Avropa İttifaqının müdafiə xərcləri rekord həddə çatdı

post-img

Avropa İttifaqı ölkələrinin 2024-cü ildə müdafiə sahəsinə ayırdığı vəsaitlər tarixdə ilk dəfə rekord həddə — 343 milyard avroya çatıb. Bu barədə Avropa Müdafiə Agentliyinin illik hesabatında bildirilir. Müqayisə üçün qeyd olunur ki, bu göstərici 2023-cü illə müqayisədə 19 faiz artım deməkdir. Müdafiə xərclərinin ÜDM-dəki payı isə 1,9 faiz təşkil edib ki, bu da NATO-nun əvvəlki hədəf göstəricisindən cəmi 0,1 faiz aşağıdır.

Agentlik 2025-ci ildə bu xərclərin daha da artacağını proqnozlaşdırır — gözlənilir ki, ümumi məbləğ 381 milyard avroya, ÜDM-dəki pay isə 2,1 faizə yüksələcək. Bu dinamika Avropa ölkələrinin təhlükəsizlik və müdafiə sahəsində daha ciddi investisiya strategiyası yürütməyə başladığını göstərir.

Qeyd edək ki, NATO-nun uzun illər ərzində üzv ölkələr üçün müəyyən etdiyi müdafiə xərcləri hədəfi 2 faiz idi. Lakin 2025-ci ilin iyun ayında Haaqada keçirilən sammitdə alyans bu göstəricini 2035-ci ilə qədər 5 faizə çatdırmaq barədə razılığa gəlib. Sammitin yekun bəyanatında vurğulanıb: “Bu investisiyalar bizə qüvvə, potensial, resurs və infrastruktur təmin edəcək, döyüş hazırlığını və davamlılığı artıracaq. Bu isə çəkindirmə və müdafiə üçün zəruridir.”

2024-cü ildə daha bir rekord göstərici qeydə alınıb: Avropa ölkələrinin müdafiə sahəsində tədqiqat, inkişaf və texniki avadanlıq alınmasına yönəltdiyi investisiyalar ilk dəfə 100 milyard avro həddini keçərək 106 milyard avroya çatıb. Bu sahədə artım 2023-cü illə müqayisədə 42 faiz təşkil edib.

Ekspertlər bu tendensiyanı Avropanın geosiyasi reallıqlara cavab olaraq öz təhlükəsizlik arxitekturasını yenidən qurmaq cəhdi kimi qiymətləndirirlər. Ukrayna müharibəsi, Qərb-Rusiya münasibətlərindəki gərginlik və Çinlə strateji balans axtarışları fonunda Avropa İttifaqı öz müdafiə imkanlarını gücləndirməyə yönəlmiş addımlar atır.

Bu artım yalnız hərbi güc deyil, həm də texnoloji üstünlük, sənaye modernizasiyası və strateji dayanıqlıq baxımından yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Avropa artıq təkcə diplomatik güc deyil, həm də real hərbi imkanlara malik aktor kimi formalaşır.

Səbuhi MƏMMƏDOV

XQ

Dünya