Baramaçılıq dirçəldilir

post-img

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Döv­lət Proqramı” var. Ölkə Prezidentinin 2017-ci il 27 no­yabr tarixli sərəncamı ilə təsdiq olunmuş bu mühüm sənədə əsasən, 2025-ci ilə kimi yaş barama istehsa­lının həcmini 6 min tona çatdırmaq nəzərdə tutulur.

Əslində bu göstəriciyə çatmaq tamamilə realdır. Çünki ötən əsrin 70-80-ci illərində Azərbaycanda bol barama yetişdirilirdi. Belə ki, yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5 min, 1985-ci ildə isə 5,5 min tona çatmışdı. Lakin sonralar vacib sahəyə lazımi diqqət yetirilmədiyindən vəziyyət ilbəil pisləşdi. Bu geriləmə nəticəsində 1992-ci ildən etibarən yaş barama istehsalı azaldı və 2015-ci ildə ölkədə cəmi 236 kiloqram yaş barama istehsal edildi.

Artıq bir neçə ildir ki, Azərbaycanın əksər rayon­larında baramaçılığa diqqət və maraq nəzərəçarpa­caq dərəcədə artıb. Ölkə Prezidentinin baramaçılıqla məşğul olan fermerlərə, ayrı-ayrı baramayetişdirən­lərə xüsusi qayğısı, bir sıra stimullaşdırma tədbirləri, maddi və mənəvi həvəsləndirmə amilləri vəziyyəti kö­kündən yaxşılaşdırıb. Məsələn, kümçülərlə imzalanan müqavilələrə əsasən, istehsal olunmuş yaş barama bu ildən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Rayon icra hakimiyyətlərinin də baramaçılara diqqəti artıb. Bu işlə məşğul olmaq istəyənlərə yer­lərin ayrılması, lazımi köməyin göstərilməsi, vaxtaşırı olaraq onların problemləri ilə maraqlanmaq, yetişdir­mənin gedişi ilə tez-tez yerində tanış olmaq, onları həvəsləndirmək və əhalinin məşğulluğunun təmin edilməsi sahəsində təbliğat-izahat işini yaxşılaşdır­maq istiqamətində aparılan işlər diqqət çəkir.

Respublikamızın Qərb bölgəsində də vəziyyət il­bəil yaxşılaşır. Doğrudur, keçən il bəzi rayonlarda ümumu geriləmə oldu ki, bunun da obyektiv və sub­yektiv səbəbləri var. Lakin bu il yaxşı məhsulun əldə olunması gözlənilir.

ŞƏMKİR 

Ölkədə baramaçılığın inkişafı şəm­kirli kümçülərin bu sahəyə marağını əməlli-başlı artırıb. Kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytar­maq üçün dövlət başçısının tapşırığına əsasən ölkənin bütün bölgələrində oldu­ğu kimi, Şəmkir rayonunda da bu sahəyə ciddi diqqət göstərilir və baramaçılığın inkişafına dair tapşırıqlarının icrası ciddi nəzarətdə saxlanılır. 

Rayonda ənənəvi təsərrüfat sahələ­rindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi şəmkirli kümçülərin bu sahəyə marağını artırıb. Ötən il əldə edilən yüksək məhsuldarlığın verdiyi bəhrə kümçüləri daha çox məhsul isteh­sal etməyə sövq edib.

Bu il Şəmkirin 36 kənd və qəsəbə­sində ipəkqurdları bəslənilir. Bunun üçün yerli kümçlərə 270 qutu baramaqurdu paylanılıb.

Kümçülər deyirlər ki, hər il rayonda ipəkqurdunun saxlanma şəraitinin yaxşı­laşdırılması və yem bazasının gücləndi­rilməsi daha yaxşı məhsul əldə etməyə imkan yaradır.

Rayon icra hakimiyyətindən bildirdilər ki, ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Şəmkir rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstər­məkdədir və son zamanlarda rayonda barama bəsləmək istəyənlər arasında gənc ailələrin sayı xeyli çoxalıb.

TOVUZ

Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov kəndlərdə ipəkqurdu yetişdirən kümçülərlə görü­şüb.

Rayonun Aşağı Öysüzlü, Cəlilli, Qa­raxanlı, Xatınlı və Qədirli kəndlərində kümxanalarda barama yetişdirilməsinin mövcud vəziyyəti ilə maraqlanan icra hakimiyyətinin başçısına məlumat ve­riblər ki, hazırda mövcud yem potensi­alından səmərəli istifadə olunur və bu il nəzərdə tutulduğundan daha çox məhsul əldə ediləcəkdir. Baramaçılığa göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə edən kümçülər, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlə­rin bu sahəyə olan marağı xeyli artırdığı­nı vurğulayıblar.

Qeyd etmək lazımdır ki, cari ildə ra­yonda 55 nəfər kümçüyə 170 qutu tut ipəkqurdu paylanmışdır. Rayon ərazisin­də bu il ümumilikdə 6 min 800 kiloqram yaş barama tədarük edilməsi planlaşdı­rılır. Bu isə 2015-ci ildə bütövlükdə res­publika üzrə istehsal olunan baramadan təxminən 30 dəfə çoxdur.

QAZAX

Rayonda gəlirli sahələrdən olan ba­ramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır. Burada baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamə­tində məqsədyönlü işlər görülür, ipəkçili­yin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.

Artıq səkkizinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 3 min 200 kiloqram yaş baramanın isteh­salı nəzərdə tutulub. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salah­lı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən küm­çülərə 80 qutu ipəkqurdu toxumu təhvil verilib.

Rayon icra hakimiyyətinin, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbər­liyi və digər məsul işçiləri baramaçılarla tez-tez görüşür, onların problemləri ilə maraqlanır, öz köməklərini əsirgəmirlər. 

Hiss olunur ki, rayonda ipəkqurdu toxumu paylanılmış Daş Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Hüseyn­bəyli, Alpout, Çaylı və digər kəndlərdə bu il yaxşı məhsul əldə ediləcəkdir. 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri





İqtisadiyyat