Əlaqələr getdikcə dərinləşir

post-img

Serbiya Respublikasında rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova Baş nazir Ana Brnabiç ilə görüşüb. 
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən redaksiyamıza verilən məlumata görə, parlamentin rəhbərini səmimiyyətlə salamlayan Baş nazir deyib ki, dost ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir. O, Azərbaycanın Serbiya üçün çox böyük əhəmiyyətə malik ölkə olduğunu bildirib. Ana Brnabiç vurğulayıb ki, müsbət siyasi dialoq və qarşılıqlı səfərlər bu əlaqələrin daha da dərinləşməsinə imkan verir. 
Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya ötən il baş tutan səfərini və  dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayaraq nəticələrin uğurlu olduğunu diqqətə çatdırıb. O, ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmini qeyd edib. Deyib ki, enerji təhlükəsizliyi məsələsi milli təhlükəsizlik baxımından olduqca vacibdir. Bununla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu vurğulayıb. A.Brnabiç Azərbaycan və Serbiyanın bir çox  sahələrdə, o cümlədən suverenlik və ərazi bütövlüyü məsələlərində həmrəyliyini və bir-birinə qarşılıqlı dəstək verdiyini qeyd edib.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova diqqəti dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm roluna yönəldib. O, bu kontekstdə xüsusilə, Prezident İlham Əliyevin 2022-ci ilin noyabrında Serbiyaya rəsmi, həmçinin Prezident Aleksandr Vuçiçin 2018-ci ilin mayında Azərbaycana rəsmi və 2022-ci ilin dekabrında işgüzar səfərlərinin önəmini vurğulayıb. 
S.Qafarova deyib ki, Azərbaycan və Serbiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərdə müsbət amillərdən biri də qanunverici orqanlar arasında əlaqələrdir. Bu səfərin Azərbaycan Milli Məclisinin Sədri qismində Serbiyaya ilk səfər olduğunu deyən Sahibə Qafarova bir neçə gün əvvəl Serbiya Milli Assambleyasının Sədri Vladimir Orliçin  parlamentin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizə səfər etdiyini məmnunluqla xatırladıb. S.Qafarova parlamentlərimiz arasında bir sıra beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı daha da inkişaf etdirmək üçün yaxşı imkanlar olduğunu da diqqətə çatdırıb. Həmçinin Azərbaycan və Serbiya parlamentləri arasında imzalanan anlaşma memorandumunun münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyinə inamını bildirib.
Görüşdə, həmçinin regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə də məlumat verilib. Eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


***


Serbiya Respublikasında rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Belqradda Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən keçirilən 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak edib. Tədbir iştirakçılarını salamlayan parlamentin rəhbəri Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç, Serbiya Respublikasının Baş naziri Ana Brnabiç, Serbiya Respublikası Milli Assambleyasının Sədri Vladimir Orliç ilə keçirdiyi görüşlərdən söz açıb. 
Sədr 105 il əvvəl –28 May 1918-ci ildə Azərbaycan xalqının öz çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək müsəlman Şərqində ilk demokratik parlament respublikasını təsis etməsindən danışıb. O diqqətə çatdırıb ki, həmin dövrdə ilk parlament və hökumət, dövlət atributları yaradıldı, ölkənin sərhədləri müəyyən edildi, dövlət quruculuğu, respublikanın beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması sahəsində mühüm işlər görüldü. Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkənin siyasi, iqtisadi və mədəni inkişafının təmin olunmasında mühüm rol oynayıb.
S.Qafarova vurğulayıb ki, Azərbaycan hələ 1918-ci ildə Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən də xeyli əvvəl qadınlara səsvermə hüququ verib. Bu, ilk Demokratik Azərbaycan Respublikasının uğurlarından biri idi. 
Ötən il Azərbaycan və Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ilinin tamam olduğunu deyən parlamentin Sədri bu illər ərzində Azərbaycanla Serbiya arasında münasibətlərin dinamik inkişaf etdiyni diqqətə çatdırıb. 
Hazırda regionda mövcud vəziyyət barədə məlumat verən S.Qafarova  Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini Ermənistanın 30 illik işğalından azad edərək, orada həyata keçirilən yenidənqurma, tikinti–quruculuq işlərindən söhbət açıb.
Sahibə Qafarova müharibədə qalib gəlməsinə baxmayaraq, məhz  Azərbaycanın sülh sazişini təklif etdiyini diqqətə çatdırıb. Deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansa, Qafqazda uzunmüddətli sülh bərqərar olacaq.


Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

Siyasət