MSK 2023-cü ilin daimi seçicilər siyahısına yekun vurub

post-img

Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, cari il yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilərək dəqiqləşdirilməsinə başlanılıb. Təqribən beş ay ərzində ardıcıl və sistemli şəkildə həyata keçirilən əhatəli prosesdən sonra 2023-cü il üzrə daimi seçici siyahılarının hazırlanmasına yekun vurulub.
Qeyd edək ki, seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hər ilin əvvəlindən daimi seçici siyahıları müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunduqdan sonra MSK-ya təqdim edilməlidir. Bununla bağlı müvafiq işlər görüldükdən sonra seçici siyahıları mayın 30-dək müvafiq seçki komissiyaları tərəfindən təsdiqlənməli və dövlət avtomatlaşdırılmış informasiya sistemindən də istifadə olunmaqla ictimailəşdirilməlidir. Builki daimi seçici siyahılarının tərtib edilib dəqiqləşdirilməsi də Seçki Məcəlləsinin yuxarıda vurğulanan tələblərinə uyğun gerçəkləşdirilib.
Mayın 26-da MSK üzvləri  tərəfindən media təmsilçilərinin də iştirakı ilə Komissiyanın inzibati binasında vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantına baxış keçirilib və siyahıların saxlanma şəraiti ilə tanışlıq olub. Məlumat verilib ki, vahid seçici siyahılarının yenidən tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsində fasiləsiz onlayn rejimdə fəaliyyət göstərən dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan geniş istifadə edilib. “Seçkilər” informasiya şəbəkəsi üzərindən həyata keçirilən interaktiv ani məlumat mübadiləsi seçici siyahıları ilə bağlı görülən işləri daha da sürətləndirib, seçici siyahılarına daxil edilən seçicilərin məlumatlarının orfoqrafik təftişi, təkrar və oxşar seçici məlumatlarının hərtərəfli təhlil edilərək müvafiq addımların atılması, nöqsanların aradan qaldırılması, o cümlədən seçici siyahılarının keyfiyyətlə hazırlanması və çap olunmasını təmin edib.
Seçici siyahılarının çapı və saxlanması şəraiti ilə tanışlıqdan sonra Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib. İclasda 2023-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiqi və ictimailəşdirilməsi məsələsinə baxılıb. Aparılan geniş müzakirələr zamanı Komissiya üzvləri bütün digər vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da faydalanmaqla siyahıların dəqiqləşdirilməsi prosesinin və görülən işlərin daha da təkmilləşdirildiyini, səmərəliliyin yüksəldiyini xüsusi qeyd ediblər.
Məlumat üçün qeyd edək ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 334 min 178 seçici daxil edilib. Onların 47,44 faizi kişi, 52,56 faizi isə qadınlardır. 
Tədbirdə, həmçinin MSK-nın cari il aprelin 12-də keçirilmiş iclasının protokolu təsdiq olunub və bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. 

Son xəbərlər