Ermənistan parlamenti yaxın vaxtlarda Roma statunu ratifikasiya edə bilər. Amma etməməsi də mümkündür. Hər bir halda sənədin ölkənin ali qanunverici orqanına göndərilməsi gözlənilir. Bu barədə məlumatı Ermənistanın Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəisi Armen Xaçatryan verib.
Qeyd edək ki, bu il martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin əsasını təşkil edən Roma Statutunun konstitusiyaya uyğun olduğunu və hökumətin sazişin ratifikasiyası prosesini davam etdirməsinin mümkünlüyünü açıqlamışdı. Ermənistan konstitusiyasının 116-cı maddəsinə əsasən, parlament beynəlxalq müqavilələri ratifikasiya edir. Bu isə o deməkdir ki, Roma statutu ali qanunverici orqanın təsdiqi olmadan qüvvəyə minə bilməz.
Konstitusiya Məhkəməsinin qərarından sonra Ermənistan hökumətinin üç ay vaxtı var idi ki, sənədi parlamentə göndərsin. Amma xeyli vaxtdır prosedur icra olunmur. O da məlumdur ki, bir müddət öncəyədək sözügedən konvensiya ilə bağlı ölkənin rəsmi qurumlarının da yekdil mövqeyi yox idi. Ola bilər, hazırda yekun qərar var.
Onu da qeyd edək ki, haqqında söz açılan məsələ xeyli dərəcədə mübahisəli və ziddiyyətlidir. Çünki bir tərəfdən ölkə daxilində baş nazir Nikol Paşinyana qarşı çıxan qüvvələr bildirirlər ki, Roma statunun ratifikasiyası Rusiya ilə onsuz da xoş təsir bağışlamayan münasibətlərin daha da pisləşməsinə gətirib çıxaracaq. İkincisi, ən əsası isə sənəd Ermənistana daxil olacağı təqdirdə, Rusiya Prezidenti Vladimir Putinin həbsini nəzərdə tutur. İndi sual yaranır: Ermənistan parlamenti Roma statutunu ratifikasiya edəcəkmi?
Yeri gəlmişkən, bir ara Ermənistan hökumətinin Roma statutunun ratifikasiyası prosesini dondura biləcəyinə dair xəbərlər də yayılmışdı. Bu barədə aprel ayında yerli “Qraparak” qəzeti yazmışdı. Nəşr öz mənbələrinə istinadən bildirmişdi ki, hələ indiyə qədər Ermənistan rəhbərliyi rəsmi Moskvanı Roma statutunun ratifikasiyasının Rusiya hökumətinə və prezident V.Putinə qarşı yönəlmədiyinə inandıra bilməyib.
Bu yerdə Rusiyanın Xarici İşlər Nazirliyinin İrəvanın sözügedən konvensiyaya qoşulmaq niyyətinin Moskva üçün qəbuledilməzliyini açıqladığını da yada salaq. Eyni zamanda, Ermənistan parlamentinin spikeri Alen Simonyanın ratifikasiya məsələsinə bir neçə ay əvvəlki münasibətini də həmçinin. A.Simonyan tələsməyin qeyri-məqbulluğunu bildirərək demişdi ki, bu səmərəsiz addım Rusiyaya münasibətdə yanlış olardı. Deməli, bir sual da yaranır: Ötən müddətdə Qərb dairələri Paşinyan administrasiyasının statutun vacibliyinə, xeyir gətirəcəyinə inandıra bilib, ya yox?
Əslində, Roma statutu ilə bağlı prosesləri incələyərkən, Ermənistan iqtidarı üçün seçim anının yetişdiyini də söyləyə bilərik. Ölkənin yönü onsuz da Qərbədir. Sadəcə, sözügedən sənəd bu istiqamətin, belə demək mümkünsə, qətiyyətlilik sınağıdır. Sənəd, həmçinin, Ermənistanın üzünü yenidən Rusiyaya çevirməyəcəyinin təsdiqlənməsi nöqteyi-nəzərdən də indiqator rolunu oynamaqdadır. Şübhəsiz ki, bu, Qərbin ciddi təminatları ilə mümkündür. Həmin təminatlar varmı? Bu barədə söz açmaq çətindir. Çünki İrəvanin böyük ölçüdə Qərbdən gördüyü sözdə dəstəkdir, başqa heç nə.
Bəli, əgər Ermənistan parlamenti Roma statutunu ratifikasiya etsə, bu o demək olacaq ki, ölkənin Şimala siyasi yolu tamamilə bağlanır. Bəs, etməsə? Belə nəticəyə gələ bilərik ki, o zaman Qərbin baş nazir Nikol Paşinyan hakimiyyətinə etibarı sarsılacaq. Ancaq hər bir halda Ermənistan parlamentinin sənədin ratifikasiyasından yan keçəcəyi daha real görünməkdədir.
Tam mümkündür ki, Paşinyan Qərbdəki dostlarına özünün anlayışla qəbul olunması ilə bağlı xahiş etsin. Nəhayət, Rusiyanın, loru dildə desək, burnunun ucunda olan Ermənistandır, Nikolun qərbli dostları yox. Bəs, o zaman nə üçün Ermənistan Konstitusiya Məhkəməsi sənədi qəbul edərək vəziyyəti dramatikləşdirmişdi? Bu yerdə ölkə hökumətinin aylardır onu parlamentə təqdim etməməsinin, prosesi yubatmasının səbəbləri barədə də söz açmaq ehtiyacı duyulmaqdadır. Məsələ ondadır ki, Roma statutu İrəvan üçün Kremlə bir növ minnət sənədidir. Nikol Putinə təxminən belə demək istəyir: Bax, mənə təzyiq göstərirlər, amma qəbul etmirəm.
Digər tərəfdən, nəzərə alaq ki, N.Paşinyan statut məsələsini aylardır gündəmdə saxlamaqla, ölkəsindəki anti-Rusiya vektorunun nə dərəcədə inkişaf edəcəyini gözləyib. Mövcud kontekstdə Moskvanın erməni mənafeyi kimi meydana çıxan məsələlərə reaksiyasını da nəzərdən keçirib və görüb ki, Rusiya özünün erməni sevdasından daşınmayıb. Yəni, Kreml və ona yaxın dairələr İrəvanın çıxardığı bütün anti-Rusiya oyunlarına rəğmən, səbrli və təmkinli davranıblar. Odur ki, hazırda Ermənistanın şimal qonşusu ilə açıq konfrantasiyaya getmək istəməyəcəyini proqnozlaşdırmaq mümkündür.
Məsələnin başqa tərəfinə də diqqət yetirək. Onsuz da son dövrlər Paşinyan iqtidarı Rusiyaya qarşı çıxmaqdadır. Nikol, faktiki olaraq, Azərbaycan-Ermənistan nizamlamasının Rusiya formatını iflic duruma salıb. Onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müstəvisindəki anti-Rusiya demarşları da adi hal alıb. Yəni, Ermənistan hakimiyyəti onsuz da Moskva ilə ziddiyyətlər baxımından öz boynunu xeyli aşıb. Belə bir durumda Roma statutunun da əlavə olaraq qəbulu, müəyyən mənada “qırmızı xətti” keçmək effekti yaradan məsələdir və bunu Ermənistan hakimiyyəti də gözəl anlamaqdadır.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

