Ölkəmizin valyuta ehtiyatları xarici borcdan 10 dəfə çoxdur

post-img

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün respublikamızın neft sektoru ilə yanaşı, qeyri-neft sahəsi də yüksək inkişaf göstəriciləri ilə diqqət çəkir. Bütün bunlar Azərbaycanın iqtisadi cəhətdən heç bir ölkədən asılı olmamaq və müstəqil siyasət yürütmək imkanını şərtləndirir. 

Prezident İlham Əliyev mayın 10-da Şuşa şəhərindən xalqa müraciətində bu­nunla bağlı deyib: “Əgər iqtisadi gücümüz olmasaydı, ordumuzu müasirləşdirə və torpaqlarımızı işğaldan azad edə bilməz­dik. Həmçinin hansısa mənbələrdən iqti­sadi cəhətdən asılı olsaydıq, o dairələrin təsiri altında qalar və müstəqil şəkildə öz işimizi icra edə bilməzdik”. 

İqtisadiyyatın dinamik inkişafı, eyni za­manda, əhalinin sosial rifahının yaxşılaş­dırılması istiqamətində atılan addımların əhatə dairəsini genişləndirir. Başqa sözlə, iqtisadiyyatın getdikcə güclənməsi sosial siyasətin davamlı şəkildə yürüdülməsinə əlverişli şərait yaradır. Belə ki, son illərdə əməkhaqları, pensiyalar və müavinətlərin dəfələrlə artırılması məhz bunun bariz ifa­dəsidir. Bununla yanaşı, indiyədək 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılması, Vətən müharibəsindən ötən müddətdə Azərbay­canın heç bir xarici dəstək almadan er­məni faşizminin darmadağın etdiyi şəhər və kəndlərimizi yenidən qurması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesini gerçəkləşdirməsi də ölkəmizin iqtisadi qüdrətinin məntiqi nəti­cəsidir. 

Prezident İlham Əliyevin xalqa müra­ciətində toxunduğu bir məsələ ilə bağlı bir qədər ətraflı bəhs etmək istərdik. Dövlə­timizin başçısının rəhbərliyi ilə 2003-cü ildən etibarən uzunmüddətli strategiya əsasında Azərbaycan Avropa üçün çox önəmli ölkəyə çevrilib. Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri – doqquz ölkə ilə strateji tərəfdaşıq sənədi imzalanıb. Bu, respublikamızın beynəlxalq mövqelərinin kifayət qədər güclənməsini şərtləndirib. Yaxud xarici borc probleminin həlli uğur­la reallaşdırılıb. Dövlətimizin başçısının müraciətində bu məsələ bütün aydınlığı ilə diqqətə çatdırılıb: “Xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Yəni, bizim valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 fa­izini təşkil edir. Bizə bəzən dərs verməyə can atan bəzi ölkələrdə bu, 100 faizdir, bəlkə də çox. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq...”.

Əlbəttə, vurğulanan belə bir məsələdə əldə edilən uğur təsadüfi deyil. Yuxarıda qeyd edildiyi kimi, bu məqsədə düşünülən uzunmüddətli strategiyanın həyata keçi­rilməsi sayəsində nail olunub. Xatırladaq ki, xarici borc probleminin həllində dövlət başçısı tərəfindən 2018-ci il 24 avqust tarixli sərəncamla təsdiqlənən “Azərbay­can Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Azərbaycan 2030: so­sial-iqtisadi inkişafa dair Milli Prioritetlər” mühüm rol oynayıb. Lakin ötən müddətdə koronavirus (COVID-19) pandemiyasının makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirindən, digər tərəfdən isə Vətən müharibəsində qazanılmış zəfər nəticə­sində işğaldan azad edilmiş bölgələrin bərpası və yenidən qurulması zərurətin­dən irəli gələn yeni sosial-iqtisadi çağırış­lar meydana gəlib. Bütün bunlar isə “Azər­baycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın yenilənməsini zəruri edib.

Daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar ba­zarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əy­risinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici bor­cun daxili borcla əvəzlənməsi istiqamə­tində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində 2022-ci ilin sonu ilə müqayisədə birbaşa daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 180,5 milyon manat məbləğində artmaqla ap­relin 1-nə 4 milyard 368,7 milyon manat təşkil edib.

Göründüyü kimi, Azərbaycan dövlət borcu sahəsində davamlı şəkildə müsbət göstəricilər əldə edir. Bu, vurğulandığı kimi, xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsinin, dövlət borcunun idarəsi üzrə strategiyanın uğurla gerçək­ləşdirilməsinin nəticəsidir.

Hüseynqulu QULİYEV,

iqtisadçı-ekspert

“Azərbaycan Respublikasında döv­lət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sı haqqında danışarkən, bir mühüm məqamı xüsusi qeyd etmək istərdim. Belə ki, adıçəkilən sənəddə istifadə olu­nan bir sıra makroiqtisadi göstəricilər, o cümlədən, ümumi daxili məhsul (ÜDM) və manatın ABŞ dollarına qarşı məzən­nə göstəriciləri ortamüddətli dövr üçün (2022–2025) qəbul edilmiş makrofiskal çərçivəyə əsaslanır.

Eyni zamanda, sözügedən stra­tegiyada dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji məqsədlərə çatmaq üçün bir sıra prioritet tədbir­lərin həyata keçirilməsi nəzərdə tutu­lur. Onlar sırasında 2022–2025-ci illər üzrə dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 2025-ci ilin sonunadək 20 faizdən aşağı səviyyədə saxlanılma­sı diqqət çəkir. Eyni zamanda, xarici dövlət borcunun ÜDM-ə nisbətinin 10 faizə çatdırılması uzunmüddətli hədəf kimi müəyyənləşdirilib və yenilənən strategiya həmin məqsədə çatmaq üçün 2025-ci ilədək həyata keçirilməli olan layihələri əhatə edir.

Yeri gəlmişkən, 2022–2025-ci illər üzrə yenilənən strategiyada ortamüd­dətli dövr ərzində dövlət büdcəsi qar­şısında makroiqtisadi sabitliyə xələl gətirilməməsi, büdcənin gəlir və xərc­lərinin ahəngdarlığının təmin edilməsi, habelə tədiyə balansının tarazlığının pozulmasının qarşısının alınması, Döv­lət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyinin qorunması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksi­yalarının (sosial təminat, səhiyyə, mü­dafiə, dövlət borcuna xidmət və s.) ma­liyyələşdirilməsi kimi bir sıra çağırışlar meydana gəlib. 

Onu da qeyd edim ki, 2022–2025-ci illər üzrə yenilənən strategiya çərçivə­sində xarici dövlət borcunun ÜDM-də payının 2025-ci ilin sonuna 15 faizdən aşağı səviyyədə saxlanılması, növbəti dövrdə (2025–2030) isə 10 faizə çat­dırılması qarşıya mühüm vəzifə kimi qoyulub. 

Yuxarıda adıçəkilən strategiyanın təsdiqləndiyi 2018-ci il iyulun 1-dən etibarən ümumi dövlət borc portfelində xarici valyutada olan borcun payı 94 fa­izdən 20 faiz azaldılaraq cari ilin əvvə­linə 74 faiz təşkil edib, müvafiq olaraq daxili valyutada olan borcun payı isə 6 faizdən 26 faizə qədər yüksəlib.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”



İqtisadiyyat