nının” bu xəbərdarlığını mütləq nəzərə alacaq. 

Bayraq kimin ərazisində qaldırılıb? 

Rəsmi İrəvan Həkəri postunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri Elşən Rüstəmovun Ermənistan tərəfindən atılan güllə ilə yaralandığı silahlı insidentin guya bizim hərbçimi­zin hayların ərazisində bayraq sanc­masına görə baş verdiyini açıqlayıb. Heç bir araşdırma aparmadan bu bə­hanənin elementar məntiqdən məhrum olduğu üzə çıxır. Yəni, bayrağımızın asıldığı ərazinin məhz onlara mənsub olduğunu necə müəyyən ediblər? Əgər sərhədin özü şərtidirsə, onun delimita­siyası və demarkasiyası aparılmayıbsa, həmin koordinatın hansı tərəfdə qaldığı necə ölçülüb? Elə yayılan videokadrlar­dan aydın görmək olur ki, bayrağımız sərhəd–keçid məntəqəsinin yerləşdi­yi Həkəri çayının üzərindəki körpünün girişində qaldırılır. Əlbəttə, bu bəhanə­ni uyduran hayların niyyəti başqadır. Məsələ ondadır ki, aprelin 23-də Azər­baycan-Ermənistan sərhədində fəaliy­yətə başlayan Laçın nəzarət-yoxlama postundan getdikcə daha çox erməni istifadə etməkdə idi. Bu isə onun le­gitimliyinin Qarabağdakı erməni əhali tərəfindən qəbul edildiyinin sübutudur. Eyni zamanda bu, erməni əsilli Azər­baycan sakinlərinin reinteqrasiyasının sürətlənəcəyindən xəbər verirdi.

“Ermənistana, sadəcə, siyasi iradə lazımdır ki, artıq rəsmən elan etdiklərini - Qarabağın Azərbaycan olduğunu ka­ğıza köçürsünlər”. Bu sözləri Prezident İlham Əliyev iyunun 15-də Bakıda rəsmi səfərdə olan Pakistanın Baş naziri Şah­baz Şəriflə birgə mətbuata açıqlamasın­da söyləyib. Dövlətimizin başçısı çıxı­şında sülh sazişinin imzalanması üçün perspektivlərin olduğunu da söyləyib. Aydın məsələdir ki, rəsmi İrəvan və Qa­rabağdakı separatçılar onlara verilmiş bu sonuncu fürsəti düzgün dəyərləndirsələr, sülh müqaviləsinin imzalanması da tez­liklə reallaşar.

Paris yenə suyu bulandırır 

“Ermənistan tərəfi sülh prosesinə mane olan təhrikçi hərəkətlərə son qoy­malı, özünün silahlı qüvvələrini tam ola­raq Azərbaycan ərazilərindən çıxarmalı, bölgədə maneəsiz kommunikasiyaların bərpa olunması üzrə öhdəliklərini ye­rinə yetirməlidir”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın iyunun 16-da səs­ləndirdiyi bəyanatına dair şərhində bil­dirilib. XİN rəsmisi onu da vurğulayıb ki, Azərbaycan bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prin­siplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmin­dədir.

Cənubi Qafqaza hər vasitə ilə mü­daxilə etməyə çalışan, bununla da sülh prosesinə əngəl yaradan Paris artıq Rusiyaya qarşı müəyyən iddialar irəli sürməyə başlayıb. O, bununla kifayət­lənməyib, Kremli öz həyati əhəmiyyətli maraqlar zonasından, o cümlədən Cə­nubi Qafqazdan sıxışdırıb çıxarmaq is­tiqamətində səylər göstərir. Parisin belə “səyləri” bu gün Cənubi Qafqazda sülhü, əmin-amanlığı, kommunikasiyaların açıl­masını, bölgənin tərəqqisini arzulayan ölkələrə qarşı açıq düşmənçilik xarakteri almaqdadır. 44 günlük müharibənin gedi­şində bütün təxribatçı müdaxilə cəhdləri fiaskoya uğrayan Fransa yenə suyu bu­landırmaqla məşğuldur. Amma faydası yoxdur, çünki dünyanın müstəmləkəçi müsyölərdən çəkindiyi dövr çoxdan ge­ridə qalıb. 

Sülh “arxa bağça”nın qapısını döyür

Birmənalı olaraq söyləyə bilərik ki, Laçın postunda təşkil olunan gülləbaran­da əsas məqsəd məntəqədən intensiv istifadə edən Qarabağın erməni sakinlə­rində qorxu yaratmaq idi. Bu “əməliyyat planı”nın hazırlanmasının səbəbi isə son günlərdə Qarabağı birdəfəlik tərk edən ermənilərin sayında kəskin artımın müşa­hidə olunmasıdır. Bölgədən gedən ermə­nilər rəsmi İrəvanın dil-ağıza qoymadığı yalançı blokadadan deyil, separatçıların qurduğu xunta rejimindən beziblər. Əs­lində Qarabağa sülhün gəlməsində ən böyük maneə məhz buradakı silahlı daş­nak tör-töküntüsü, bir də onları hələ də himayə edən Kremldir. Artıq gizlədilməsi mümkün olmayan bu çılpaq həqiqəti av­ropalı sülh vasitəçiləri kimi, danışıqların okeanın o üzündəki əsas moderatoru Vaşinqton da anlayıb. Bir həqiqət də ondan ibarətdir ki, ermənilərin Qaraba­ğı tərk etmələrinə görə separatçılardan daha çox Rusiya narahatdır. Kremlin bu narahatlığının səbəbi ermənilərə canının yanması deyil, Bakıya qarşı yararlandığı “əsas maşa”nın - daşnak-separatçı qul­dur dəstəsinin arsenalından silinməsidir. Axı bundan sonra özünün “arxa bağçası” saydığı Qarabağda hökm və güc sahibi olaraq qalması üçün bütün rıçaqlar Mos­kvanın əlindən çıxmış olacaq. Bir də ki, “arxa bağça”nın əsl sahibinin sülhə me­yilli, xoşməramlı addımları öz bəhrəsini tezliklə verəcək. 

