Qərb politoloqu: Zəngəzur dəhlizi Avropanı Körfəz regionu ilə birləşdirəcək dəmir yolunun əsası ola bilər

post-img

ABŞ-ın Hudson İnstitutunun aparıcı tədqiqatçısı, politoloq Lyuk Koffi Səudiyyə Ərəbistanının “Arabnews” nəşrində dərc etdirdiyi analitik məqaləsində Azərbaycanın, xüsusən Zəngəzur dəhlizinin Avropanı Körfəz regionu ilə birləşdirəcək Quru Kanal Dəhlizi, o cümlədən tarixi Berlin-Bağdad dəmir yolunun əsası ola biləcəyini yazıb.

AZƏRTAC xəbər verir ki, politoloq qeyd edib: “Körfəz ölkələri yaradıcı və iddialı düşüncə ilə hətta Türkiyəni Mərkəzi Asiya ilə birləşdirən sınaqdan keçmiş ticarət marşrutu olan Orta Dəhlizdən istifadə edərək Cənubi Qafqaz və Mərkəzi Asiya bazarlarına qoşulmaq üçün Quru Kanal dəhlizindən istifadə edə bilərdilər. Hazırda Orta Dəhlizdə bir əsas marşrut var və ikinci marşrutun planlaşdırılması aparılır.

Əsas marşrut Gürcüstan və Azərbaycandan keçməklə, Türkiyəni Xəzər dənizinə birləşdirir. Cəmi 100 kilometr eni olan bu kiçik ticarət dəhlizi Azərbaycanın ikinci ən böyük şəhəri və köhnə İpək yolu ticarət məntəqəsinin adını daşıyan “Gəncə qapısı” kimi tanınır. Hazırda bu marşrut boyunca əsas neft və qaz kəmərləri, fiber-optik kabellər, Bakı-Tbilisi-Qars dəmir yolu xətti mövcuddur.

“Gəncə qapısı”ndan əlavə, Körfəz regionunu Türkiyə, Ermənistan və Azərbaycan üzərindən Orta Asiyanın ürəyinə birləşdirəcək başqa bir nəqliyyat dəhlizi potensialı var. İkinci Qarabağ müharibəsinə son qoyan və Rusiya-Azərbaycan-Ermənistan arasında 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bir hissəsi kimi rəsmi İrəvan Ermənistanın Sünik vilayətindən keçməklə Azərbaycanı onun muxtar Naxçıvan bölgəsi ilə birləşdirəcək “nəqliyyat əlaqələrinin təhlükəsizliyinə” zəmanət verməyi öhdəsinə götürdü. Bu layihə çərçivəsində köhnə Qars-Gümrü-Naxçıvan-Meğri-Bakı dəmir yolu xəttinin modernləşdirilməsi və yenidən açılması ilə bağlı müzakirələr aparılır. Ümumiyyətlə “Zəngəzur dəhlizi” adlanan bu layihə həm Quru Kanal dəhlizi, həm də daha geniş Körfəz regionu ilə birləşdirilə bilən tranzit marşrutları və infrastruktur üçün geniş potensial təklif edir”.

Hələ ötən əsrin əvvəlində İstanbul vasitəsilə Berlini Bağdadla birləşdirəcək dəmir yolu xəttinin tikintisinə başlanıldığını diqqətə çatdıran politoloq qeyd edib: “O vaxtlar Almaniya ümid edirdi ki, dəmir yolu xətti Hamburq və Bəsrə liman şəhərlərini birləşdirəcək. Bu, Almaniyaya Britaniyanın bölgədəki nüfuzunu və gücünü sarsıtmağa imkan verəcək, eyni zamanda Berlinin Şərqi Afrikadakı müstəmləkələrini təmin etməyi asanlaşdıracaqdı. Həmin dövrdə maliyyə çətinliyi yaşayan türklər xarici investisiyaları və iqtisadi imkanları alqışladılar və Türkiyə liderləri də dəmir yolu xəttini Rusiyanın bölgədəki təsirini azaltmaq üçün bir yol kimi gördülər.

İstanbuldan ilk dəmir yolunun Bağdad Mərkəzi Stansiyasına çəkilməsindən səksən ildən çox vaxt keçdikdən sonra Türkiyə ilə İraqı dəmir yolu ilə birləşdirəcək başqa bir təklif meydana çıxıb. Quru Kanal Dəhlizi adlanan iddialı layihə 2038-ci ilə qədər İraqın cənub körfəzi sahillərini Aralıq dənizindəki türk limanları ilə birləşdirməyi nəzərdə tutur. Nəhayət məqsəd hazırda Bəsrədən 100 kilometr cənubda tikilməkdə olan “Grand Faw” limanını birləşdirən yeni dəmir yolu xətti və yol şəbəkəsinin tikintisi olacaq. Bundan əlavə, vaxtilə İraqın şimalındakı Mosul və Türkiyənin Qaziantep şəhəri arasında keçən dəmir yolu xəttinin yenidən açılması planları var. “Grand Faw”nun Yaxın Şərqin ən böyük limanı olacağı gözlənilir”.

Müəllif qeyd edib ki, Türkiyə üçün belə bir dəmir yolu əlaqəsinin faydaları çoxdur. Prezident Rəcəb Tayyib Ərdoğan Quru Kanal Dəhlizini “bölgəmizin yeni İpək yolu” adlandırıb. Son bir neçə onillikdə Türkiyə ticarət, tranzit və enerji üçün regional mərkəzə çevrilir. Onun Avropa və Asiyada yerləşməsi bir çox üstünlüklər vəd edir. Əsas gəmi yolları, neft və qaz boru kəmərləri, avtomobil yolları, dəmir yolu xətləri və fiber-optik kabellər Türkiyədən keçir. Təklif olunan Quru Kanal Dəhlizi Ankaranın regional ticarət mərkəzi kimi formalaşmasının sadəcə son nümunəsidir.

Türkiyə və Azərbaycanın logistika sahəsində təşəbbüslərinin Körfəz regionu üçün əhəmiyyətindən bəhs edən politoloq yazır: “Bölgəni Aralıq dənizi ilə birləşdirən dəmir yolu xətti yeni iqtisadi imkanlar təklif edə bilər. Körfəz Əməkdaşlıq Şurasının altı üzvünü dəmir yolu ilə birləşdirəcək “Körfəz Dəmir yolu” layihəsi nə vaxtsa reallığa çevrilərsə, qlobal ticarət üçün geniş imkanlar yaranacaq. Nəzəri olaraq, malların Omanın Əd-Duqm limanından həm Hörmüz boğazından, həm də Süveyş kanalından yan keçməklə Aralıq dənizinə daşınması mümkün olacaq”.

İqtisadiyyat