ABŞ-dakı ermənipərəstlər hərəkətə gəliblər. Görünür, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidəki mövqelərindən ordumuzun hərbi birləşmələrinə qarşı təxribatı səbəbsiz deyilmiş. Söhbət Arazdəyən kəndi istiqamətindəki təxribatdan gedir. O kənddən ki, orada Ermənistan tərəfindən metallurgiya zavodunun inşası planlaşdırılır. Nəzərə alaq ki, bu işi ABŞ şirkətinin həyata keçirməsi nəzərdə tutulur. Birləşmiş Ştatlardakı erməni lobbisi isə hərəkətə İrəvan təxribata görə Azərbaycanı günahlandırdıqdan sonra keçib.
Qeyd edək ki, bir müddət əvvəl ölkəmizin qeyri-hökumət təşkilatlarının təmsilçiləri bəyanat yayaraq, Arazdəyəndə metallurgiya zavodunun inşasına etirazlarını bildirmiş və vurğulamışdılar ki, zavodun tullantılarının Araz çayına axıdılması regiondakı ekoloji tarazlığı pozacaq. Deməli, Ermənistanın təxribatının məqsədi beynəlxalq aləmin diqqətini yayındırmaq, Azərbaycan ictimaiyyətinin bu haqlı etirazının əhəmiyyətini heçə endirməkdir. İndi isə görünür ki, təxribatda həm də ABŞ-ın siyasi dairələrini ölkəmizə qarşı qaldırmaq məqsədi də var imiş.
...Amerika Sahibkarlıq İnstitutu adlanan qurumun baş analitiki Maykl Rubin hərbi insidentə ayrıca məqalə həsr edib. Məqalədə vurğu Azərbaycan hərbi qüvvələrinin guya ABŞ sərmayəsi ilə tikilən zavodu atəşə tutması iddiasına qoyulub. “Azərbaycanın Amerika şirkətinə hücumu sanksiyaların ləğvinə son qoymalıdır” sərlövhəli yazı, adından da göründüyü kimi, Birləşmiş Ştatların vaxtilə ölkəmizə haqsız və ədalətsiz yerə tətbiq etdiyi sanksiyanın bərpasına çağırış ruhludur.
Bəli, sözügedən məqalə başdan-ayağa siyasi motivlidir və onun ermənipərəst dairələr, erməni lobbi və diaspor təşkilatlarının sifarişi ilə qələmə alındığı gün kimi aydındır. Yazının siyasi motivinə iki aspektdən yanaşmaq mümkündür. Birincisi, bildirilir ki, ABŞ Dövlət Departamentinin Azərbaycan və Ermənistan arasında sülh vasitəçiliyinə rəğmən, Bakı silahlı qarşıdurmaya meyillidir və İrəvana hədə-qorxu gəlir ki, burada da başlıca məqsəd, guya, Ermənistanın işğalıdır. İkincisi isə vurğulanır ki, Azərbaycan özünün təcavüz məqsədini gerçəkləşdirmək naminə Qarabağ amilindən bəhanə kimi istifadə edir.
Göründüyü kimi, müəllif kifayət qədər informasiyalıdır və informasiyasını manipulativ formada, ABŞ-ın ictimai rəyinə sırımağa çalışır. Ermənipərəst M.Rubinin məqaləsinin digər məqamları da bunu deməyə əsas verir. Müəllifin yaradıcılığının “kuliminasiya anı” isə onun ABŞ Dövlət Departamentinin tənqidi müstəvisində gündəmə gətirdiyi fikirlərdir.
***
Məqalədə bildirilir ki, Azərbaycanın guya hərbi ambisiyalarının olduğu müddətdə ona yardımın göstərilməsi ABŞ qanunvericiliyinə ziddir. Mövcud xüsusda üzərində dayanılan başlıca məsələ isə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişdir. Rubin ABŞ Prezidenti Co Bayden administrasiyasını həmin sənədin tətbiqinin dayandırılmasını ləğv etməyə, yəni Azərbaycana bütün hərbi və qeyri-humanitar yardımları dərhal kəsməyə çağırıb. Ermənipərəst analitikin fikrincə, bunun baş verməməsi prezident Baydenin və dövlət katibi Antoni Blinkenin Amerikanın maraqlarının təminatında, amerikalıların həyatının ölkə qanunlarına uyğun olaraq qorunmasında maraqlı olmadığının göstəricisi kimi qiymətləndirilməlidir.
Qeyd edək ki, son günlər ABŞ-dakı ermənipərəstlərdə məlum 907-ci düzəliş məsələsi ilə bağlı ciddi aktivləşmə də hiss olunmaqdadır. Yada salaq ki, bu ilin martında ABŞ Senatının Xarici əlaqələr komitəsində keçirilmiş dinləmələr zamanı həmin komitənin sədri, ermənipərəst senator Bob Menendez A.Blinkenə Azərbaycanla əlaqəli təxribatçı suallar ünvanlamışdı. Blinken Menendezin Vaşinqtonun Bakıya hərbi yardım göstərməsinin səbəblərini açıqlamışdı. O qeyd etmişdi ki, sülhməramlı missiyalarda iştirak çərçivəsində Azərbaycan Silahlı Qüvvələri ilə NATO arasında qarşılıqlı fəaliyyət gücləndirilib. Blinken ikinci səbəb kimi isə Azərbaycanın İranla uzun sərhədinin mövcudluğunu və onu qorumağın vacibliyini bildirmişdi.
Onu da deyək ki, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək Aktı”na qəbul olunmuş 907-ci düzəliş Amerikanın Azərbaycana birbaşa dövlət yardımını qadağan edirdi. 2001-ci il 11 Sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. O vaxtdan bəri ABŞ-ın dövlət başçıları bu hüquqdan müntəzəm olaraq yararlanırlar. Sonuncu dəfə Dövlət Departamenti 21 iyun 2022-ci ildə düzəlişi dayandırmaq barədə qərar qəbul etmişdi. Bu xəbəri A.Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı çatdırmışdı.
Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, 907-ci düzəlişin bir il daha dondurulması Bayden administrasiyasının post-konflikt dövründə Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesində rol almaq istədiyinin ifadəsidir. Bu məsələ isə qlobal əhəmiyyət daşıyır. Nəzərə alaq ki, Vaşinqton üçün Bakı-İrəvan nizamlamasında yer almaq, eyni zamanda Cənubi Qafqazda Rusiya ilə mövqe və mənafe davası baxımından son dərəcə vacibdir. Elə buradan da aydın görünür ki, Ermənistanın və onun xaricdəki havadarlarının mövcud müstəvidə Azərbaycana qarşı fəaliyyəti nəticə verməyəcəkdir. Yəni Birləşmiş Ştatlar administrasiyası nə bir zavoda, nə də erməni lobbi və diaspor təşkilatları tərəfindən ortaya atılmış yarımçıq analitikin axmaq iddialarına görə Bakıya qarşı çıxacaq deyil. Çünki ortada daha böyük maraqlar var.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