Hayların ekzistensial fatalizmi

Özünü “DQR”ın insаn hüquqlаrı mü­dаfiəçisi adlandıran Geqam Stepanyan adlı birisinin Facebook səhifəsində yaz­dığı fərziyyə və “arqumentlərinə” diqqət yetirin: “Arsaxa humanitar yüklərin daşın­masının bloklanması humanitar böhranı daha da dərinləşdirir. Altı ay davam edən blokada nəticəsində onsuz da kəskinləş­miş ərzaq çatışmazlığı 120 minlik əhali, o cümlədən 30 min uşaq, 20 min qoca və 9 min əlil üçün ekzistensial təhlükə ya­radır”. Əzabkeş maskasını taxıb ah-nalə etməyə, yalanı həqiqət kimi sırımağa adətkar hayların quyruqları qapı arasın­da qalanda fatalistə dönmələri də var­mış. “Ekzistensial təhlükə”dən dəm vu­ran “ombudsmanın” bundan daha uğurlu diplomatik termin tapmağa yəqin savadı imkan verməyib. 

Əhalinin ayrı-ayrı sosial təbəqələrinin onun ümumi sayına nisbətini göstərən elementar statistik rəqəmləri az qala et­nik faciə kimi ictimai rəyə dürtməyə çalı­şan “ombudsmanın” dərrakəsinə heyran qalmamaq olmur. Bu insan haqları üzrə “müvəkkilin” xəstə təxəyyülünə görə, Azərbaycan humanitar böhrandan “Ar­sax xalqına” qarşı etnik təmizləmə aləti kimi istifadə edəcək. 

Mövcud vəziyyət və bütün şərtlər Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya mərhələsinin çatdığından xəbər verir. Sayı “ombuds­manın” göstərdiyi kimi, 120 min deyil, 40 minə qədər olan toplumun böyük qismi­nin inteqrasiya tərəfdarı olması barədə ismarıclar da eşidilməkdədir. Onlar artıq başa düşüb və əmin olublar ki, daşnak­ların Qarabağda xəyal etdikləri status məsələsi siyasi oyunbazlıqdan qeyri heç nə deyilmiş. Ermənistan rəhbərliyi isə in­dən belə vaxtın onun əleyhinə işlədiyini qəbul etməli və düşünməlidir. 

Bütün hallarda İrəvanın 15 iyun təxriba­tının onun özü üçün arzuolunmaz nəticələrə səbəb olacağı şəksizdir. Necə ki hayların sülhdənqaçmaya yönəlik “taktiki gedişləri” hər dəfə bumeranqa çevrilib öz başlarında çatlayır. Bu dəfə zərbə daha ağır olacaq.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Laçın yolundakı sərhəd–keçid məntəqəmiz ona görə bağlanıb ki, orada bizim hərbçilərə və Rusiya sülhməramlılarına atəş Ermənistan ərazisindən açılmışdı. Təxribatçılar heç sülhməramlılara da əhəmiyyət vermədilər. İndi o yol yalnız Qara­bağ ermənilərinin üzünə bağlı de­yil, sülhməramlıların maşın karvanı da o postda gözləməkdədir. Təbii ki, yol açılacaq, amma Rusiya sülhməramlıları bu təxribata görə er­mənilərə qarşı zəruri tədbirlər gör­məlidirlər. Eləcə də Azərbaycanın hərbi rəhbərliyinə, Dövlət Sərhəd Xidmətinə bir də belə bir insidentin baş verməyəcəyi barədə təminat verməlidirlər. Düşünürəm ki, məhz bundan sonra məntəqədən keçid qaydasına düşəcək. 

O ki qaldı Bakının Qarabağın erməni sakinlərinə yanaşması­na, bunu bəyan etmişik ki, onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə hər şeylə tə­min ediləcəklər. Yəni, təbii ki, onlar üçün qaz, elektrik enerjisi, ərzaq, dava-dərman Azərbaycandan gön­dəriləcək. Amma ona qədər bölgə­dəki rus sülhməramlıları lazımi iza­hat işi aparmalı, müvafiq tədbirləri görməlidirlər. O vaxta qədər isə yol hamı üçün bağlı qalacaq. Bəli, Qa­rabağ erməniləri üçün bütün yük­lərin daşınmasını və müşayiətini Rusiya sülhməramlıları həyata ke­çirirdi. Hər bir halda Bakı indi sülhməramlılardan izahat gözləyir. 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət