Uğurlar sosial-iqtisadi inkişafı daha da sürətləndirir

post-img

Keçən il ilk dəfə olaraq ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) həcmi 100 milyard manatı ötərək 133,8 milyard manat təşkil edib. Bu dövrdə 13,9 faiz orta illik inflyasıya qeydə alınıb. Azərbaycanda inflyasiya ilə mübarizə sahəsində atılan addımlar onun mənfi təsirlərinin azalmasına imkan yaradıb. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri proqnozdan 1 milyard 481 milyon manat artıq icra edilib, xərcləri isə 32 milyard 64,6 milyon manat olub.  
Bu rəqəmlər Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsində səsləndirilib və həmin göstəricilərin qarşıdakı dövrdə sosial-iqtisadi inkişafın daha da sürətlənməsinə zəmin yaratdığı bildirilib.  
Yeri gəlmişkən, iclasda diqqətə çatdırılan uğurları ifadə edən göstəriciləri aşağıdakı kimi vurğulamaq olar: 
– hesabat dövründə əsas kapitala yönəldilən vəsaitin məbləği 18,3 milyard manat təşkil edib. Əsas kapitala yönəldilən  investisiyaların 80,6 faizi daxili mənbələr hesabına formalaşıb. İnvestisiyaların 5,4 milyard manatı neft, 12,9 milyard manatı isə qeyri-neft sektoruna xərclənib; 
– bu dövrdə qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb;
– ötən il xarici ticarət üzrə əməliyyatların həcmi 56,2 milyard ABŞ dolları olub. Bunun 41,7 milyard dolları ixrac, 14,5 milyard dolları isə idxal əməliyyatlarının payına düşüb. Cari əməliyyatlar hesabında 23,5 milyard ABŞ dolları həcmində və ya əvvəlki illə müqayisədə 2,8 dəfə çox profisit qeydə alınıb.
– hesabat dövründə dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 30 milyard 679,6 milyon manat olub. Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 22,9 faiz təşkil edib. Büdcə gəlirlərinin 50,7 faizi Dövlət Vergi Xidmətinin, 18,4 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 25,8 faizi Dövlət Neft Fondundan transfertin, 5,1 faizi digər gəlirlər üzrə daxilolmaların payına düşüb.
Yeri gəlmişkən, 2022-ci ilin büdcə gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 15 milyard 350 milyon manat təşkil edib. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmaların 53 faizi vergi, 36,8 faizi gömrük orqanlarının xətti ilə, 10,2 faizi isə digər mənbələrdən daxilolmaların payına düşüb.
Azərbaycanın qeyri-neft-qaz sektorunun dinamik inkişafını bildirən rəqəmlər əldə edilməsi iqtisadiyyatın bütün sahələrində ötən illərdəki artım dinamikasının qorunub saxlanılmasının məntiqi nəticəsidir. Başqa sözlə, belə bir uğur makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi ilə şərtlənir.  
Hesabat dövründə ÜDM istehsalının böyük bir hissəsinin sənayenin payına düşməsi isə ölkəmizdə uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olub. Sənaye parklarının mövcud sahədəki fəaliyyəti, həmin zonalarda yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, bu işə investorların cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkəzində saxlanılıb və bu, müsbət göstəricilərlə müşahidə edilib. Məhz bunun nəticəsidir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında rezidentlərinin sayı 35-ə çatdırılıb. Hacıqabul Sənaye Məhəlləsində isə ümumi investisiya həcmi 51 milyon manatdan artıq olan 13 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb və onlardan 8-i fəaliyyətə başlayıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da bərpa prosesi indiyədək sənayeləşmə siyasəti ilə paralel aparılıb. “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb. Düşməndən təmizlənən ərazilərdə kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatının yaradılması nəzərdə tutulub.
Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi,  təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var.
Sənaye zonaları və aqroparkların təşəkkülü də belə demək mümkünsə, bax, bu cür  əlverişli mühitin məhsuludur. Bu müəssisələrdə  sahibkarlar üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur. Belə ki, sahibkarlara təşkilati dəstəklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir. 
Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Büdcə gəlirlərində neft sektoru üzrə daxilolmalar 15 milyard 329,6 milyon manat təşkil edib. Neft sektoru üzrə büdcə gəlirlərinin 51,7 faizini Dövlət Neft Fondundan transfert, 48,3 faizini isə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə təmin edilən neft sektorundan daxilolmalar təşkil edib.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4 milyard 311 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 61,8 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 25,1 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 10,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 2,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür. Həmin vəsaitin 4 milyard 70,9 milyon manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına, 24,8 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.

