Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə bir il ərzində ikinci dəfə rəsmi səfəri iki ölkə münasibətlərində strateji mərhələnin başlanğıcını göstərir. Bu səfər sadəcə diplomatik protokol deyil, həm də geosiyasi və iqtisadi baxımdan mühüm hadisədir. Çin kimi qlobal gücün lideri ilə ardıcıl görüşlər Azərbaycanın Asiya istiqamətində artan marağını və Pekinlə əlaqələrin dərinləşdiyini təsdiqləyir.
Səfər Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə rolunun gücləndirilməsi və siyasi etimadın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çin Cənubi Qafqazda etibarlı tərəfdaş axtarır, Azərbaycan isə balanslı siyasəti, enerji və nəqliyyat imkanları ilə bu tələblərə cavab verir. Nəqliyyat və logistika sahəsində Zəngəzur dəhlizi və Bakı–Tbilisi–Qars xətti Çin üçün Avropaya alternativ marşrut rolunu oynayır. Azərbaycanın enerji ehtiyatları Çin bazarı üçün mühüm imkan yaradır, həmçinin bərpa olunan enerji və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq da gündəmdədir.
Azərbaycan üçün əsas prioritetlərdən biri Çin kapitalının qeyri-neft sektoruna yönəldilməsi, sənaye parkları və kənd təsərrüfatı sahəsinə sərmayələrin artırılmasıdır. Süni intellekt, enerji səmərəliliyi və rəqəmsal idarəetmə sahələrində texnologiya transferi də diqqət mərkəzindədir. Təhsil və mədəniyyət əməkdaşlığının gücləndirilməsi, universitetlərarası əlaqələr və tələbə mübadiləsi geniş imkanlar açır.
Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycanın çoxvektorlu siyasətinin bariz nümunəsidir. Bakı Qərb, Rusiya və Çinlə paralel və balanslı əməkdaşlıq qurmaqla öz müstəqil diplomatik xəttini qoruyur. Bu isə Azərbaycanın regional sabitlik və qlobal əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Avqustun 31-də Tiencində keçirilən görüşdə Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin strateji tərəfdaşlığın yeni mərhələsini təsdiqləyən bəyanatlar verdilər. Si Cinpin iki ölkə arasında münasibətlərin 30 ildən artıq uğurlu inkişaf yolunu vurğuladı, əməkdaşlığın energetika, rəqəmsallaşma və nəqliyyat sahələrində genişləndiyini qeyd etdi. Prezident İlham Əliyev isə Azərbaycanın xarici siyasətində Çinlə əlaqələrin prioritet olduğunu bildirib və “Bir kəmər, bir yol” təşəbbüsündə Orta Dəhlizin səmərəliliyini xüsusi vurğulayıb.
Tərəflər ticarət əlaqələrinin artdığını, vizasız gediş-gəlişin turizmə təkan verdiyini və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi qeyd etdilər. Görüşdə, həmçinin Azərbaycan–Ermənistan münasibətlərində sülhün bərqərar olunması istiqamətində irəliləyiş müsbət qiymətləndirildi.
Bu görüş həmçinin Azərbaycan–Çin münasibətlərinin yeni mərhələsini simvollaşdırır, iqtisadi əməkdaşlıq genişlənir, siyasi dəstək qarşılıqlıdır. Perspektivdə ticarət həcminin artması (xüsusilə energetika və tranzit sahəsində), turizm əməkdaşlığının güclənməsi gözlənilir. Ümumilikdə münasibətlər möhkəm və qarşılıqlı faydalıdır, bu da hər iki ölkənin strateji maraqlarına uyğundur.
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən görüş zamanı bildirib ki, Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. O, bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını tarixi hadisə adlandırıb və bunun Azərbaycan–Çin münasibətlərində yeni səhifə açdığını vurğulayıb.
Dövlət başçısı onu da əlavə edib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. Prezident İlham Əliyev qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşulara fayda gətirəcək.
Bu səfər Azərbaycan–Çin münasibətlərində iqtisadi, texnoloji və siyasi baxımdan dönüş nöqtəsi olmaqla, ölkəmizin Asiya ilə əməkdaşlığını və qlobal diplomatiyadakı rolunu daha da gücləndirir. Çinlə əməkdaşlığın artırılması Azərbaycanın iqtisadi diversifikasiya, texnoloji modernləşmə və regional mövqeyin gücləndirilməsi strategiyalarının həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, Azərbaycanın coğrafi mövqeyi və enerji potensialı Çinin Mərkəzi Asiya və Avropa ilə əlaqələrinin genişləndirilməsində əhəmiyyətli amil ola bilər.
Bir sözlə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri orada yüksək qonaqpərvərliklə qarşılanması və keçirdiyi mühüm görüşlər Azərbaycan liderinin qlobal nüfuzunun bariz göstəricisi kimi yadda qaldı. Eyni zamanda bu səfər ölkə başçımızın da vurğuladığı kimi yüksək səviyyəli münasibətlər fonunda Azərbaycan–Çin əlaqələrində yeni bir səhifənin açılması ilə tarixə düşdü.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı