Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz, demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə, Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti,
Gürcüstanın Mçxeta rayonu,
24 oktyabr 2022-ci il
Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələr həyata keçirmişik. Həmin layihələr xalqlarımızı, ölkələrimizi daha sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illər boyu da belə olacaq.
İrakli QARİBAŞVİLİ,
Gürcüstan Respublikasının Baş naziri
Azərbaycanın Qəbələ şəhəri,
7 aprel 2023-cü il
Zaman sübut edir ki, biz Heydər Əliyev siyasi kursunu davam etdirməklə həm ölkəmizin, həm də regionun hərtərəfli inkişafına özünəməxsus töhfələr veririk. Bu baxımdan, ulu öndərin yaxın qonşularımızla əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini qoruyub saxlamaq və inkişaf etdirmək barədə tövsiyələrinin həyata keçirilməsi də xüsusi önəm kəsb edir. Rəsmi Bakının bu istiqamətdə daha səmərəli tərəfdaşlıq etdiyi ölkələrdən biri də Gürcüstandır.
Gürcüstanla bizi təkcə qonşuluq münasibətləri, yəni, coğrafi əsaslar bağlamır, bizi həm də tarixi, mədəni və sosial məsələlər də bir-birimizə yaxınlaşdırır. Ötən əsrin 70-ci illərində Kür suyunun Bakıya gətirilməsi zamanı gürcü yazıçılarından biri xatırlatmışdı ki, indi artıq Azərbaycan paytaxtı da Gürcüstan paytaxtı kimi Kür suyunu içir və bu fakt bizi daha da yaxınlaşdıracaq.
Tarixi-siyasi baxımdan isə Azərbaycanla Gürcüstanı həm ötən əsrin əvvəllərində, həm də sonlarında yaşadıqları eyni talelər yaxınlaşdırır. Elə ondan əvvəlki əsrdə – eyni dövlətin tərkibində olduğumuz dövrdə də tarixi, mədəni, sosial yaxınlıqlarımız region üçün nümunə olmuşdur.
... Bu gün Gürcüstanda Müstəqillik Günü qeyd edilir. Belə ki, 105 il əvvəl – 1918-ci il mayın 26-da Milli Şuranın qərarı ilə müstəqil dövlət qurulub və Gürcüstan Respublikası elan olunub. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika sovet işğalınadək mövcud olub. Gürcüstan dövlət müstəqilliyini 70 ildən sonra bərpa edib.
Gürcüstan həmişə bu günü təntənəli şəkildə qeyd edir. Ölkə daxilində konsertlər, sərgilər, müxtəlif maarifləndirici idman və mədəni tədbirlər keçirilir. Dəfələrlə qeyd edilib ki, 26 may Gürcüstanın hər bir vətəndaşı üçün olduqca vacib tarixdir.
Xatırladaq ki, Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulmuşdur. Azərbaycanın Gürcüstandakı səfirliyi 1996-cı ilin mart ayından etibarən fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu təsis edilmiş və 3 dekabr 2010-cu il tarixdən Baş Konsulluq rəsmi fəaliyyətə başlamışdır. Gürcüstanın Azərbaycandakı səfirliyi 1995-ci ilin fevral ayından etibarən fəaliyyət göstərir. Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu 2013-cü il dekabrın 12-də rəsmi fəaliyyətə başlamışdır. Ölkələrimizin parlamentləri arasındakı əlaqələr də günün tələbləri səviyyəsindədir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan–Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Bakı və Tbilisi arasındakı hərtərəfli əməkdaşlığı dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri daha da genişləndirir və tərəflərin maraqları yüksək səviyyədə təmin edilir. Elə bu sətirləri də dövlət başçımızın Gürcüstana son səfəri zamanı səsləndirdiyi fikirlərlə zənginləşdirmək istəyirik.
Cənab Prezident ötən il oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olduqdan sonra mətbuata verdiyi bəyanatda qeyd etmişdi ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz, demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik: “Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda... İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar... Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək”.
Xatırladaq ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi durmadan artır. Azərbaycan Bakı–Tbilisi–Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq fikrindədir. Bu məqsədlə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrlə keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı önəmlidir, həm də bütövlükdə, yol boyunca yerləşən bütün ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”