 

Vüqar BAYRAMOV, 
Milli Məclisin deputatı, ­
iqtisadçı-ekspert


Milli Məclisdə 2022-ci ilin büdcə ilə bağlı qanun layihəsi müzakirə edilərək plenar iclasa tövsiyə olunub. Burada, təbii ki, əsas məqsəd Müzakirələrdə ötən il büdcənin icrası vəziyyəti diqqətdə saxlanılıb,   həmçinin bu istiqamətdə həyata keçirilən işlər nəzərdən keçirilib.     
Keçən ilin büdcəsinin icrası ilə bağlı hesabat da təsdiq edir ki, hesabat dövründə fiskal hədəflərə çatmaq reallaşıb və dövlət büdcəsinin gəlirlərində artımlar nəzərə çarpıb. Belə ki, vergiyə daxilolmalardan əldə edilən vəsait proqnoza nisbətən 32 faiz çox olub.
Dövlət Gömrük Komitəsi proqnozlarla müqayisədə təxminən 31 faiz daha çox vəsaitin büdcəyə cəlb edilməsinə nail ola bilib. Ona görə yalnız neft sektorunda deyil, eyni zamanda, neftdən kənar sektorlarda büdcəyə daxilolmalarda artımlar müşahidə olunub. Bu da 2022-ci ildə büdcənin icrası ilə bağlı böyük öhdəliklərə və eləcə də proqnozlara əməl edilməsindən xəbər verir. Eyni zamanda, keçən ilin hesabatından göründüyü kimi, makroiqtisadi yekunlar da uğurlu olub. Çünki ümumi daxili məhsul proqnozlaşdırılandan daha çox artıb və ÜDM-dəki artımlar da yalnız neft deyil, qeyri-neft sektoru hesabına baş verib. 
Artıq Azərbaycanda ümumi daxili məhsul 130 milyard manatdan çoxdur. Kifayətedici bir rəqəmdir. Bu baxımdan 2022-ci ilin makroiqtisadi yekunları büdcə icrası ilə bağlı nəticələri pozitivdir. Bu, eyni zamanda, məhz bu istiqamətdə daxilolmaların artması, həm də 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması və dürüstləşmənin aparılmasına zəmin yaradır. 
Yaxın vaxtlarda dürüstləşmə ilə bağlı layihə də deputatlara təqdim olunacaq. Gözlənti ondan ibarətdir ki, cari ilin dövlət büdcəsinin gəlirlərində və xərclərində artımlar olacaq. Xüsusən də periodik istiqamətlərə daha çox vəsaitin ayrılması nəzərdə tutulur.
Onu da bildirim ki, layihə təqdim olunduqdan sonra ilk istiqamətlərlə bağlı məlumatların bölüşdürülməsi mümkün olacaq. Amma 2022-ci ilin, eləcə də cari ilin ilk dörd ayının geridə qalan nəticələri bir daha təsdiq edir ki, həm fiskal, həm makroiqtisadi sahədə hədəflərə nail olunması praktik olaraq 2023-cü ilin dövlət büdcəsinə dəyişiklərin edilməsi və dürüstləşmənin aparılmasına imkan yaradır.


Vaqif BİNYATOĞLU, 
“Xalq qəzeti”



İqtisadiyyat