Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin “yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı Tədbirlər Planı müəyyənləşdirilib. Bununla bağlı beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə konsepsiya qəbul edilib. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Meliorasiya, kollektor-drenaj şəbəkələrinin istismarı və kadastr sektorunun müdiri Riad Axundzadənin sözlərinə görə, konsepsiyanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərin yüksək bərpaolunan enerji potensialından istifadə etməkdir. Konsepsiyaya əsasən, ərazini ekoloji cəhətdən təmiz, “yaşıl enerji” ilə təmin etmək üçün texnologiyaların tətbiqi perspektivləri araşdırılaraq təkliflər formalaşdırılacaq.
Qarabağ və Şərqi Zəngəzurun əlverişli coğrafi şəraiti və iqlim xüsusiyyətləri, burada alternativ v bərpaolunan enerji mənbələrindən, o cümlədən günəş, külək və su resurslarından geniş istifadəyə münbit zəmin yaradır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızın bərpaolunan enerji potensialını nəzərə alaraq həmin əraziləri “yaşıl enerji" zonası elan edib.
Mütəxəssislərin araşdırmalarına görə, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. Artıq həmin potensialın hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsinə başlanılıb. Elə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilməsi də bunu deməyə əsas verir.
İşğaldan azad olunmuş ərazilərimiz su ehtiyatlarının zənginliyi ilə də seçilir. Ümumilikdə, Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi məhz həmin ərazilərdə formalaşır. Bununla yanşı, sözügedən ərazilərdə 14 çay və 9 su anbarı yerləşir. Mütəxəssislərin rəyinə görə, bu ərazilərin yerüstü və yeraltı su ehtiyatlarından həm içməli, həm də aqrar sahədə suvarma suyu kimi istifadə etməklə bağlı zəngin potensial var. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı çayların su ehtiyatı və “yaşıl enerji” potensialı ilə bağlı araşdırmaların müəllifi, Əməkdar mühəndis, texnika elmləri doktoru Əhməd Məmmədov da hesab edir ki, bu çayların su ehtiyatı hesabına anbarlar yaratmaqla əhalinin suya olan tələbatını tam ödəmək mümkündür. Hidroloq alimin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından səmərəli və kompleks şəkildə istifadə edərək işğaldan azad olunmuş ərazilərdə su təminatını yaxşılaşdırmaqla həmin bölgədə əhalinin sürətli şəkildə məskunlaşmasının sürətləndirilməsi, eyni zamanda, turizmin inkişafı üçün geniş imkanlar mövcuddur.
İşğaldan azad edilmiş ərazilərin mövcud su ehtiyatları burada alternativ, təmiz elektrik enerjisinin istehsalı üçün də yaxşı imkanlar yaradır. Ötən müddətdə həmin ərazilərdə ümumi gücü 53,6 meqavat təşkil edən 11 su elektrik stansiyası yenidən qurularaq istifadəyə verilib. Yaxın gələcəkdə isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində 237,55 meqavat gücündə 38 yeni su elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin işlənib hazırlanması nəzərdə tutulur.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sektor müdiri Riad Axundzadənin bildirdiyinə görə, işğaldan azad olunmuş “yaşıl” elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçın, Kəlbəcər və Suqovuşanda 20,2 meqavat gücündə 4 su elektrik stansiyası bərpa edilərək istismara verilib. Bunlar Həkəri çayı üzərində yerləşən 8 meqavatlıq “Güləbird”, Tərtər rayonu ərazisində yerləşən 4,8 meqavatlıq “Suqovuşan-1” və 3 meqavatlıq “Suqovuşan-2”, eləcə də 4,4 meqavatlıq “Kəlbəcər-1” kiçik su elektrik stansiyalarıdır. R. Axundzadənin fikrincə, həmin stansiyalar işğaldan azad olunmuş ərazilərin və burada həyata keçirilən infrastruktur layihələrinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.
Sektor müdiri, həmçinin qeyd edib ki, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində hazırda inşası davam etdirilən və qoyuluş gücü 200 meqavat olan “Xudafərin” və 80 meqavatlıq “Qız Qalası” su elektrik stansiyaları da regionun mühüm enerji obyektləri sırasındadır. Həmin obyektlərin isə 2-2,5 il müddətində istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, regionun Tərtərçay, Bərgüşadçay, Həkəri çayları və bu çayların qollarında kifayət qədər böyük enerji istehsal güclərinin yaradılması mümkündür. Artıq 30 meqavatlıq Bərgüşadçay və 43 meqavatlıq Həkəriçay kiçik SES-lərin inşası ilə bu çayların hidroenerji potensialından da istifadə edilməsi qərara alınıb.
Yeri gəlmişkən, əhalinin və ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının suya olan tələbatının təmin edilməsi üçün su ehtiyatlarımızın təxminən 64 faizi mexaniki üsulla nizamlanır. Bu da su təsərrüfatında enerji sərfiyyatının kəskin şəkildə artması ilə nəticələnir. 2022-ci ildə təkcə kənd təsərrüfatının suvarma suyu ilə təminatı məqsədilə 1,59 giqavat elektrik enerjisi və 19,9 min ton dizel yanacağı sərf olunub. Bu məqama toxunan R. Axundzadənin qənaətinə görə, su sektorunda “yaşıl enerji”dən istifadəni tətbiq etməklə ənənəvi enerji şəbəkələrinin yükünü yüngülləşdirmək, bununla da dayanıqlı inkişaf və ətraf mühitin mühafizəsi arasında tarazlıq yaratmaq mümkün olacaq.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

