Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İğdır və Qars vilayətlərinə səfərdən qayıdıb. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları, şəhid atası və Vətən müharibəsi qazisi daxil idi. İctimaiyyət nümayəndələri ilə birlikdə İğdır vilayətində Soyqırımı abidəsi və muzeyi ziyarət edildikdən sonra görüşlər başlanıb.
İlk olaraq, vali Hüseyn Engin Sarıibrahimlə keçirilən görüşdə ölkələrimiz arasında çoxillik münasibətlərdən, tarixi dostluqdan söhbət açılıb. Türkiyə və Azərbaycanın dostluq və qardaşlığının həm tarixən, həm də müasir dövrdə qürurverici hadisələrlə zəngin olması, Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycana gəlişi və yenicə müstəqillik qazanmış Azərbaycan Xalq Cümhuriyyətinin taleyində misilsiz rolu qeyd edilib.
Sonra nümayəndə heyəti hakim Ədalət və İnkişaf Partiyasının İğdır başqanlığında olub. Orada mövcud vəziyyət, ölkələrimiz arasında qarşılıqlı dostluq və mütəffiqlik müzakirə edilib. İki ölkə prezidentləri arasında olan dostluq və qardaşlıq münasibətlərinin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xüsusi önəm verdiyi qeyd edilib.
A.Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı ilk andan Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Azərbaycana siyasi dəstəyini ifadə edərək ölkəmizin yanında olmasını qardaşlığımızın əyani təcəssümü kimi dəyərləndirib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, məhz Türkiyə Prezidentinin bu mesajı bir çox ölkələrin Azərbaycanla Ermənistan arasındakı müharibəyə xaricdən müdaxilə cəhdlərinin qarşısını alıb.
Qardaş ölkə Prezidentinin işğaldan azad edilmiş torpaqlarımıza və Şuşa şəhərinə səfərindən söhbət açan sədr müavini deyib ki, 2021-ci il iyunun 15-də iki ölkə prezidentlərinin iştirakı ilə Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini imzalanması faktiki müttəfiqliyimizi rəsmiləşdirdi və münasibətlərimizdə yeni eranın əsasını qoydu. Bu, həm də Türkiyə–Azərbaycan qardaşlığının daha da möhkəmlənməsi deməkdir.
A.Əliyev səfər təəssüratları barədə qəzetimizə verdiyi açıqlamada bildirib ki, belə səfərlər ölkələrimiz arasında münasibətlərin inkişafında təkcə siyasi sfera ilə məhdudlaşmır, eyni zamanda, iqtisad, sosial, mədəni əlaqələrimizin daha da dərinləşməsi və müştərək layihələrimizin uğurla icra olunmasında mühüm əhəmiyyət kəsb edir: “Qarsda, İğdırda yaşayan Azərbaycan kökənli türk vətəndaşları da Azərbaycan və Türkiyə arasında bu münasibətlərdən məmnundurlar və əməkdaşlığın daha da möhkəmləndirilməsinə yardımçı olacaqlar. Prezident İlham Əliyevin dediyi kimi, xalqlarımız “Bir millət, iki dövlət, bir yumruq” şüarı ətrafında sıx birləşiblər.
Ə.BƏDƏLOV,
“Xalq qəzeti”