Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində də əlaqələr daim genişlənir

post-img

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Nazirliklə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 12-ci iclasında iştirak etmək üçün Ankarada səfərdədir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad edib. Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbir də ziyarət edilərək önünə əklil qoyulub. Nümayəndə heyəti Anıtqəbir muzeyi ilə tanış olub və nazir muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Səfər çərçivəsində Anar Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşüb. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətləri və fəal siyasi dialoq nəticəsində iki ölkənin münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatdığı vurğulanıb. Əmək və sosial müdafiə sahəsində də əlaqələrin daim gücləndirildiyi, təcrübə və məlumat mübadilələrinin əhəmiyyəti qeyd edilib. Hər iki ölkədə aparılan uğurlu sosial islahatlardan bəhs olunub. İki Nazirliyin Birgə Daimi Komissiyasının əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün məqsədyönlü işlər apardığı bildirilib

Komissiyanın növbəti iclasının bu istiqamətdə əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub, sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Mustafa KAMAL
XQ



Sosial həyat