Son günlər ermənilərin Azərbaycanın Laçın yolundakı sərhəd postundan istifadə etməklə Qarabağı rahat tərk etmələri müşahidə olunur. Bəzən məntəqədə növbələrin yarandığı müşahidə edilir...
Azərbaycanın Laçın yolunun üstündə qurduğu Həkəri sərhəd-keçid məntəqəsindən blokadasız bölgənin erməni sakinləri sərbəst şəkildə istifadə edirlər. Burada hər iki istiqamətdə şəffaf giriş-çıxış təmin edilib, sərhədçilərimiz və gömrükçülərimiz beynəlxalq standartlara uyğun xidməti vəzifələrini yerinə yetirirlər. Bəs sıravi ermənilərin Qarabağdan çıxmasına səbəb nədir? Əvvəlcə onu qeyd edək ki, Qarabağı tərk edənlərin bir qismi son 30 ildə – işğal dönəmində burada məskunlaşan ermənilərdir. Onlar mövcud status-kvo çərçivəsində öz gələcəklərini regionda görmürlər. Qarabağ həmin ermənilərin vətəni olmadığı üçün, həm də bölgədə separatizmin tüğyan etdiyi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinin uzandığı bir zamanda bölgədən çıxmağı məntiqəuyğun hesab edirlər. Bu kateqoriyadan olan hayların əksəriyyəti “rahat və gözəl həyat” axtarışında digər dövlətlərə üz tuturlar.
* * *
Azərbaycanın 44 günlük müharibədəki qalibiyyəti Qarabağın onların vətəni olmadığı həqiqətini xatırlatdı, gəlmə ermənilərə “köç vaxtı”nın çatdığını yada saldı. Bu gerçək ermənilərin özləri tərəfindən də etiraf olunmaqdadır. Xankəndidə yaşayan erməni Marina Zakaryan hələ 2021-ci ildə mətbuata açıqlamasında bölgəni tərk edənlərin bir qisminin bu əraziyə işğal dönəmində gəldiyini, Qarabağla onları mənəvi-tarixi baxımdan heç nəyin bağlamadığını etiraf edərək demişdi: “Ermənistana gedənlərin əksəriyyəti işğal dövründə Qarabağ ətrafı rayonlara qanunsuz yerləşdirilmişdi. Böyük qismi Qarabağa aylıq müavinət almaq üçün gəlir və geri qayıdırlar. İrəvan artıq onları yük olaraq görür və aylıq müavinət əvəzinə “iş yerləri” vəd etməkdə davam edir”.
Digər tərəfdən, erməniləri Qarabağı tərk etmək məcburiyyətində qoyan amillərdən biri də ağır sosial şərait, kütləvi işsizlikdir. Amma “çağırılmamış qonaqların” Qarabağdan çıxmasının əsas səbəbi bölgədəki separatçıların əhalini olmazın məhrumiyyətlərə düçar etməsidir. Xankəndi və ətraf bölgələrdə hakimiyyətini qoruyub saxlamağa çalışan Araik Arutyunyan rejimi uzun illərdir erməniləri təhdid etməklə məşğuldur. Müharibədən sonra Xankəndidə “iş və çörək” tələbi ilə çıxış edənlərin, separatçıların və İrəvanın laqeyd münasibətindən şikayətlənənlərin sayı artmaqdadır. Vaxtilə Ağdərə rayonunda yaşamış erməni Karen Şirinyan mövcud reallığı aşağıdakı kimi təsvir edir: “Qarabağda iş yeri yoxdur. Bizə bununla bağlı proqramların yaradılacağını vəd etsələr də, aylardır gözləyirik. Orada yaşaya bilmirik”.
Onu da qeyd edək ki, bir neçə dəfə mülki ermənilər Xankəndi–Laçın yolunda xidməti vəzifələrini yerinə yetirən hərbçilərimizə yaxınlaşaraq, Azərbaycan dövlətinin onların məşğulluq probleminin həllinə yardım etməsini xahiş ediblər.
* * *
Ermənilərin Qarabağı tərk etmələrinin digər səbəbi təhlükəsizliklə bağlıdır. Azərbaycan Qarabağdakı ermənilərin təhlükəsizliyinə zəmanət versə də, separatçı rejim mütəmadi təxribatlar təşkil etməklə, sakinlərin həyatı üçün təhdidlər yaratmaqdadır. Separatçılar tərəfindən mülki ermənilərə göstərilən təzyiq və təhdidlər, hüquq və azadlıqlarının əllərindən alınması və s. bölgəni onları tərk etməyə vadar edir. Daşnak separatçıların öz aralarındakı qarşıdurmanın fəsadlarının ermənilərin gündəlik həyatına ciddi təsir göstərməsi faktı da Qarabağın ermənisizləşməsinin əsas amillərindən biridir. Bu kimi məqamları erməni mediası da etiraf edir. Təxminən bir ay əvvəl “Hraparak” qəzeti Xankəndidəki separatçılar arasında qarşıdurmanın pik həddə çatdığını, bunun sadə vətəndaşlara ciddi təsir göstərdiyini yazmışdı. Əminliklə demək olar ki, Araik rejiminin mövcudluğu fonunda ermənilərin Qarabağdan köçü davam edəcək.
Seymur ƏLİYEV

