Son illər ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu sahədə yüksək nailiyyətlərə imza atan Azərbaycan Respublikası artıq 10 ildən çoxdur ki, beynəlxalq kosmik ailəsinin üzvü kimi tanınır.
Xatırladaq ki, Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki–“Azərspace-1” 2013-cü il fevral ayının 8-də orbitə buraxılıb. Bununla da, regionda qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olan Azərbaycan Respublikası kosmosda da öz varlığını təmin etməyə müvəffəq olub.
Ötən müddətdə Azərbaycanın 3 peyk layihəsinə, təxminən, 700 milyon manat investisiya yatırılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kosmik fəaliyyət haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu xərcin 85 faizi beynəlxalq banklardan cəlb edilən kreditlər hesabına formalaşıb.
Dünya kosmik klubunun üzvü olması Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb olmaqla yanaşı, ölkəmizə əlavə maliyyə resurslarının cəlb edilməsinə də imkan yaradıb. Təkcə onu qeyd etmək kifayətdir ki, “Azerspace-1” peykinin orbitə buraxılmasından ötən 10 il müddətində 515 milyon manat gəlir əldə edilib. Yaxın illərdə isə ölkəmizin kosmik fəaliyyətdən qazancı 1-1,5 milyard manatı keçəcək. “Azərkosmos”un rəhbəri S. Əsədov qeyd edib ki, ötən müddətdə bütün diqqət xarici bazarlara yönəldildiyindən qazancın 90 faizi məhz bunun hesabına əldə olunub. Yeri gəlmişkən, hazırda Azərbaycanın 42 ölkədə 182 müştərisi var. Bunların əksəriyyəti Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrinin payına düşür. Eyni zamanda, “Azərkosmos” dollar və avro ilə gəlir əldə etməklə ölkəmizə valyuta axınına dəstək verir.
Mayın 10-da Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində deyib: “Biz müasir texnologiyalara böyük önəm verərək Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq. Burada həm kadr potensialı məsələləri, eyni zamanda, bizim investisiyalarımız, sərmayələrimiz–biz indi kosmik dövlətə çevrildik. Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcək də məhz bu istiqamətdə inkişaf edəcək. Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”.
“Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədovun bildirdiyinə görə, yaxın illərdə Azərbaycanın çox yüksək ayırdetmə peykləri olacaq. Bu isə ölkəmizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daha da artırılmasına xidmət edəcək. “Azersky-2” layihəsi üzrə ilk peykin 2025-ci ildə orbitə buraxılacağını bildirən S. Əsədov onu da qeyd edib ki, Azərbaycan üçün öz peyklərini hazırlamaq hələlik bir qədər çətin göründüyündən böyük ehtimalla peyklərin orbitə buraxılması üçün yenə də xarici şirkətlərin imkanlarından istifadə olunacaq. Bununla belə, “Azərkosmos” ilkin mərhələdə peyklərin hazırlanması və içinin yığılması ilə məşğul olacaq. Onun sözlərinə görə, yerli mütəxəssislər tərəfindən peyklərin hazırlanıb orbitə buraxılması isə 2027-ci ildə mümkün olacaq.
Azərbaycanın kosmik fəaliyyət sahəsində davamlı inkişafı üçün qarşıdakı illərdə ölkədə peyklərin istehsalı və testi kimi infrastrukturun formalaşdırılması planlaşdırılır. Son illər ölkəmizdə yetişən kadr potensialı da buna imkan yaradır. Məlum olduğu kimi, yerli mütəxəssislər 10 ildən artıqdır ki, peyklərin idarə edilməsi ilə məşğul olurlar. “Azərkosmos”dan bildiriblər ki, bu potensialdan tam istifadə etmək üçün ölkəmizdə yeni peyklərin istehsalı mərkəzi yaradılacaq və kosmik ekosistem formalaşdırılacaq. Bunun üçün isə həm dövlətin, həm özəl sektorun, həm də təhsil və tədris sahələrinin birgə fəaliyyət göstərməsi nəzərdə tutulur. “Azərkosmos”un rəhbəri S. Əsədovun dediyinə görə, Azərbaycanın 2030-cu ilə qədər kosmik baxışını, strateji fəaliyyət istiqamətlərini əks etdirən sənəd hazırlanıb. Həmin sənəd yaxın gələcəkdə hökumətə təqdim ediləcək.
Artıq ölkəmiz kosmik sənaye sahəsində beynəlxalq aləmlə uğurla əməkdaşlıq edir. Beynəlxalq əməkdaşlığın nəticəsi olaraq “Azərkosmos” bu yaxınlarda İsrail şirkətləri ilə birgə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb. Bununla yanaşı, cari ilin sonuna qədər Malayziya orbitdəki mövqeyindən Azərbaycanın xeyrinə imtina edəcək. Bu barədə məlumat verən S.Əsədov qeyd edib ki, Azərbaycanın orbitdə yerləşdiyi 46-cı dərəcə meridianla bağlı Malayziya hökuməti tərəfindən hələ ötən əsrin 90-cı illərində ərizə verilib. Onun dediyinə görə, bu meridianı Azərbaycanla bölüşən Malayziya əlverişli əməkdaşlıq nəticəsində bu resursu ölkəmizə vermək qərarına gəlib. Cari ilin sonuna qədər proses başa çatdırılacaq və 46-cı dərəcə tam Azərbaycanın mövqeyi olacaq. Bu isə gələcəkdə ölkəmizə 4-6 peyk buraxmağa imkan yaradacaq.
Yeri gəlmişkən, yaxın illərdə ölkəmizdə kosmik fəaliyyət yeni prinsiplər əsasında həyata keçirilə bilər. Milli Məclisə təqdim olunmuş, “Kosmik fəaliyyət haqqında” qanun layihəsində bununla bağlı 5 prinsip nəzərdə tutulur. Həmin prinsiplər isə kosmik fəzadan sülh naminə istifadə edilməsi, milli maraqların qorunması, kosmik resurslardan səmərəli istifadə olunması, milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi, eləcə də kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılmasından ibarətdir.
Göründüyü kimi, beynəlxalq peyk ailəsinin üzvünə çevrilmiş Azərbaycan artıq özünün kosmik sənayesini tam formalaşdırmağa nail olub. Ölkəmizdə kosmik sənayenin hərtərəfli fəaliyyətini təmin etmək məqsədilə yerüstü infrastrukturla yanaşı, kosmik məlumatların qəbulu, emalı və istehlakçılara çatdırılması üçün bütöv bir kompleks yaradılıb. Orbitdə peykimizin mövcudluğu Azərbaycanın rabitə sisteminin daha da təkmilləşdirilməsini, təbii ehtiyatların öyrənilməsini və operativ məlumatların əldə edilməsini xeyli asanlaşdırıb. Bununla yanaşı, ilk peykimizin fəaliyyətdə olduğu müddətdə Azərbaycanda radio və televiziya yayımının keyfiyyəti yaxşılaşdırılıb, yüksək sürətli internet şəbəkəsi və məlumatların ötürülməsi sistemi təmin olunub, ölkəmizin informasiya təhlükəsizliyinin qorunması xeyli gücləndirilib.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


