10–15 il öncə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün siyasi təqdimatı kimi qəbul edilən Şanxay Əməkdaşlıq Təşkilatının məqsədi qısaca belə ifadə edilə bilərdi: Ticarət-iqtisadi, nəqliyyat, loqistika və enerji əlaqələrinin gücləndirilməsi yolu ilə Çin və Mərkəzi Asiya regionunda inkişafı təmin etmək.
O zaman iştirakçı ölkələr arasında etimadın və mehriban qonşuluğun möhkəmləndirilməsi yolu ilə siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafı əsas hədəf götürülmüşdü. Müxtəlif təmayüllü terrorizm, ekstremist və silahlı separatizmlə mübarizə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə tədbirlər isə regional sabitliyin və təhlükəsizliyin təşviqi ilə nəticələnməli idi.
İştirakçı ölkələr belə təşviqləri milli maraqların qorunması, müstəqil inkişaf yolu ilə formalaşdırdıqları idarəetmə modeli ilə irəliləmək üçün dəstək kimi də nəzərdə tuturdular.
Daha çox ticarət əlaqələrini özündə ehtiva edən Şanxay Əməkdaşlıq Təşkilatı regional təhlükəsizlik, terrorizm, separatizm, ekstremizmlə birgə mübarizə tədbirləri çərçivəsində daha dərin əməkdaşlığı da nəzərdə tuturdu. Sülh və stabilliyin vacib təməlləri kimi bu sahələrdə qarşılıqlı əməkdaşlıq, nəqliyyat və enerji infrastrukturlarının inkişafı iştirakçı ölkələr arasında kiber çağrışlar və rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığı gücləndirirdi.
O ki qaldı Azərbaycana, qeyd etməliyik ki, Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin və Mərkəzi Asiyanın enerji mənbələrinin diversifikasiyasında mühüm rolu olan ölkə kimi Azərbaycan ŞƏT-in diqqətini təşkilat yarandığı ilk günlərdən cəlb edib. Bu yanaşmanın müqabilində münasibətlərimizin rəsmi statusu olan dialoqun tərəfdaş ölkəsi kimi Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir.
Dialoq formatı Şanxay Əməkdaşlıq Təşkilatının məqsədlərində nəzərdə tutulan istiqamətlər üzrə mövcud qarşılıqlı əlaqələrdən kənarda həm də təşkilatla gələcək əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi üçün imkan kimi nəzərdə tutulur. Azərbaycan ŞƏT-in iclasları və forumlarının fəal iştirakçısı olaraq qurumun fəaliyyəti və qərarları ilə bağlı müzakirələrə də qoşulur.
Ölkəmiz siyasi, iqtisadi və humanitar əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirir, terrorizm və narkotik ticarəti ilə mübarizə kimi birgə təhlükəsizlik təşəbbüslərində iştirak edir. Format, sadəcə, dialoq çərçivəsində əməkdaşlığın gücləndirilməsi anlamına gəlsə də, əsas məqsəd, əlbəttə, siyasi, iqtisadi və humanitar tərəfdaşlığın inkişafına zəmin yaratmaqdır. Qeyd edək ki, Çin və diğər üzv ölkələr Azərbaycanın ŞƏT-ə müşahidəçi, yaxud üzv ölkə statusunda qoşulmasını arzu edirlər.
Cənub–Şimal və Qərb–Şərq enerji-nəqliyyat dəhlizi, strateji regionun nəqliyyat layihələrinin açar ölkəsi kimi Azərbaycanın ŞƏT-də müşahidəçi statusunda təmsil olunması da arzuediləndir. Bu status Çinin qitələrarası nüfuzunun artması baxımından Azərbaycanı həm də “Bir kəmər–bir yol” layihəsinin strateji bəndi olaraq cazibədar edir.
Xatırladaq ki, Azərbaycanın ŞƏT-də müşahidəçi statusda təmsil olunması və ya tamhüquqlu üzv kimi təmsilçiliyi ölkəmizdən daha çox Çinin marağındadır. Azərbaycan üçün isə ŞƏT-ə üzv dövlətlər, xüsusilə Mərkəzi Asiya regionu ölkələri yeni bazar perspektivi baxımından maraqlıdır.
Yeganə HACIYEVA
Mətbuat Şurası İdarə Heyətinin üzvü