“ƏDV geri al” layihəsi alıcılara 425,1 milyon manat qazandırıb

post-img

Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir və bunun nəticəsində iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr əldə olunur.  
Dövlət Vergi Xidmətinin məlumatına əsasən, layihənin icrasına başlanan vaxtdan    cari ilin may ayınadək portalda qeydiyyatdan keçən istehlakçılara, ümumilikdə, 425,1 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
“ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Məlum olduğu kimi, alınan mallara və əldə edilən xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilən ƏDV-nin 17,5 faizi, nağd qaydada isə 5 faizi istehlakçılara geri qaytarılır. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələrə cəlb etmək məqsədi daşıyan stimullaşdırıcı “ƏDV geri al” layihəsinin reallaşdırılması sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olur.
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 88 mindən çoxdur.
Cari ilin 4 ayı ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 6,7 milyard manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz çoxdur.


“Xalq qəzeti”

İqtisadiyyat