Vətən müharibəsi bitən gündən işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafın gerçəkləşdirilməsi, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr isə həmin yerlərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini və iqtisadi inkişafını hədəfə alıb.
Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 10 dekabr 2021-ci il tarixli sərəncamı da düşməndən təmizlənən yaşayış sahələrinin vahid konsepsiya əsasında bərpasını təmin etməklə yanaşı, ölkənin iqtisadi potensialının genişlənməsinə də müsbət təsir göstərir. Vətən müharibəsi başa çatandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq layihələrinin icrasına start verilib. Qısa müddətdə Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux və Sus kəndlərində, həmçinin Laçının şəhərində məskunlaşdırma aparılıb.
Onu da qeyd edək ki, bu gün Şuşa şəhərində birinci və ikinci yaşayış kompleksi uğurla inşa edilir. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə həyata keçirilir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür.
İndi düşməndən təmizlənən ərazilərdə infrastruktur layihələri uğurla gerçəkləşdirilir. Dəmir və avtomobil yollarının çəkilişi, elektrik enerjisi, su təchizatı məsələləri, meliorativ tədbirlərlə bağlı tədbirlər plan üzrə reallaşdırılır. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası isə davam edir.
Vətən müharibəsində əldə edilən parlaq qələbə nəticəsində işğaldan azad olunan ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasından, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın növbəti inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyənləşməsində rolunu daha da möhkəmləndirəcək.
Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına imkan verən iqtisadi güc təkcə neft amili ilə bağlı deyil. Bu, eyni zamanda, indiyədək ölkədə həyata keçirilən çoxşaxəli islahatlar, o cümlədən qeyri-neft sektorunun inkişafı hesabına reallaşıb. Şübhəsiz ki, bu məsələdə vergi-gömrük sahələrində aparılan yenilənmələr də əsaslı rol oynayıb. Belə bir yanaşma isə dayanıqlı iqtisadi inkişafın sürətlənməsinə və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərib. Bu isə, öz növbəsində, sosial sahədə dövlət siyasətinin daha uğurla həyata keçirilməsini təmin edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası ötən 5 ayda da makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini müəyyənləşdirməyə imkan verib. İqtisadi göstəricilərin artımı nəzərdə tutulan hədəflərə nail olunması, o cümlədən işğaldan azad edilmiş bölgələrdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi, müdafiə və təhlükəsizlik vəzifələrinin yerinə yetirilməsi məqsədilə cari ilin dövlət büdcəsinə dəyişiklik edilməsinə şərait yaradıb. Bununla əlaqədar Azərbaycan Prezidenti müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib.
Beləliklə, bu ilin dövlət büdcəsinə gəlirlərin 14 milyard 932 milyon manatı Dövlət Vergi Xidmətinin, 5 milyard 728 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11 milyard 737,7 milyon manatı Dövlət Neft Fondundan transfertin, 801 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 580,8 milyon manatı digər mənbələrin payına düşür.
Yuxarıda ölkəmizin iqtisadi gücunün təkcə neft amili ilə bağlı olmadığını qeyd etdik. Bəli, Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə öz vəsaitləri hesabına, heç bir beynəlxalq maliyyə institutundan borclanmadan genişmiqyaslı bərpa-tikinti layihələri həyata keçirir. Vətən müharibəsindən sonrakı dövrdə düşməndən təmizlənən torpaqlarda quruculuq layihələri üçün dövlət büdcəsindən transfertlər ilbəil artır. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılması da bunun bariz ifadəsidir. Cari ilin büdcəsində isə işğaldan azad olunan ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz daha çox, yəni 3 milyard manat nəzərdə tutulub. Bu vəsaitin 60 faizi ötən 5 ay ərzində icra olunub.
Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi,
mexanika üzrə fəlsəfə doktoru
2004-cü ildən başlayaraq, həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrimizdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb və minlərlə yeni iş yeri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə müsbət təsir göstərib. Bütün bu uğurların əldə edilməsində şübhəsiz ki, sözügedən dövrdə ayrı-ayrı illər üçün tərtib olunan dövlət büdcəsi də mühüm rol oynayıb. Bunu 2023-cü ilin dövlət büdcəsindən də aydın görə bilərik.
İkinci Qarabağ savaşından sonrakı dönəmdə Azərbaycanın iqtisadi rayonları sırasında yer alan Qarabağ və Şərqi Zəngəzurda quruculuq layihələri üçün dövlət büdcəsindən transfertlər də ilbəil artırılıb. Bu bölgələrin bərpa və yenidənqurma işləri üçün 2021 və 2022-ci illərdə 4,9 milyard manat vəsait ayrılıb. Cari ilin büdcəsində isə həmin məqsəd üçün 3 milyard manat nəzərdə tutulub.
Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsi ölkə Prezidenti İlham Əliyevin islahatların dərinləşməsinə, qeyri-neft sektorunun tərəqqisinə yönələn fərman və sərəncamları, habelə inkişaf proqnozları əsas götürülərək hazırlanıb. Əlbəttə, bu zaman respublikada maliyyə sabitliyinin mövcudluğu, maliyyə resurslarının getdikcə artması, irimiqyaslı layihələrin uğurla reallaşdırılması kimi məsələlər də diqqətdə saxlanılıb.
Son illərdə qəbul edilən dövlət büdcəsi layihələrinin uğurla gerçəkləşdirilməsi nəticəsində Azərbaycanda valyuta ehtiyatları artıb, tədiyə balansında müsbət saldoya nail olunub, davamlı inkişaf, sosial tərəqqi meyilləri daha da güclənib.
Azərbaycanda büdcə-vergi siyasəti ümumi makroiqtisadi siyasətin tərkib hissəsi olmaqla real gözləntilər və proqnozlar üzərində qurulur. Bu siyasət davamlı, həm də uzunmüddətli keyfiyyətli inkişaf məqsədlərinə xidmət edir, müxtəlif fiskal riskləri nəzərə alır və müvafiq maliyyə ehtiyatlarını formalaşdırır.
Yeri gəlmişkən, cari ilin dövlət büdcəsi haqqında qanunda və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklikdə ölkə ərazisində elektrik enerjisi təchizatı və digər infrastruktur layihələr üzrə yenidənqurma və əsaslı təmir xərcləri üçün 128 milyon manat, sahibkarlıq fəaliyyəti ilə bağlı verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün 50 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


