Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Bakıda keçirilən 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgilərində iştirak etmiş naxçıvanlılarla görüşüb.
Fuad Nəcəfli muxtar respublikanın kənd təsərrüfatı və iqtisadiyyat nazirliklərinin əməkdaşlarına, sahibkarlara və ailə təsərrüfatçılarına beynəlxalq sərgilərdə fəal iştiraka və “Orqanik Naxçıvan” brendini uğurla təbliğ etdiklərinə görə təşəkkür edib, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Naxçıvan stendinə xüsusi maraq göstərməsini qürurverici hal kimi dəyərləndirib.
Görüşdə bildirilib ki, 31 ölkədən 479 şirkətin iştirak etdiyi, 9 ölkənin isə milli stendlərlə təmsil olunduğu sərgilərdə ilk dəfə Naxçıvan Muxtar Respublikasının da ayrıca pavilyonu yaradılıb və Naxçıvanın təbii məhsulları böyük maraqla qarşılanıb. Bu uğurun qazanılmasında Naxçıvanda kənd təsərrüfatı və istehsal sahələrində prioritetlərin müəyyənləşdirilməsinin və ilkin islahatların aparılmasının önəmi vurğulanıb.
Qeyd edilib ki, aqrar sahədə gerçəkləşdirilmiş tədbirlərin davamı olaraq tezliklə institutlaşdırma işləri aparılacaq. Bundan əlavə, Naxçıvanın qida və xammal məhsullarının sertifikatlaşdırılması, xarici bazarda yer tutması üçün ciddi marketinq işləri aparılacaq və ixrac dəstəklənəcək.
Görüşdə sahibkarların və ailə təsərrüfatçılarının təklifləri dinlənilib, onlar “Orqanik Naxçıvan” brendi ilə kooperativ iştiraka dəvət edilib.
S.HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri